Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ağdam rayonundan keçmiş məcburi köçkün, Ağdam şəhəri, 20 Yanvar küçəsi, ev-161 ünvanında qeydiyyatda olan Quliyev Nizami İmran oğlu Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayevə müraciət ünvanlayıb. Surəti «Təzadlar» qəzeti redaksiyasına göndərilmiş və vətənpərvərlik, torpağa bağlılıq ruhunda yazılmış müraciəti təqdim edirik:
«Çox hörmətli Rövşən müəllim!
Mən, Ağdam rayonundan keçmiş məcburi köçkün, Ağdam şəhəri, 20 Yanvar küçəsi, ev-161 ünvanında qeydiyyatda olan Quliyev Nizami İmran oğlu səmimiyyətlə yazılmış bu müraciətimin nəzərə alınmasını Sizdən xahiş edirəm.
Sizin keçmiş məcburi köçkünlərə daim göstərdiyiniz diqqət və qayğı əvəzsizdir, təqdirəlayiqdir. Səmimiyyətlə bildirirəm ki, uzun illərin torpaq və yurd həsrətini təkcə biz yox, eyni zamanda Siz də öz həyatınızda yaşamısınız. Bunu həmişə hiss etmiş, görmüş və canlı şahidi olmuşuq.
Bu müraciətimdə də məhz bu diqqət və qayğıkeşliyin daha bir təzahürünü yenidən öz şəxsi həyatımda yaşamaq arzusu ilə Sizə yazıram.
Bildirirəm ki, mən- Quliyev Nizami İmran oğlu, Ağdam rayonunun 1993-cü ildə işğal edilməsinə qədər ailə üzvlərimlə (həyat yoldaşım Quliyeva Sevda Bəxtiyar qızı, qızlarım Quliyeva Sevinc Nizami qızı, Quliyeva İlahə Nizami qızı və oğlum Quliyev Emin Nizami oğlu) birlikdə Ağdam şəhəri, 20 Yanvar küçəsi, ev-161 ünvanında yaşamışam. 1993-cü ildə Ağdam rayonunun və digər rayonların erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi səbəbindən ailə üzvlərimlə birlikdə məcburi köçkün düşmüşəm. Qızlarım Qiliyeva Sevinc Nizami qızı və Quliyeva ilahə Nizami qızı məcburi köçkünlükdən sonra nikaha daxil olduqları üçün mənim ailə təsərrüfatımdan çıxmışlar. Hal-hazırda isə Qaradağ rayonu, Lökbatan qəsəbəsi A.Şəbiyev küçəsi ev-11, mənzil 75 ünvanında müvəqqəti olaraq məskunlaşmış həyat yoldaşım, oğlum və onun ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırıq.
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu tərəfindən torpaqlarımız işğaldan azad edildikdən sonra Böyük Qayıdış Planı çərçivəsində işğal edilmiş torpaqlardan məcburi köçkün düşmüş şəxslərin və ailələrin öz ata-baba yurdlarına qayıdışı böyük sürətlə təmin edilməkdədir. Artıq işğaldan azad edilmiş digər rayonlarla yanaşı, Ağdam rayonunda və şəhər mərkəzində də böyük tikinti, quruculuq işləri aparılmaqda, məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıtmaqdadır.
Hazırda Ağdam rayonu işğaldan azad edildiyinə və ərazilərdə bərpa-quruculuq işləri aparıldığına görə, mən və ailə üzvlərim də Ağdama könüllü şəkildə geri qayıtmaq (köçürülmək) istəyirik. Ailəmin yenidən öz doğma yurda qayıtması, orada yaşayıb fəaliyyət göstərməsi üçün köçürülmə prosesində ən tez və qısa bir zamanda iştirak etmək istəyirik. Hesab edirik ki, 33 ilə yaxın bir müddət- öz doğma yurd-yuvasından didərgin düşmüş bir məcburi köçkün ailəsi üçün bunun ən qısa bir müddətdə yerinə yetirilməsi mümkün olmayan bir məsələ deyildir. Beləliklə, Ağdam rayonundan məcburi köçkün düşmüş ailə üzvlərimin (mənim, həyat yoldaşımın, oğlumun və gəlinimin və nəvələrimin) Böyük Qayıdış planı çərçivəsində köçürülmə siyahısına daxil edilməklə yenidən doğma Ağdam torpağına ən yaxın müddətdə qaytarılmağımız və yaşayış sahəsi ilə təmin edilməyimiz üçün lazımi köməklik göstərməyinizi Sizdən xahiş edirik. Mən həm də istəyirəm ki, bu müraciətim bəzilərinin «Köçkünlər işğaldan azad edilmiş yurdlarına niyə tez qayıtmaq istəmir?» kimi yersiz iddialarına ən tutarlı cavab nümunəsi olsun!
Qeyd edim ki, bundan əvvəl mən ailəmiz adından bu barədə Komitəyə müraciət etmişdim və komitənin Daimi məskunlaşma komissiyasının sədri cənab Eldar Zeynalovdan aldığım cavab məktubunda mütləq köçürüləcəyimiz barədə məlumat verilmişdir. Lakin bir məsələni nəzərə alaq ki, keçmiş köçkünlər arasında elə şəxslər var, onların yaşı köçürülmənin lap 5 ilə, 10 ilə, 15 ilə də baş tutmasına imkan verir. Lakin mən artıq ahıl yaşımdayam, səhhətimdə də problemlər vardır. İnanın, səmimi deyirəm, digər məcburi köçkünlər kimi, köçkünlük illərində bir gün də olsun doğma Ağdama qayıtmaq arzusu məni tərk etməyib, bu arzu indiyədək məni yaşadan əsas amil olub. Ən böyük arzum da elə nə vaxtsa o torpağa qayıdıb bir gün də olsa orada yaşamaq, o yurdun havası ilə nəfəs almaq olmuşdur.
Hörmətli Rövşən müəllim, yaşımın çoxluğunu nəzərə alaraq, inanıram ki, mənim bu müqəddəs arzumun həyata keçməsi üçün bütün mümkün imkanlarınızı əsirgəməyəcəksiniz. Çünki Siz də bizim kimi, o yurdların həsrətini 30 ildən çox müddətdə ürəyinin başında yaşadıb, yurd həsrəti ilə qovrulan bir şəxsiyyətsiniz.
Əvvəlcədən Sizə dərin minnətdarlığımı çatdırıram».
Redaksiyadan: biz də inanırıq ki, yaşı yetərincə çox olan keçmiş məcburi köçkünlərin bu mənada yurda qayıdışda yaş limiti mütləq nəzərə alınmalıdır və hörmətli Nizami Quliyevin də problemi tezliklə həllini tapacaq, Ağdam həsrətinə tezliklə son veriləcək.
