5 Avqust 2026 / 12:11

İsrail səhər azanının oxunmasına icazə vermədi

İsrail ordusu işğal altındakı Şərqi Qüdsdəki Qalandiya Qaçqın Düşərgəsinə və Kafr Aqab şəhərinə genişmiqyaslı basqın həyata keçirərək düşərgədəki məscidlərdə səhər azanının oxunmasına mane olub.

Tezadlar.az xəbər verir ki, Qüds Qubernatorluğunun açıqlamasına görə, İsrail əsgərləri səhər tezdən çoxsaylı hərbi texnika ilə Şərqi Qüdsün şimalındakı Qalandiya Qaçqın Düşərgəsinə və Kəfr Aqab şəhərinə basqın ediblər.

Hərbi texnikanın sıx şəkildə yerləşdirildiyi Kəfr Aqabda komendant saatı tətbiq edilib, Qalandiyadakı məscidlərdə isə səhər azanının oxunmasına icazə verilməyib.

İsrail ordusunun bəzi sakinlərə göndərdiyi mesajlarda “düşərgədə genişmiqyaslı hərbi əməliyyatın başladığı” bildirilib.

Bundan əlavə, 2018-ci ildə Qalandiya Qaçqın Düşərgəsində İsrail qüvvələri tərəfindən öldürülən Leyt Şuaninin atası da saxlanılıb.

Bu arada, İsrail hərbi maşını düşərgənin yaxınlığında bir fələstinli gənci vurub. Gəncin sağlamlıq vəziyyəti ilə bağlı hələlik heç bir məlumat paylaşılmayıb.

İsrail 2023-cü ilin oktyabr ayında Qəzza zolağına hücuma başlayandan bəri işğal olunmuş Qərb Şəriyəsində və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb.

Fələstin rəsmi məlumatlarına görə, bu dövrdə Qərb Şəriyədə İsrail ordusu və Fələstin torpaqlarını ələ keçirən israillilərin hücumları nəticəsində 1182-dən çox fələstinli öldürülüb, təxminən 13000 nəfər yaralanıb, təxminən 24000 fələstinli isə saxlanılıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!