Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Avqust 2026 / 15:14

Media Reyestri yeni Şuraya verildi – onlayn və çap mediasını nə gözləyir?

Tezadlar.az  xəbər verir ki, Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlarda edilmiş dəyişikliklərin tətbiqinə dair Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Media və Yayım Şurası Audiovizual Şuranın hüquqi varisi müəyyən edilib. Audiovizual Şuranın bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı yeni Şuraya keçirilib.

Eyni zamanda, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsi ləğv olunub. Agentliyin hüquq və öhdəlikləri, habelə balansında olan əmlak Media və Yayım Şurasına verilib.

Yeni Şurada 108 nəfər işləyəcək

Media və Yayım Şurasının işçilərinin say həddi 108 ştat vahidi müəyyən edilib. Qurumun strukturu onun aparatından, şöbə və sektorlardan ibarət olacaq.

Nazirlər Kabinetinə bir ay ərzində Audiovizual Şuranın və Medianın İnkişafı Agentliyinin balansında olan dövlət əmlakının yeni Şuraya verilməsini təmin etmək tapşırılıb.

Yeni qurumun cari ildə maliyyələşdirilməsi dövlət büdcəsində Audiovizual Şura və Medianın İnkişafı Agentliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək.

Nazirlər Kabineti, həmçinin Media və Yayım Şurasının inzibati bina ilə təmin olunması və işçi heyətinin keçmiş Audiovizual Şura ilə Medianın İnkişafı Agentliyinin əməkdaşları hesabına komplektləşdirilməsi üçün tədbirlər görəcək.

Media Reyestri yeni Şuraya verildi

Digər Prezident fərmanı ilə Media Reyestrinin idarə olunması da Media və Yayım Şurasına həvalə edilib. Beləliklə, Reyestr artıq Medianın İnkişafı Agentliyi tərəfindən deyil, yeni yaradılmış Şura tərəfindən aparılacaq.

Reyestrin elektron informasiya sistemində və müraciət prosedurlarında ödənişlərə dair müddəalar çıxarılıb. Audiovizual media subyektlərinə verilmiş lisenziyalar barədə məlumatların Reyestrə daxil edilməsi də Şuranın səlahiyyətinə aid edilib.

İnformasiya agentliklərinə yeni tələblər qoyuldu

Dəyişikliklər Media Reyestrinə daxil olmaq istəyən informasiya agentlikləri üçün əlavə tələblər müəyyən edir.

İnformasiya agentliyinin azı 20 media subyekti ilə informasiya verilməsi və ya əldə edilməsi haqqında müqaviləsi olmalıdır. Bundan başqa, agentliyin ən azı 5 xarici ölkədə akkreditasiya olunmuş jurnalistlərinin olması tələb edilir.

Bu şərtlərə cavab verməyən informasiya agentliyinin Media Reyestrinə daxil edilməsindən imtina oluna bilər.

Onlayn və çap mediasına nəzarət gücləndirilir

Onlayn media subyektlərinin öz veb-saytlarında, çap mediası subyektlərinin isə nəşrlərində qanunla tələb olunan məlumatları düzgün göstərməməsi Reyestrə daxil edilmədən imtina üçün əsaslardan biri olacaq.

Reyestrə artıq daxil edilmiş media subyekti məlumatlarında baş verən dəyişiklikləri təsdiqedici sənədlərlə birlikdə 14 iş günü ərzində Media və Yayım Şurasına təqdim etməlidir.

Bu tələb yerinə yetirilmədikdə Şura media subyektinə xəbərdarlıq edəcək. Xəbərdarlıqdan sonra pozuntu bir ay ərzində aradan qaldırılmazsa, media subyekti Reyestrdən çıxarıla bilər.

Xəbərdarlıqlardan sonra Reyestrdən çıxarılma mümkün olacaq

Yeni qaydalara əsasən, media subyektləri qanunla müəyyən edilmiş bir sıra tələblərin pozulmasına görə bir il ərzində iki dəfə xəbərdarlıq aldıqdan sonra eyni pozuntunu yenidən törədərsə, Reyestrdən çıxarıla bilər.

Qanunvericiliyin müəyyən etdiyi hallarda informasiyanın yayılmasına dair tələblərin pozulması üzrə isə bir il ərzində üç xəbərdarlıqdan sonra pozuntunun təkrarlanması Reyestrdən çıxarılmaya səbəb ola bilər.

İnformasiya agentlikləri üçün müəyyən edilmiş tələblərin pozulmasına görə də iki xəbərdarlıqdan sonra pozuntunun təkrarlanması Reyestrdən çıxarılma əsası sayılacaq.

Xarici maliyyələşmə ilə bağlı ayrıca müddəa

Media subyektinin fəaliyyətinin onun təsisçisi və ya iştirakçısı olmayan xarici fiziki və hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, xarici dövlət qurumları və Azərbaycanda yaratdıqları hüquqi şəxslər tərəfindən maliyyələşdirilməsi aşkarlandıqda həmin media subyekti Reyestrdən çıxarıla bilər.

Bu müddəa audiovizual media subyektlərinə şamil edilmir və “Media haqqında” Qanunda nəzərdə tutulan istisnalar nəzərə alınır.

Rəhbərlərlə bağlı tələb də sərtləşdirildi

Media subyektinin təsisçisi, iştirakçısı və ya idarəetmə orqanının rəhbəri ağır və ya xüsusilə ağır cinayətə görə məsuliyyətə cəlb edildikdə media subyektinin Reyestrdən çıxarılması nəzərdə tutulur.

Xarici media subyektlərinin Azərbaycandakı filial və nümayəndəlikləri üçün də ayrıca tələblər müəyyənləşdirilib. Bu qurumlar dövlət qeydiyyatına alınmadıqda onların Reyestrə daxil edilməsindən imtina ediləcək.

Audiovizual medianın Reyestrdən çıxarılması

Media və Yayım Şurası audiovizual media subyektinin lisenziyasının ləğvi barədə qərar qəbul etdikdə həmin subyekt üç iş günü ərzində Media Reyestrindən çıxarılacaq.

Beləliklə, yeni model media sahəsində əvvəllər iki ayrı qurum arasında bölüşdürülmüş tənzimləmə, inkişaf, reyestr və nəzarət funksiyalarının Media və Yayım Şurasında cəmləşdirilməsini nəzərdə tutur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!