Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rahat ödəniş dövrü başa çatır?
Bu gedişlə sabah bir qərar da çıxarsalar, heç təəccüblənmərik: “5 saniyədən artıq dərin nəfəs almaq qadağan edilsin”
Son günlər kartdan karta pul köçürmələri ilə bağlı tətbiq edilən yeni limitlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Məlumata görə, yeni qaydalara əsasən, gün ərzində kartdan-karta maksimum 5 dəfə köçürmə etmək və maksimum 5 dəfə köçürmə qəbul etmək mümkündür. Aylıq ümumi köçürmə limiti isə 20 min manat olaraq müəyyənləşdirilib. Yalnız şəxsin özünə məxsus bank kartları arasında aparılan köçürmələr bu məhdudiyyətlərdən kənarda saxlanılıb.
Məsələyə münasibət bildirən ekspertlər hesab edirlər ki, bu qərarın həm müsbət, həm də mənfi tərəfləri var. Onların fikrincə, yeni qaydalar posterminallarla ödənişlərin artmasına, vergi daxilolmalarının yüksəlməsinə, dövlətin qeyri-rəsmi maliyyə dövriyyəsinə nəzarətinin güclənməsinə, həmçinin dələduzluq və müxtəlif maliyyə sxemlərinin qarşısının alınmasına kömək edə bilər. Lakin digər tərəfdən, bu qərarın gündəlik həyatda sadə vətəndaşlara müəyyən çətinliklər yaradacağı da istisna edilmir. Məsələn, valideynin tələbə övladına gün ərzində bir neçə dəfə vəsait göndərməsi, ailədaxili borcların qaytarılması, yaxın qohumlar arasında pul köçürmələri və digər gündəlik maliyyə əməliyyatları müəyyən məhdudiyyətlərlə üzləşə bilər.
Məhz bu məqamdan sonra sosial şəbəkələrdə insanlar öz narazılıqlarını fərqli formada ifadə etməyə başlayıblar. Kimi bunu zəruri addım hesab edir, kimi isə vətəndaşın rahatlığının əlindən alınması kimi qiymətləndirir.
Bu kartlar əslində nə üçün yaradılıb? Doğrudan da, məqsəd nədir?
İllərdir insanlara deyilir ki, nağdsız ödənişlərdən istifadə edin, kartla işləyin, rəqəmsal ödənişlər daha rahat və təhlükəsizdir. Dövlət qurumları, banklar və müxtəlif kampaniyalar insanları bu sistemə keçməyə təşviq edib. İnsanlar da buna uyğunlaşıb. Gündəlik alış-verişdən tutmuş maaşların alınmasına, kommunal ödənişlərdən müxtəlif xidmətlərə qədər həyatın böyük hissəsi artıq kart üzərində aparır.
İndi isə ard-arda yeni qaydalar və məhdudiyyətlər gündəmə gəlir. İstər-istəməz sual yaranır: əgər bu qaydalar tətbiq olunacaqdısa, nə üçün əvvəldən tətbiq edilmədi? Niyə əvvəl insanları kart sisteminə alışdırdılar, sonra isə bir-bir yeni məhdudiyyətlər tətbiq olunmağa başladı? Bəzən elə təəssürat yaranır ki, kimisə oturdublar və tapşırıq veriblər: “Fikirləş, gör insanların həyatını daha necə çətinləşdirə bilərik”. Əlbəttə, bu emosional yanaşmadır. Ancaq cəmiyyətdə formalaşan narazılığın səbəbi də məhz budur. Axı insanlar rahat yaşamaq istəyir və buna haqqı var. İstər 5 manatlıq, istərsə də 50 manatlıq kart olsun, onu qanuni şəkildə almışıqsa, rahat da istifadə edə bilməliyik. Kartın əsas məqsədi rahatlıqdır. Əgər kartımız varsa, təbii ki, başqa insanlar da həmin karta pul köçürə bilməlidir. Bunda problem nədir? Dünyanın əksər ölkələrində rəqəmsal ödəniş sistemləri insanların vaxtına qənaət etmək, növbələri azaltmaq və maliyyə əməliyyatlarını daha rahat həyata keçirmək üçün inkişaf etdirilir. Yeni texnologiyalar tətbiq olunur ki, vətəndaş daha az vaxt itirsin, daha rahat xidmət alsın. Bizdə isə insanlar hər yeni qərardan sonra əvvəlcə bunun gündəlik həyatlarına necə təsir edəcəyini düşünmək məcburiyyətində qalırlar.
Əgər məqsəd şəffaflığı artırmaq, qanunsuz maliyyə əməliyyatlarının qarşısını almaqdırsa, bunun yolları var. Dünyanın bir çox ölkəsində riskli əməliyyatlar xüsusi nəzarət mexanizmləri ilə izlənilir. Amma adi və qanuni istifadəçilərin gündəlik əməliyyatlarını çətinləşdirmək cəmiyyətdə narazılıq yaradır. Çünki vətəndaş ilk növbədə öz gündəlik rahatlığını düşünür. İnsanlara rahatlıq gətirən sistem sonradan əlavə narahatlıq yaradırsa, təbii ki, insanlar bunun səbəbini soruşacaqlar. Belə getsə, adamın ağlına gələn ilk fikir bu olur ki, kartdan ümumiyyətlə istifadə etməmək daha yaxşıdır. Çünki hər yeni qərarla istifadəçilərin xərclər bir az da artırılır… Və bu da insanları işi bir az da çətinləşdirilir. Ümumiyyətlə, kardan-karta xidmətin xeyirli və səmərəli istifadəsi yoxdur. Bir sözlə, insanlara rahatlıq gətirən nə varsa, sanki tədricən əllərindən alınır. Elə bil vətəndaşın işi yalnız yeni qaydalara uyğunlaşmaq, əlavə xərclər çəkmək və növbəti qərarı gözləməkdir.
Belə düşüncələr fonunda insanlar narazılıqlarını artıq təkcə tənqidlə deyil, bəzən istehza və yumorla da ifadə etməyə başlayırlar.
Deyəsən, buna da əl atmamışdılar, onu da etdilər. Vallah, bu templə davam etsə, sabah deyəcəklər ki, əldən-ələ pul verməyə də faiz tutulur. Artıq heç nəyə təəccüblənmək olmur. Hətta adam zarafatla demək istəyir: “Bəlkə, belə bir qərar da çıxarsınlar: 5 saniyədən artıq dərin nəfəs almaq qadağan edilsin”. Çünki bu gedişlə ölkədə rahat nəfəs almağın özü də adam üçün lüksə çevriləcək. Əlbəttə, bu, ironiyadır. Amma bəzən cəmiyyətin narazılığı məhz ironiya ilə ifadə olunur.
Deyirəm ki, nə yaxşı belə qərarlar çıxan kimi dərhal qüvvəyə minir e… Amma maaşların artırılması bir ildən çoxdur ki, deyilir, hələ də həyata keçirilmir. İnsan istər-istəməz müqayisə aparır. Bəzi qərarlar günlərlə, hətta saatlarla qüvvəyə minir, amma insanların rifahına təsir edən məsələlər illərlə gözlənilir.
Bir sual da yaranır: Kartdan nağd pul çıxarmağa hələ limit qoymayıblar ki? Vallah, bu gedişlə buna da təəccüblənmərik.
***
Bəli, texnologiya inkişaf edir, hər bir vətəndaş da azaddır. Nə qədər ki, yeni bir qanun çıxmayıb, doyunca nəfəs alın. Sabah bir də baxacağıq ki, ekologiyaya da vergi qoyulub.
İstənilən islahatın məqsədi vətəndaşın həyatını asanlaşdırmaq olmalıdır. Əgər yeni qaydalar cəmiyyətdə bu qədər sual doğurursa, deməli, onların məqsədi, bu qaydalar barədə insanlara daha aydın məlumat verilməlidir. İnsanlar yalnız qaydaların qəbul edilməsini deyil, onların nə üçün qəbul edildiyini və gündəlik həyatlarına necə təsir edəcəyini də bilmək istəyirlər. Çünki vətəndaş üçün əsas məsələ sadədir: qanuni şəkildə qazandığı pulu rahat idarə etmək, gündəlik maliyyə əməliyyatlarını maneəsiz həyata keçirmək və hər yeni qərardan sonra “Bu dəfə daha nə dəyişəcək?” sualını verməmək.
Sonda isə yenə də eyni sual açıq qalır: kartlar, doğrudan da, insanların həyatını asanlaşdırmaq üçün yaradılıb, yoxsa zaman keçdikcə insanlar üçün yeni məhdudiyyətlərin tətbiq olunduğu bir sistemə çevrilir?
Elşad Fərmanoğlu