Tanınan olmasa da, aktrisa kimi təqdim edilən Aysel İbrahimova, ikinci dəfə ailə qurub. İkinci əri ilə olan və sosial şəbəkə hesabında paylaşdığı şəkilin altında belə yazıb: “Hər kəsdən deyil, dünənkindən daha yaxşı ol!”

P.S. Əlbəttə, dünənkindən indiki yaxşı olar. Amma sabahkını da unutma. Ömrün hələ qabaqdadır. Özün də hələ gəncsən, nə yaşın var ki? Bir neçə dəfə də belə evlənib, boşanandan, yəni bərkə-boşa düşüb-çıxandan sonra hansı ərin daha yaxşı olduğunu dərk edə biləcəksən. Bir şou əhli kimi, həyatı belə dərk etməkdə Allah yardımçın olsun.

Pin It

Müğənni Damla “Fatehin divanı” verlişində qonaq olarkən söylədiyi fikirlərin təhrif olunduğunu bildirib: “Müsahibəni dinləmədən, görmədən, paylaşılan xəbərin altını oxumadan haqqımda fikir bildirirlər. Haqqıma girin, hesabım məşhərə qalsın. Bir az vicdan, çox yox, bir az”.

P.S. Nə? Vicdan? Rəhmətliyin qızı, şou əhli hara, vicdan hara? Sən mənim canım güldürmə bizi. Hələ “Tarixi- Nadir”i yarıya qədər oxumuş hörmətli Şeyximiz Allahşükür Paşazadə sosial şəbəkələrdə “33 ildir Şeyxülislamam, hələ də vicdanın nə olduğunu bilmirəm” deyirsə, indi bu bisavad şou əhli hardan bilsin axı vicdan nədir?

***

Müğənni Röya Ayxan yaxın dostlarını toplayaraq evində qonaqlıq verib və bunun şəkillərini sosial şəbəkədə paylaşıb. İzləyicilər bu zaman Röyanın dördmərtəbəli, həm də çox dəbdəbəli villasını xüsusi qeyd ediblər.

P.S. Deməli, bir vaxt bloklarda peraşki satan, indi isə sənətindən çox, sosial şəbəkələrdə soyunub, lütlənməklə gündəmə gələn Röya Ayxanın dördmərtəbəli və dəbdəbəli villası varmış. Neynək, qoy olsun. Hər bir müqayisə qüsurlu olsa da, deməyə məcburam. Yaxşı bilirik ki, xeyriyyəçi Zeynalabdin Tağıyev vaxtı ilə çiyninə salıb yük daşıdığı palanı villasının girişindən asmışdı ki, keçmişini unutmasın. İndi maraqlıdır, Röya Ayxan o dördmərtəbəli və dəbdəbəli villasının girişindən peraşki şəkli, ya da büstqalterini asıbmı ki, bu iki şeyin hesabına məşhur olduğunu unutmasın?

***

Xəbər verilir ki, “Məşğulluq haqqında” qanuna dəyişiklik edilib. Yeni qanuna görə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən peşə hazırlığı kurslarına cəlb olunduqları dövrdə, minimum aylıq əmək haqqı məbləğində təqaüd veriləcək.

P.S. Day denən nazir Sahil Babayevin kefinə soğan doğranıb ki. Kişinin oğlu neçə vaxtdır əli-ayağı olmayanların təqaüdünü kəsib “n” qədər pula qənaət etməsi ilə öyünürdü. İndi isə “n” qədər pul pay torpağı olub, məşğulluğu olmayanlara da veriləcək. Belə məşğulluğu olmayanlar isə, yenə də “n” qədərdir. Pensiya, təqaüd, sosial yardım kəsmək üzrə ixtisaslaşmış nazir Sahil Babayev bu təqaüdü də işsizlərə verməmək üçün yəqin bir üsul fikirləşib, icad edəcək...

***

Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfərinə Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində belə reaksiya verib: “Əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə”. V.Pekres isə, ermənilərə verdiyi yaxasını cırır ki, Azərbaycan Prezidenti onu təhqir edib və guya ondan üzr istəməlidir.

P.S. Allah vurmuşdu səni. Belə yerdə deyiblər e, “utanmasan oynamağa nə var?”. Özgə torpağına oğurluq yolla gəldiyinə görə, ayıbına kor olub, oturmaq əvəzinə, bu prezidentliyə namizəd əməlli-başlı qatıq sevgisini ortaya qoyaraq, hoppanıb, düşür. Bu əyrəmçə xanım Pekresin boğazına perekis tökmək lazımdır ki, erməni pulu boğazından qaynayaraq yerə tökülsün. Özü də oradan hoppanıb... düşsün pulsuz erməninin qucağına. Onda görək bu həyasız Pekres bir də hoppanıb Qarabağa düşə biləcəkmi?

***

Hazırda məhkəməsi gedən “İdeal Kompani MMC”nin qurucusu və keçmiş sahibi İlham  İsmayılov 680 min manata yaxın pul vəsaitini mənimsəməkdə günahlandırılır. İ.İsmayılov AZAL prezidenti Cahangir Əsgərovun sifarişi ilə həbs olunduğunu bildirir və belə bir sual edir: “Külli miqdarda yeyinti, maliyyə maxinasiyası, dövlətdən alınan dotasiyaların mənimsənilməsi ilə bağlı bu qədər informasiyanın olmasına rəğmən, Cahangir Əsgərova toxunulmazlıq verən kimdir?”

P.S. Deyilənə görə, Cahangir Əsgərova bu sualı çatdırıblar və o da belə deyib: “Danışır nə bu? Tebe şto toxunmadı mənə kim? Sən vzyal 680 min, mən beru milyonami. Vot po etomu kim toxunmadı mənə. No tı toje milyonami alardın, bizə də verərdin, toqda bıl bı na azadlıqda. Sən heç milyon da ala bilmədin və etdin pazor bizləri. Vot za eto indi cavab ver. Priçyom zdes mən? Mənə yox dəxli bunun. Vot tebe na!”.

***

Hərbçilərimizi dilə gətirilməsi mümkün olmayan sözlərlə söyüb, təhqir edən prodüsser Tolikin (Tarix Əliyev) niyə cəzalandırılmaması çox ciddi suallar doğurur. Bu qatıqlamasına görə, üstünə bütün cəmiyyətin gəldiyini görüb, təcili hərbçilərdən üzr istəyərək, dal “skorosta” verməsi, əlbəttə, Toliki bu cinayətdən sığortalamır.

P.S. Əlbəttə, belə söyüş və təhqirlərin ictimailəşməsi, insanın şərəf və ləyaqətinin birbaşa təhqiridir ki, bu da Azərbaycan Respublikası CPM 147 və 148-ci maddələrində açıq göstərilir. Bəs onda bu qədər hərbçinin şərəf və ləyaqətini alçaldan, hərbçilərin işgüzar nüfuzuna ciddi ziyan vuran Tolik nəyə görə cəzalandırılmır, həəə?! Yəqin oriyentasiyası şübhə doğurduğuna görə, cəza tətbiq olunmur. Yəqin bu səbəbdən də onun kişi kimi söyüş söyməsi qadın söyüşü kimi qəbul edilib və əhəmiyyət verməyiblər.

***

Müğənni Xatirə İslam sosial şəbəkədə, başında qara şlyapa, əynində qara paltar, lakin sinəsi və baldırı açıq olan şəklini paylaşıb ki, bunu da izləyicilər babat tənqid ediblər. Məsələn belə: “Aygün Kazımova kimi etmək istəmisiniz, amma alınmayıb”, “Aygün Kazımova edib axı bunu” və s.

P.S. Bunu yazanlar Xatirə İslamın paxıllığını çəkənlərdir. Nöşün ki, əgər 50 yaşlı Aygün Kazımova soyunub sinəsini və baldırını çöldə qoya bilirsə, ondan 9 yaş kiçik olan, 41 yaşı hələ yanvarın 29-da tamam olacaq Xatirə İslam soyunub, sinəsini və baldırlarını niyə göstərməsin? Onsuz da, hər ikisinin elə də ciddi bir sənəti yoxdur. Qoyun heç olmasa, soyunmaqla gündəmdə qalsınlar dəə... Özü də xahiş edirəm, “zər qədrini zərgər bilər” məsəlinə əməl edib, hər ikisinin göstərilən açıq yerlərinə  kişilər qiymət versin. Xanımlar paxıllıqdan obyektiv qiymət verə bilməyəcəklər.

 

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

Xəbər verilir ki, Almaniyalı super model, aktrisa və teleaparıcı, 48 yaşlı Haydi Klum açıq-saçıq şəkillərini paylaşıb və bu şəklə gələn 50 minə yaxın rəyin əksəriyyəti tənqidlər olub. Məsələn belə: “Bu yaşda olan xanımlar belə davranmağı dayandırmalıdır”, “48 yaşlı xanım alt paltarı geyinmir”, “İyrənc görünür” və s.

P.S. Sən öləsən mən bu almanları heç belə geri qalmış, “çuşka” bilməzdim. Rəhmətliyin uşağı, bizdə 50 yaşlı Aygün Kazımovanı az qala lütlənib çəkdirdiyi şəkillərə görə nəinki qınayırlar, hətta ağızlarının suyunu axıdanlar da var. Hələ bu harasıdır? 64 yaşlı elitstar Cəmilə (Cəmilə Bayramova) çəkdirdiyi açıq-saçıq şəkilləri ilə, “bu yaşda soyunan qadın kimi” az qala “Ginnesin rekordlar kitabı”na düşəcək. Qınamaq nədi? Bizdə belə soyunmuş ağbirçəklərə böyük hörmət, izzət var mən ölüm.

***

Pin It

Üçü birində, bəstəkar, şairə, müğənni və hər üçündən də alayarımçıq olan Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olmaq istəyir və üzvlük haqqı kimi 15 manat əvəzinə 150 manat ödəməyə də hazır olduğunu bildirib. AYB-nin sədri yazıçı Anar isə belə cavab verib: “Artıq pul bizə lazım deyil. Elza Seyidcahanın AYB-ə üzv olması məsələsinə qəbul komissiyası baxacaq. Bu komissiyaya da şair Səlim Babullaoğlu rəhbərlik edir. Elza xanım da həmin komissiyaya müraciət etsin”.

P.S. Mən inanıram ki, Elza Seyidcahan AYB-ə üzv seçiləcək. Əgər AYB-də üzvlük komissiyasına cəmiyyətdə şair kimi qətiyyən tanınmayan Səlim Babullaoğlu rəhbərlik edirsə, deməli, Elza xanım mütləq AYB-ə üzv qəbul ediləcək. Necə deyərlər, “su axar, çuxuru tapar”. Yəni AYB-nin özü elə Elza Seyidcahanın günündədir.

Pin It

...Türkdilli qardaş qazax xalqının da öz içlərindən Mustafa Kamal Atatürk kimi bir lider mütləq çıxacaq və onun sayəsində rusların ayağını qədim türk torpağından birdəfəlik kəsəcəklər...

...2022-ci ilin ilk günləri heç də xoş olmayan hadisə ilə başladı. Qardaş Qazaxıstanda baş verən faciə hər birimizin ürəyini ağrıdır. Bu ağrı bir az da ona görə artır ki, faciəni törədən ruslardır. Qazın qiymətinin qalxması ilə başlayan etiraz dalğası bir az da genişlənərək, bütün Qazaxıstanı bürüdü. Qazaxıstanın prezidenti Kasım-Comərd Tokayevin rusları ölkəsinə dəvət edən qərara imza atmaqla, ölkə tarixində ən qara ləkəli əməllə  yadda qalacağı şübhəsizdir. Bunun adı artıq comərdlik yox, namərdlikdir. Özünün hər cür resursları ola-ola Rusiyanı köməyə çağırması ilə qazax xalqının faciəsinə səbəbkar oldu. Ordu və polis xalqin tərəfinə keçdisə, deməli, sən də istefa verib xalqın tərəfinə keçməliydin. Axı vəzifə nə qədər şirin imiş ki, istefa vermək əvəzinə xalqının qırğınına səbəb olasan?

Prezidentin dediyi kimi, bu etirazçılar heç də qonşu ölkələrdə hazırlanmış terrorçular deyildi. Belə “terrorçu”lardan birini döyüb, boynuna qoyaraq, kamera qarşısında danışdırırlar ki, Qırğızıstandan pul müqabilində Qazaxıstana gəlib. Bu döyülüb, terrorçu kimi təqdim edilən isə Qırğızıstanın tanınmış caz Pionisti Vikram Ruzoxunovdur. Bu musiqiçi Qazaxıstana konsert vermək məqsədilə gəlib və təsadüfən lazım olmayan anda lazımsız yerdə olub. Ona görə də Qırğızıstan hökuməti Qazaxıstana nota verib. Özü də o Qırğızıstan hökuməti ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi Qazaxıstana əsgər yox, həkim göndərəcəyini bildirmişdi. Axı bu prezident Comərd niyə mərdi qova-qova namərd edir?

KTMT-nın hazırkı rəhbəri isə, 44 günlük döyüşdə Azərbaycana uduzmuş Ermənistanın baş naziri Nikol Paşinyandır. Nə qədər qəribə olsa da, N.Paşinyan da KTMT-nın tərkibində Qazaxıstana qanunsuz olaraq soxulan rus qoşunlarının sırasına 70 erməni əsgərini də göndərib. Bu, olduqca karikatur mənzərədir. Hətta sosial şəbəkələrdə ermənilər özləri belə buna lağ edib, gülürlər. Belə ermənilərdən birinin fikri olduqca maraqlıdır: “Necə yəni Qazaxıstana əsgər göndəririk? O hansı ordunun əsgəridir? Bizdə ordu var? Biz yenilmiş bir dövlətik. Bu nə gülməli qərardır?”

Doğrudan da olduqca gülməlidir. Amma daha çox gülməlisi isə, bu 70 nəfər əsgərin içərisində erməni qızlarının da olmasıdır.  Bildiyimiz kimi, çətinə düşəndə ermənilərin öz qızlarından siyasi silah kimi istifadə etməsinin kökü çox qədimlərə gedib çıxır. Ermənilər bu “ağır döyüş” silahdan həmişə uğurla istifadə ediblər və xeyrini də görüblər. Ona görə də Qazaxıstana göndərilən əsgərlərin arasında hərbi formada erməni qızları da var. Əgər ermənilər qədim adət-ənənəsinə sadiq qalaraq, qızlarını Qazaxıstana göndəriblərsə, deməli, qazax xalqı hələ bundan da betər faciələr yaşayacaq. Sual olunur, qan tökülən yerdə qızların nə ölümü var? Elə sosial şəbəkələri izləsək Ermənistanın özlərini belə biabırçı günə salmasının doğurduğu gülüşləri, ironiyaları, satirik yanaşmaları rahat görmək olar. Belə çıxır ki, Ermənistanda daha kişi çatışmazlığı var və ona görə də qızları dövriyəyə buraxıblar. Eybi yox, erməni qızları yəqin ki, öz işlərini yaxşı bilirlər. Qoy işləsinlər və necə deyərlər, həmişə iş başında...

***

Bu biabırçılığın da səbəbkarı yenə Qazaxıstan prezidenti Kasım-Comərd Tokayevdir. Ruslar SSRİ dağılandan sonra Qazaxıstana girmək üçün min-bir bəhanə axtarırdılar. Həqiqət naminə demək olar ki, 30 illik hakimiyəti dövründə Nursultan Nazarbayev bu bəhanəni onlara verməmişdi. Bildiyimiz kimi, SSRİ dağılanda rusların yaratdığı Azərbaycanda Qarabağ, Moldovada Dinestiryanı, Gürcüstanda Asetiya və Abxazya, Ukraynada Donbas və Luqansk kimi münaqişə ocaqları vardı... Qazaxıstanda isə, bu problemi yaratmağa Nursultan Nazarbayev uzaq görən siyasəti ilə mane oldu. Astanada rusların çoxluq təşkil etdiyini və bir gün ayağa qalxacağını təxmin edən N.Nazarbayev Qırğızıstana yaxın paytaxt Alma-Atanı Rusiyaya yaxın olan Astanaya köçürdü. Bununla da kürəyini etibarlı türkə söykəyib, üzünü etibarsız rusa tutaraq, Qazaxıstan xalqı qarşısında çox böyük tarixi qələbəyə imza atdı və alışacaq  ocağın qarşısını aldı. Daha sonra qazax dilinin inkişaf etdirilməsi, demoqrafik göstəricinin qazaxların xeyrinə dəyişməsini, latın əlifbasına keçməyə qərar verməsini təmin etməsi N.Nazarbayevin çox böyük tarixi xidmətləridir. Ancaq bütün bu olanlara istefa verib Kasım-Comərd Tokayevi yerinə qoymaqla kölgə saldı. Düzdür, son vaxtlar Türk Dövlətləri Birliyinin yaradılması yolunda R.T.Ərdoğanla birlikdə N.Nazarbayevin də böyük xidmətləri oldu. Elə o vaxtı da haqlı olaraq deyilirdi ki, Rusiya bunu bağışlamayacaq və bağışlamadı da. Fürsət düşən kimi Turan Dövlətinin yaradılmasının əsas sütunlarından biri olan Qazaxıstanı ən ağır şəkildə cəzalandırdı. Biz buna ancaq təəssüf edə bilərik. Qazax xalqının toparlanıb, vahid yumruq kimi birləşməsi yadelli işğalçıları vətənlərindən qovmasına səbəb ola bilər. Amma çox təəssüf ki, qazax xalqının ətrafında birləşəcəyi elə bir lider hələ ki, görünmür.

Bu gün qardaş Qazaxıstan qan gölündə çabalayır və bundan da türk düşmənləri məharətlə istifadə edir. Biz bu ağrını 1990-cı ilin 20 yanvarında, sonra Xocalıda və Qarabağda yaşamışıq. Elə ona görə də ermənilər sosial şəbəkələrdə “Qazaxlara ikinci Xocalını yaşadacağıq” kimi paylaşımlar edirlər. Çox istərdik ki, onların arzusu gözlərində qalsın. Ancaq nə qədər ki, vətənini, dövlət müstəqilliyini ruslara satmağa hazır olan Kasım-Comərd Tokayev kimilər var, onda qazaxlar hələ bu zülmü və ağrını çox yaşayacaq. Tarixdən o da məlumdur ki, hər bir xalqın içindən, belə çətin məqamlarda mütləq bir lider yetişir və onun ətrafında birləşən xalq yadellilərə qarşı qəhrəmancasına döyüşür. Buna misal kimi Mustafa Kamal Atatürkü göstərmək kifayətdir. Türkdilli qardaş qazax xalqının da, öz içlərindən mütləq bir Mustafa Kamal Atatürk kimi lider çıxacaq və onun sayəsində sülhməramlı adı ilə gəlib qan tökən rusların ayağını qədim türk torpağından birdəfəlik kəsəcəklər.

Elçin MƏMMƏDLİ  

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN