Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyəti 14-15 mayda İstanbul və İzmir şəhərlərində görüşlərini davam etdirib.
Tezadlar.az xəbər verir ki, səfər Azərbaycan Respublikasının Türkiyədəki Ticarət Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə baş tutub.
Nümayəndə heyətinin tərkibində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev, Azərbaycan iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov və Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev yer alıb.
Səfər proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti İstanbul vilayətinin rəhbəri Davut Gül və İzmir vilayət rəhbərinin müavini Nusret Şahin ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Həmçinin İstanbul Sənaye Palatası İdarə Heyətinin sədri Erdal Bahçıvan və Ege Bölgəsi Sənaye Palatası İdarə Heyətinin sədri Ender Yorgancı ilə görüşlər keçirilib.
Sözügedən palatalarda “Azərbaycan investisiya imkanları: Naxçıvan bölgəsinin strateji potensialı” mövzusunda məlumatlandırıcı tədbirlər təşkil olunub.
Sözügedən tədbirlərdə çıxış edən Kazım Hüseynəliyev və Tamerlan Tağıyev Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişafı, Naxçıvanın strateji mövqeyi, investisiya və ixrac potensialı, investorlar üçün yaradılan güzəştlər və yeni imkanlar barədə məlumat veriblər.
Həmçinin Zəngəzur dəhlizi və yeni logistika imkanlarının iki ölkənin iqtisadi inkişafına töhfə verəcəyi qeyd edilib.
Bununla yanaşı, tədbirlər çərçivəsində “Azərbaycana investisiya: təşviqlər və dəstək mexanizmləri”, eləcə də “Naxçıvan bölgəsinin strateji üstünlükləri”, “Naxçıvanda tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştləri” barədə təqdimatlar keçirilib.
Türkiyəli iş adamları ilə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.