21 Avqust 2026 / 19:12

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün yeni dəstək paketini açıqladı

İqtisadiyyat nazirinin müavini Azər Bayramov Masallı şəhərində Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.

Təzadlar.az xəbər verir ki, tədbirdə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasətə uyğun olaraq sahibkarların investisiya və istehsal fəaliyyətinin təşviqi, regionlarda iqtisadi aktivliyin artırılması məqsədilə dövlət dəstəyi tədbirlərinin əhatə dairəsi genişləndirilir və yeni mexanizmlər tətbiq olunur. Sahibkarlar yaradılmış əlverişli biznes mühitindən fəal yararlanmağa, yeni təşəbbüslərini reallaşdırmağa dəvət ediliblər.

Qeyd olunub ki, Lənkəran-Astara iqtisadi rayonunun mövcud iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, xüsusilə sənaye sahələrinin inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarının emalı və sənaye istehsalının genişləndirilməsi, əlavə dəyər yaradan və ixracyönümlü istehsal sahələrinin yaradılması regionun iqtisadi inkişafına mühüm töhfə verə bilər.

Görüş çərçivəsində biznesə yeni dövlət dəstəyi mexanizmlərinin tətbiqi və genişləndirilməsi, həmçinin sənaye və investisiya layihələrinin təşviqi imkanları ilə bağlı təqdimat keçirilib.

İxracda daşıma xərclərinin kompensasiyası üzrə: Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı çəkilən daşıma xərclərinin 70 %-ə qədərini dövlət qarşılayacaq. Sahibkarlara ödəniləcək dəstəyin məbləği ixracda istifadə olunacaq nəqliyyatın növünə görə nəqliyyat xərci və gömrük dəyəri əsasında müəyyən ediləcək. Yeni mexanizm bu ilin sentyabrın 1-dən etibarən 10 il müddətində tətbiq ediləcək və yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına, logistika xərclərinin azaldılmasına, ixrac coğrafiyasının genişləndirilməsinə xidmət edəcək.

Gömrük rəsmiləşdirmə xərcləri kompensasiyası üzrə: Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ixracının genişlənməsi məqsədilə gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsini dövlət qarşılayacaq. Dəstəkdən mikro, kiçik və orta sahibkarlıq subyektləri olan ixracatçılar yararlana biləcəklər. Bu ilin sentyabrın 1-dən tətbiq olunacaq mexanizm 5 il müddətində qüvvədə olacaq.

Kreditlərə təminat və faiz subsidiyası mexanizminin təkmilləşdirilməsi üzrə: Sahibkarların maliyyələşmə imkanlarını artırmaq, xüsusilə investisiya layihələrinin həyata keçirilməsi prosesini asanlaşdırmaq məqsədilə kredit zəmanəti və faiz subsidiyası mexanizmi vahid yanaşma əsasında daha çevik və operativ şəkildə tətbiq olunacaq. Bu mexanizmə əsasən, sahibkarlara kredit faizlərinin 50 %-i qədər subsidiya verilir. Subsidiya Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər ərazilərində tətbiq edilir.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə verilən kreditlərin əsas borcunun 90 %-ə qədər, digər regionlarda isə (Bakı və Abşeron istisna olmaqla) 50 %-ə qədər hissəsinə dövlət zəmanəti təqdim olunacaq. Yeni dəstək mexanizmi regionlarda investisiya fəallığının artmasına, sahibkarların maliyyə yükünün azalmasına və qeyri-neft-qaz sektorunun inkişafına əlavə stimul verəcək.

Sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulması mexanizmi üzrə: 2027-2030-cu illərdə tətbiq olunacaq mexanizmə əsasən, yeni sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulması zamanı sahibkarın ödədiyi qoşulma haqqının 50 %-ni dövlət qarşılayacaq.

Strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrası üzrə: Strateji investisiya layihələrinin daha operativ reallaşdırılması və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə yaradılmış Komissiya iri layihələrin vahid pəncərə prinsipi ilə sürətləndirilmiş qaydada icrasını təmin edəcək. Yeni yanaşmanın layihələrin icra müddətini təxminən 30-40% qısaltması gözlənilir.

Bu mexanizmlərin sahibkarların maliyyə yükünün azaldılması, yeni investisiyaların təşviqi, istehsalın genişləndirilməsi, ixracın stimullaşdırılması və regionlarda iqtisadi fəallığın artırılmasına mühüm imkanlar yaratdığı vurğulanıb.

Görüşdə Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarların təklif və təşəbbüsləri dinlənilib, onları maraqlandıran məsələlərə dair suallar cavablandırılıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov yeni dövlət dəstəyi mexanizmlərinin və sahibkarlarla keçirilən bu cür görüşlərin regionda biznes fəallığının artırılması baxımından mühüm rol oynadığını qeyd edib.

Səfər çərçivəsində Masallı Sənaye Məhəlləsində rezidentlərlə də görüş keçirilib, sahibkarların həyata keçirdikləri layihələrlə tanışlıq olub, onları maraqlandıran məsələlər müzakirə edilib.

Masallı Sənaye Məhəlləsi regionda sənaye və sahibkarlıq fəaliyyətinin inkişafının, yeni istehsal sahələrinin yaradılmasının, məşğulluğun artırılmasının dəstəklənməsi məqsədilə yaradılıb. 10 ha sahəni əhatə edən Məhəllə əlavə dəyər yaradan istehsalın genişləndirilməsi və Lənkəran-Astara iqtisadi rayonunun sənaye potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. 2018-ci ildən fəaliyyət göstərən sənaye məhəlləsində sahibkarların fəaliyyəti üçün zəruri infrastruktur imkanları yaradılıb, müxtəlif istehsal və emal layihələri həyata keçirilir. Burada plastik tara, mebel, tikinti materialları və digər məhsullar istehsal edilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!