Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Təzadlar” qəzeti redaksiyasına təqdim olunmuş müraciəti olduğu kimi təqdim edirik:
“AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ
M Ü R A C İ Ə T
ÇOX HÖRMƏTLİ CƏNAB PREZİDENT!
İlk öncə onu bildirirəm ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş müstəqil dövlətimizlə fəxr edirəm və Sizin- Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uzaqgörən, qətiyyətli və uğurlu siyasəti nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasını, iqtisadi müstəqilliyinin təmin edilməsini, xüsusilə də tarixi ərazi bütövlüyümüzün bərpası yolunda göstərdiyi fədakar fəaliyyəti bir vətəndaş-sahibkar olaraq yüksək qiymətləndirirəm. İş adamı və sahibkar kimi üzərimə düşən öhdəlikləri layiqincə yerinə yetirməyə çalışıram.
Dövlətimizin aparıcı qurumlarından olan hüquq-mühafizə orqanlarının Vətənimizin qorunması və ölkə vətəndaşlarının rifahı yolunda fədakar əziyyətləri danılmazdır. Lakin yaşadığımız belə bir fəxarətli ölkədə və qürurverici dövrdə onu da qeyd etməyi vacib sayıram ki, dövlətin əsasını təşkil edən, onun fəaliyyət yükünü daşıyan qurumlarda vəzifə tutan bəzi kiçik ranqlı məmurlar üzərlərinə düşən məsuliyyətdən yayınmağa cəhd edirlər. Belə ki, təsisçisi olduğum “Magna Trans” MMC-nin əmlakının mənimsənilməsi və oğurlanması faktları ilə bağlı (məhkəmə qərarları ilə bir daha təsdiqlənmişdir) mətbuat vasitəsilə Baş prokurora müraciət etməyim Baş Prokurorluğun haqqımda mətbuatda açıqlama yayması ilə nəticələnmişdir. Müraciətdə göstərdiyim mənimsəmə və oğurluq faktları ilə bağlı iki əsas hüquqi suala cavab verilməsi əvəzinə, bu rəsmi məlumatda diqqət tamamilə başqa məcraya yönəldilmişdir. Müraciətimdə göstərdiyim iki konkret hüquqi fakta dair suallar bu gün də cavablandırılmamış qalır.
Birinci hüquqi fakt:
-24 məhkəmə qərarı prokurorluq tərəfindən niyə icra olunmur?
Baş Prokurorluq bildirir ki, 210050957 saylı cinayət işi hərtərəfli və obyektiv araşdırılmış, cinayət hadisəsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilmişdir. Əgər istintaq həqiqətən hərtərəfli və obyektiv aparılmışdırsa, həmin cinayət işi üzrə məhkəmələr müstəntiqlərin qərarlarını niyə 24 dəfə qanunsuz və əsassız hesab edərək ləğv etmiş, prokurorların protestlərini isə niyə təmin etməmişdir?
Sonuncu, ümumilikdə isə xitamla bağlı 6-cı belə qərar Baş Prokurorluğun haqqımda açıqlamasından 4 gün əvvəl – 10 iyul 2026-cı il tarixdə qəbul edilmişdir. Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxs kimi məhkəmə nəzarəti qaydasında verdiyim şikayət əsasında Sabunçu rayon Məhkəməsinin 6(5-101)-83/2026 saylı qərarı ilə Sabunçu Rayon Prokurorluğunun müstəntiqi Fuad Babayevin 210050957 saylı cinayət işi üzrə icraata xitam verilməsi haqqında 11 iyun 2026-cı il tarixli qərarı qanunsuz və əsassız hesab edilərək ləğv olunmuş, əlavə araşdırma aparılması barədə xüsusi göstəriş verilmişdir. Beləliklə, eyni cinayət işi üzrə, eyni əsaslarla icraata xitam verilməsi haqqında müstəntiqin 6 qərarı qanunsuz və əsassız hesab edilərək ləğv olunmuşdur.
Mənim sualım isə budur: Azərbaycan Respublikası adından qəbul edilmiş bu məhkəmə qərarları niyə illərdir prokurorluq tərəfindən icra edilmir?
İkinci hüquqi fakt
45 ay ərzində izahatı alınmayan və mənə məxsus “yoxa çıxmış” 34 avtobus müəyyən edilmədiyi halda, şikayətçinin iddiası necə “təsdiqini tapmayıb”?
Baş Prokurorluq bildirir ki, 34 avtobusun oğurlanmasına dair müraciətim üzrə aparılmış araşdırma zamanı iddialarım öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bu açıqlama isə daha ciddi suallar doğurur. Şikayətimi verdiyim 30 oktyabr 2022-ci il tarixdən bu günədək – 45 ay ərzində mənim ilkin izahatım belə alınmamışdır. Hadisənin araşdırılması üçün zəruri olan prosessual hərəkətlər aparılmamış, məhkəmələrin təhqiqatçının və müstəntiqin qanuna zidd hərəkətləri barədə qəbul etdiyi 6 qərar isə bu günədək icra olunmamışdır. Nümunə üçün, Baş Prokurorluğun Qanunların İcrasına Nəzarət İdarəsinin rəis müavini Günay Məmmədlinin mənə ünvanladığı 29 iyun 2026-cı il tarixli məktubda göstərilmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 25 iyun 2026-cı il tarixdə ləğv edilmiş və “hazırda material üzrə araşdırma davam etdirilir.” Bu halda Baş Prokurorluğun “avtobusların oğurlanmasına dair müraciət üzrə aparılmış araşdırma zamanı iddialar öz təsdiqini tapmadığından” məzmunlu açıqlaması ilə bağlı aşağıdakı suallar yaranır:
– 45 ay ərzində şikayətçinin izahatı alınmadan və 34 avtobus müəyyən edilmədən hansı araşdırma aparılmışdır?
– Məhkəmələrin altı qərarı icra edilmədən “iddialar öz təsdiqini tapmadı” nəticəsinə hansı qanuni əsasla gəlinmişdir?
– Baş Prokurorluğun məktubunda “araşdırma davam etdirilir” göstərildiyi halda (əslində isə 45 aydır süründürməçilik davam etdirilir), cəmi bir neçə gün sonra mətbuata hansı araşdırmanın nəticəsi açıqlanmışdır?
Baş Prokurorluğun açıqlamasında təkidlə “iddialar öz təsdiqini tapmadı” bəyan edilməzdən əvvəl, 34 avtobusun oğurlanmasına dair şikayətim üzrə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Orxan Səmədovun “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 20 iyun 2025-ci il tarixli qərarından xəbərdar olsaydılar, ölkə vətəndaşının pozulmuş hüquqlarına prokurorluqda göstərilən münasibətdən heç də məmnun olmazdılar. Cinayət işi başlanılmamış materiala aid olan bu 3 səhifəlik “qərar”da, həmin şikayətimə heç bir aidiyyəti olmayan başqa bir cinayət işinin qərarından sözbəsöz köçürülmüş mətnləri ibtidai istintaqa nəzarət etməli olan Sabunçu Rayon Prokuroru Murad Dadaşov hansı səbəbdən “görməmişdir”?
Baş Prokurorluqdan aşağıdakı iki suala hüquqi əsaslarla cavab verilməlidir:
-Azərbaycan Respublikası adından qəbul edilmiş ümumilikdə 30 məhkəmə qərarı prokurorluğun və polisin istintaq orqanları tərəfindən niyə icra olunmur?
-45 ay ərzində şikayətçinin izahatı alınmadan və “yoxa çıxmış” 34 avtobus müəyyən edilmədən istintaq orqanı “iddialar öz təsdiqini tapmadı” nəticəsinə hansı hüquqi əsasla gəlmişdir və həmin qərar nə üçün şikayətçiyə təqdim edilməmişdir?
Bu suallar cavabsız qaldıqca, Baş Prokurorluğun mətbuat vasitəsilə yaydığı açıqlama mənim Baş prokurora müraciətimə cavab deyil, əksinə, yeni suallar doğuran bir açıqlama təsiri bağışlayır.
HÖRMƏTLİ CƏNAB PREZİDENT!
Sahibkarlıq fəaliyyətimlə bağlı qarşılaşdığım haqsız maneələrin aradan qaldırılmasında, həmçinin zərərçəkmiş şəxs olduğum 210050957 saylı cinayət işinin istintaqı ilə bağlı məruz qaldığım məmur özbaşınalığına son qoyulmasında və qanunvericiliyin tələblərinin təmin edilməsində köməklik göstərilməsini xahiş edirəm.
Hörmətlə,
İsmayılov Ağasəf İslam oğlu,
210050957 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs, iş adamı və sahibkar