Lotereyanın mahiyyəti nədir? İnsanların ümidini pula çevirmək? Yoxsa həmin pulu yenidən cəmiyyətə qaytarmaq?
Bu sualın cavabı ölkədən ölkəyə dəyişir.
Azərbaycanda Azərlotereya 2001-ci ildə yaradılıb. 2021-ci ildən onun idarəetmə hüququ Türkiyənin Demirören Holding və İtaliyanın IGT (International Game Technology) şirkətlərinin birgə müəssisəsi olan YMT Sans B.V.-yə uzunmüddətli müqavilə ilə verildi. Bundan sonra bazar sürətlə böyüdü. “Poz-Qazan” oyunları, müxtəlif tirajlı lotereyalar və reklam kampaniyaları görünməmiş səviyyəyə çatdı.
Bu gün televiziya açırsan – Azərlotereya.
İnternetə girirsən – Azərlotereya.
Sosial şəbəkələrdə gəzişirsən – yenə Azərlotereya.
İnsanlara hər gün eyni mesaj verilir:
“Bəlkə sabah milyonçu olacaqsan.”
Rəsmi maliyyə hesabatına görə, “Azərlotereya”nın 2025-ci ildə satış gəlirləri 373,7 milyon manat olub. Bu, kifayət qədər böyük rəqəmdir.
Amma əsas məsələ rəqəmin özü deyil. Əsas məsələ həmin pulların son taleyidir. Bu suala cavab tapmaq üçün İsveçrəyə baxmaq kifayətdir.
İsveçrədə fəaliyyət göstərən Swisslos 2025-ci ildə 562 milyon İsveçrə frankı xalis mənfəət əldə edib.
Bu pulun taleyi əvvəlcədən qanunla müəyyən edilib. O, heç bir səhmdarın şəxsi gəlirinə çevrilmir. Əksinə, kantonlara bölüşdürülür və mədəniyyətə, idmana, gənclər siyasətinə, teatrların, muzeylərin və sosial layihələrin maliyyələşdirilməsinə yönəldilir. Yəni insan lotereyada uduza bilər. Amma cəmiyyət uduzmur.
Eyni fəlsəfə Finlandiyanın Veikkaus, Böyük Britaniyanın National Lottery və EuroMillions sistemlərində də mövcuddur.
Onların hamısının əsas prinsipi birdir: İnsanlardan toplanan vəsait yenidən insanlara qaytarılır. Azərbaycanda isə başqa mənzərə yaranır.
Lotereyanın əsas müştərisi varlı insanlar deyil. Əksinə, ən çox bilet alanlar maddi çətinlik içində yaşayan, həyatını dəyişmək ümidi ilə son pullarını riskə atan insanlardır.
İqtisadçılar təsadüfən lotereyanı “hope tax” – “ümid vergisi” adlandırmayıblar. Çünki bu sistemi ən çox maliyyələşdirən məhz aşağı gəlirli təbəqədir.
Kimsə maaşının son on manatını xərcləyir. Kimsə pensiyasından ayırır. Kimsə uşağının cib xərcliyindən kəsib bilet alır.
Çünki ona hər gün eyni arzu satılır: “Bəlkə bu dəfə həyatın dəyişəcək.”
Məhz buna görə lotereya adi biznes deyil. Bu, sosial məsuliyyət tələb edən sahədir.
Əgər bu sahə insanların ümidindən gəlir əldə edirsə, həmin gəlirin əhəmiyyətli hissəsi də yenidən insanlara qayıtmalıdır.
İsveçrə bunu edir. Finlandiya bunu edir. Böyük Britaniya bunu edir. Azərbaycan niyə etməsin?
Məncə, artıq ciddi müzakirənin vaxtıdır.
Azərlotereyanın idarəetmə modeli yenidən nəzərdən keçirilməlidir. Dövlət bu sahə üzərində daha güclü nəzarət mexanizmi qurmalı və zəruri hesab edilərsə, milliləşdirmə variantını da müzakirəyə çıxarmalıdır. Lakin əsas məsələ təkcə mülkiyyət deyil. Əsas məsələ prinsiplərdir.
Qanunla müəyyən edilməlidir ki, lotereyadan əldə olunan mənfəətin mühüm hissəsi təhsilə, elmə, mədəniyyətə, idmana, əlillərin dəstəklənməsinə, uşaq proqramlarına və sosial layihələrə yönəldilsin. İnsanlar uduzanda belə, cəmiyyət qazansın. Çünki dövlət vətəndaşın ümidindən qazanc əldə edirsə, o ümidin bir hissəsini də yenidən vətəndaşa qaytarmalıdır.
Bəlkə də inkişaf etmiş ölkələrlə bizim aramızdakı ən böyük fərq elə budur. İsveçrədə insanlar lotereya bileti alarkən düşünürlər: “Uduzsam da, pulum yaşadığım cəmiyyətə xidmət edəcək.”
Azərbaycanda isə insanların çoxu yalnız bir cümlə ilə yaşayır: “Bəlkə bu dəfə mənim həyatım dəyişər.”
Bu iki cümlə arasındakı fərq təkcə lotereyanın deyil, dövlət idarəçiliyi fəlsəfəsinin də fərqidir…
Elbəyi HƏSƏNLİ,
İsveçrə