Lavrov türkiyəli həmkarı ilə telefon danışığında ondan nə xahiş edib?..

Oxunma sayı: 78

Ankarada şəxsi görüşdən 5 gün sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Türk axını”na hücumla bağlı Türkiyənin xarici işlər naziri Hakan Fidana zəng edib.

Lavrov Fidandan Rusiya qazını türk istehlakçılarına çatdıran kəmərə bu cür hücumların dayandırılması üçün Kiyevə təzyiq göstərməsini istəyib.

TEZADLAR.AZ xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin saytında yer alan xəbərə görə, qurumun rəhbəri Sergey Lavrov bu gün türkiyəli həmkarı Hakan Fidanla Ukrayna pilotsuz təyyarələrinin Rusiya qazının Qara dənizin dibi ilə Rusiya Federasiyasından Türkiyəyə nəql olunduğu Krasnodar diyarındakı “Russkaya” qaz kompressor stansiyasına hücumunu müzakirə etmək üçün telefonla danışıb.

Hücum fevralın 28-nə keçən gecə, Ukrayna lideri Vladimir Zelenski ABŞ-da prezident Donald Trampla görüşə hazırlaşarkən baş verib. Ümumilikdə üç İHA “Russkaya”ya istiqamətləndirilib ki, onlar da Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Fidanla söhbətində Lavrov Ukrayna ordusunun bir daha “Türk axını”nın işinə xələl gətirməyə cəhd etməməsi ilə bağlı Kiyevə təzyiq göstərmək üçün Türkiyə hakimiyyətinin əlində olan rıçaqlardan istifadə etməyi xahiş edib.

Rusiya Xarici İşlər Nazirliyinin saytında qeyd edildiyinə görə, Hakan Fidan razılıqla cavab verib.

Həmçinin onlar danışıqların nəticələrini qısa şəkildə müzakirə edərək – bir vaxtlar prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan tərəfindən qərara alındığı kimi, Qara dəniz regionunda sabit sülh və təhlükəsizliyin təmin edilməsi üçün Rusiya Federasiyası və Türkiyə Respublikasının fəaliyyətlərinin daim əlaqələndirilməsinin vacibliyini də qeyd ediblər.

 

JASMİN

Xəbəri paylaş