booked.net booked.net  

(HEKAYƏ)

...Müharibə təzə başlamışdı. Nərgizin həyat yoldaşı Nadir Ağdamdan idi, o yurdlarımızın firavan vaxtını görməsə də, ən böyük arzusu ermənilərlə döyüşmək idi. Döyüş əmri verilən kimi könüllü olaraq hərbi komissarlığa müraciət edib cəbhəyə getdi... Gedəndə isə Nərgizə demişdi ki, uşaqlar soruşsa, de ki, rayonda tikinti işi var, ora gedib, qayıdacaq.

 Artıq on gün olardı ağır döyüşlər gedirdi. Nərgiz isə son üç gündə Nadirlə danışa bilmirdi. Telefonu sönmüşdü. İki dəfə hərbi komissarlığa zəng  vurmuşdu, demişdilər ki, Nadirgilin kəşfiyyat bölməsi Xocavənd istiqamətində döyüşür, orda telefon tutmur. Amma Nadirlə eyni gün döyüşə getmiş qonşu İlhamın atası demişdi ki, onlar bir yerdədir, mühasirəyə düşüblər, hələki heç bir xıbər yoxdur. XXX

...Nərgiz qürurlu qadın idi, istənilən çətinliyə sinə gərən idi, amma Nadirsiz belə bir gərgin günlərə heç uyğunlaşa bilmirdi. Həm də Nadirdən ürək açmayan xıbər vardı deyə, özünə yer tapa bilmirdi. Çünki iki məktəbli qız övladlarını dərsə göndərmək, onları hazırlağa yola salmaq, qarşılamaq... Bunlar çox çətin idi. Amma birtəhər uyğunlaşmağa çalışırdı.

XXX 

Səhər qapı döyüldü. Nərgizin qulağı səsdə idi, Nadirdən xəbər gözləyirdi deyə, hər qapı tıqqıldayanda ürəyi az qala yerə düşürdü... Dərhal darvazaya tərəf qaçdı. Bu evi təzə almışdılar. Qapını açdı,  Qaz idarəsindən cavan bir oğlan idi. Qapını açanda oğlanın əlindəki siyahıya baxdı, -Eşidirəm, sizə kim lazımdır?-deyə soruşdu. Cavan oğlan əlindəki qaz borcu siyahısına baxa-baxa: -Bacı, yoldaşınız evdədir?-deyə xəbər aldı.

-Yox, nə lazımdır? 

-Bilirsiz, qaz xətləri təzələnir, danışmaq lazımdır... Mən bu iş üzrə mühəndisəm... Nə vaxt evdə olacaq?

Nərgiz ani olaraq duruxdu, qəhər onu boğdu, birtəhər özünü ələ aldı, müharibədədir, xəbər yoxdur deməyə dili gəlmədi:

-Ezamiyyətdədir, dəqiq bilmirəm nə vaxt gələcək...

-Gələn həftə gələr?

-Dedim ki, dəqiq bilmirəm. Telefon qoyun, gələndə sizə zəng edər...

Oğlan nəsə fikirləşib Nərgizdən bir də soruşdu:

-Bəlkə telefonunu verəsiniz, özüm zəng edim...

Nərgiz deyəsən çətin sual qarşısında qalmışdı. Dərindən ah çəkib oğlanın üzünə baxdı. 

-Buyurun, zəng edin: 05545565...

Mühəndis zəng vurdu, amma telefon bağlı idi.

-Xanım, telefonu bağlıdır... 

-Yaxşı, narahat olmayın, siz telefon qoyun, o özü sizə zəng vurar.
Oğlan öz nömrəsini kağıza yazıb verdi:

-Adım Rəsuldur... Xahiş edirəm, əlaqə yaradan kimi deyin zəng etsin. Biz mənzilə baxış keçirməliyik... 

-Narahat olmayın, çatdıraram...

Artıq iki həftə idi ki, mühəndis, bəzən də işçiləri qapını döyürdülər, lakin Nərgiz nə deyəcəyini bilmədiyindən açmırdı. Küçədə isə qaz idarəsinin işçiləri qazıntı işlərini yekunlaşdırıb üstünü asfaltlamışdılar. Qonşu evlərə də qaz çəkilişi başa çatmışdı. Lakin Nərgizgil bu həyətə müharibə başlayan ərəfədə köçdüklərindən mənzillərinə qaz çəkilişi yarımçıq qalmışdı... Və həyat yoldaşının müharibədə nə ölüsü bilinirdi, nə dirisi... Ona görə də o, uşaqları qonşuya tapşıraraq iki gündən bir Horadizdəki hospitala getməli olurdu...

XXX 

Bir aya yaxın vaxt ötürdü. Nərgiz bir az rahatlanmışdı, çünki daha qapını döyən yox idi... Elə bu barədə ürəyində götür-qoy etmişdi ki, birdən darvaza qapısı döyüldü. Bu qapıdöymə mühəndisinkinə oxşamırdı, o, əlindəki dəmir açarla qapını elə döyürdü, az qala bütün ətrafdakılar eşidirdi.

Dərhal qapıya yaxınlaşdı, açanda qonşuları Həsən müəllimi gördü:

-Qızım, siz evdə olmamısınız, nəzarətçilər gəlibmiş, bu məktubu bizə veriblər...

-Nə məktubdu, Həsən dayı?

-Üstünə baxdım, məhkəmədəndir...

-Məhkəmədən?

Nərgiz ani olaraq duruxdu, axı onların məhkəmədə nə işi ola bilərdi? Dərhal zərfi açdı. Həqiqətən də məhkəmədən idi... O, Həsən müəllimə təşəkkür edib evə qaçdı, zərfdəki məhkəməyə çağırış və iddia ərizəsi var idi. Qaz idarəsi iddia qaldırıb ki, mənzil sahibi qəsdən layihənin icrasına mane olduğundan barəsində İnzibati Xəta tədbiri görülsün. Eləcə də cərimə cəzası tətbiq olunmasını məhkəmədən xahiş ediblər. İdarə onlardan 10 min manat təzminat tələb edir...
XXX 
... Nərgiz məhkəmənin çağırış vərəqəsində yazılan gün qeyd edilən ünvanda oldu. Məhkəmə katibi tərəflərdən kimlərin gəlib-gəlmədiyini yoxladı. Hər iki tərəf gəlmişdi. Birdən hakim zala daxil oldu. Katib uca səslə "Qalxın, məhkəmə gəlir!"
Hamı ayağa qalxdı, hakim amiranə səslə "Əyləşin!" dedi.
Hakim iclası açıq elan etdi:
-Bu gün açıq məhkəmə iclaslnda iddiaçı qaz idarəsinin vətəndaş Nərgiz Həsənovaya qarşı mülki iddiasına baxılır. Vətəndaş Həsənova, Siz niyə dövlət idarəsinin rəsmi nümayəndəsinə qapını açmırslnız? Yəqin iddia ərizəsini oxumusunuz?

-Bəli, oxumuşam...

-Mühəndis neçə dəfə sizə xəbərdarlıq edib ki, bu dövlət layihəsidir, icra müddəti var, mənzilə baxış keçirilməlidir... Hətta siz mənzil sahibi, yəni mülkiyyətçi olan həyat yoldaşınızın telefon nömrəsini belə ona verməmisiniz... 

-Yox, vermişəm... 

-İddiaçının nümayəndəsi kimdir?

-Mənəm, möhtərəm hakim, elə mühəndisin özü... Xanım doğru demir, əvvəl bir nömrə verdi, zəng etdim, bağlı idi, sonra dəfələrlə mənzillərinə özüm, işçilərimiz baş çəkib, içəridən səs gəlib, amma qapını qəsdən açan olmayıb. Mənzilin 200 manat qaz borcu var, görünür onu ödəməmək üçün qəsdən qapını üzümüzə bağlayırdılar... Dəfələrlə xahiş etmişik, yoldaşı da gizlənir, üzə çıxmır...

Hakim cavabdehə səsləndi:
-Xanım, axı bu qanunsuzluqdur... Siz dövlət layihəsinin icrasına mane olmaqda günahlandırılırsınız. Özünüzü bu məsələdə günahkar bilirsinizmi?
Nərgiz əvvəlcə mühəndisə, sonra  hakimə baxdı. Nə deyəcəyini bilmirdi. Hakim isə ondan bəzi suallara cavab tələb edirdi. Nərgiz isə susub cavab verməyə özündə güc tapa bilmirdi. Onu daha çox həyat yoldaşını gizlətməkdə ittiham edirdilər. "Bir Allah bilir ki, Nadir müharibəyə gedib, sağ olmasından əlimizi də üzmüşük...", -deyə öz-özünə ani olaraq düşündü. ÜRəyindən qara qanlar axırdı, amma hələki dözürdü, qürurunu sındırmırdı, dözürdü... Birdən mobil telefonuna Müdafiə Nazirliyindən mesaj daxil oldu. O, bir ay idi həyat yoldaşından xəbər gözləyirdi. Onun hərbi hissədən olan yaralı döyüşçüləri Qubadlı döyüşlərində şəhid olduğunu demişdilər, amma həmin bölgədə şiddətli döyüşlər getdiyindən dəqiq məlumat yox idi. Artıq məlumat rəsmən təsdiqlənmişdi. Həyat yoldaşı qəhrəmancasına şəhid olmuşdur.

Mühəndisin sərt səsi onu telefondan ayırdı:

-Möhtərəm hakim, görürsünüz, vətəndaş məhkəmə iclasını da vecinə almır, telefonla qurdalanır, bu məhkəməyə hörmətsizlikdir...

Hakim Nərgizin əlindəki telefonuna baxdı, əlləri əsirdi... Birdən əlindəki telefon yerə düşdü... Hakim nə baş verdiyini əvvəlcə başa düşmədi, -Xanım, siz məhkəmə iclası gedə-gedı telefonla məşğul olursuz! bu da iddiaçını qəzəbləndirir... Axı... 

Nərgiz yanağından süzülən göz yaşını əlləri ilə silərək qəzəbli halda mühəndisə baxdı. Bu zaman mühəndis onun nifrət dolu baxışlarından əsəbləşərək: -Mənə niyə elə baxırsınız? İndi məhkəmə sizi cərimələyər, bilərsiniz qanun-qayda nədir... Xahiş edirəm, möhtərəm hakim, iddiamızı təmin edərək qanuni qərar qəbul edəsiniz...

 Hakim başını əlləri arasına alaraq ağlayan, amma göz yaşını gizlətməyə çalışan Nərgizi ayağa qaldırdı:

-Xanım, ağlamaqla iş bitmir, günahınız odur ki, siz hələ də evin mülkiyyətçisini, yəni həyat yoldaşınızı gizlədirsiniz. Hətta o, məhkəmə iclaslna da gəlmədi. Bu da məhkəməyə hörmətsizlikdir. Axı niyə özü gəlməyib sizi göndərib? Telefonu da bağlıdır, biz məhkəmə zalından indicə ona bir də zəng etdik, telefonu bağlıdır, belə hərəkəti necə qiymətləndirək? Artıq üçüncü iclasdır, iki dəfədir bizə söz verirsiz ki, iclasl təxirə salaq, yoldaşınız özü gələcək. Bu gün də gəlmədi. Mən artıq qərarımı elan edəcəyəm... Məhkəməyə sözünüz varmı?

Nərgiz yanağından süzülən göz yaşlarını silə-silə məğrur görkəmi ilə hakimə baxdı, amma heç nə deyə bilmədi...

Hakim onun bu halından pis olmuşdu, məcburən bir də soruşdu:

-Bilirsiz, mən sizi başa düşürəm, amma dəqiq bilsəm ki, yoldaşınız növbəti iclasa mütləq qələcək, bu dəfə də qərarı növbəti iclasa saxlayardım. Söz verirsinizmi ki, o növbəti məhkəmə iclasına gələcək?

Nərgiz başını qaldırıb mühəndisin yerindən dediyi atmacaya cavab vermək istədi. Amma fikrindən daşındı... Hakim bir də soruşdu:

-Xanım, sonuncu dəfə soruşuram: həyat yoldaşınızın növbəti iclasa gələcəyinə dair öhdəlik götürə bilərsinizmi?

Nərgiz düşünmədən dərhal: -Yox, cənab hakim! -deyə qəzəblə çevrilib mühəndisə baxdı. Bu zaman mühəndis əsəbi halda ayağa qalxdı:

-Möhtərəm hakim, görürsünüzmü, qəti şəkildə deyir ki, yox. Xahiş edirəm, qərarınızı verin...

Hakim pərt olmuşdu. Təkrarən sual verməli oldu:

-Xanım, mənim üçün çox maraqlıdır, yoldaşınız niyə məhkəmə iclasına gəlmək istəmir? Siz də qəti şəkildə dediniz ki, o, məhkəmə iclasına gəlməyəcək. Axı bu işdə mülki cavabdeh odur... Biz onun məhkəməyə məcburi qətirdilməsi barədə qərar verməli olacağıq. 

-Bilirəm, cavabdeh odur, amma... Siz onu məhkəməyə məcburi gətirdə bilməyəcəksiniz...

Hakim özündən çıxdı:

-Siz nə danışdığınızın fərqindəsinizmi? Ölkədə müharibə gedir, mən bunu da nəzərə alıram ki, insanlarda psixoloji narahatlıq var. Niyə axı Cavabdeh həyat yoldaşınız iclasa gəlmək istəmir? Səbəb nədir, deyin bilək...

Nərgiz özündə güc toplayıb bütün vücudu ilə qışqırmaq istədi, amma bunu etməyi özünə rəva görmədi... O, yavaşca hakimə tərəf gəldi, hakimlə göz-gözə dayandı... Ani sükut çökdü. Sonra astaca, sakit səslə dedi:

-Möhtərəm hakim, hörmətli mühəndis, mülki cavabdeh həyat yoldaşım məhkəmə iclasına heç bir vaxt gəlməyəcək... Çünki o, bayaq söylədiyiniz müharibədə dünən qəhrəmancasına şəhid olub!!!

Nərgiz bu sözü deyib yeyin addımlarla məhkəmə zalını tərk etdi... Məhkəmə zalında isə hamı donub qalmışdı... Hakim müşavirəyə getdi və bir neçə dəqiqə sonra hüzn içində zala daxil olub qərarını elan etdi:

-Məhkəmə qərara aldı: 1.İddia təmin edilməsin. 2.Vətəndaşın qaz idarəsinə olan 200 manat borcu məhkəmədə idarənin nümayəndəsi kimi çıxış edən mühəndisin maaşından tutularaq ödənilsin! 3.1 il ərzində ailənin qaz təminatı idarənin hesabına həyata keçirilsin... 

Hakim qərarı elan edəndən sonra nəmli gözlərini silərək zalı tərk etdi...

Asif MƏRZİLİ

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA