1 Dekabr 2025 / 08:34

Məmməd Arazın vəfatı günüdür…-21 il ustad şairsiz!

Bu gün böyük şarimiz Məmməd Arazın vəfatından 21 il ötür. Onun bütün şerləri sevilir, oxunur və aktualdır. Bu mənada onun 1992-ci ildə qələmə aldığı şerini diqqətinizə çatdırmaq istəyirəm.
BU MİLLƏTƏ NƏ VERDİK Kİ?
Bu millətə nə verdik ki?
Kimsə qapdı ziyasını,
Kimsə pozdu sırasını,
Duzla yuduq yarasını,
Xörəyinə duz vermədik.
Bu millətə nə verdik ki?
İnamını noxtaladıq,
İnadını axtaladıq,
Var-yoxunu qarmaladıq,
Bir çeynəm saqqız vermədik.
Bu millətə nə verdik ki?
Halal tikə qənddi, – dedik,
Yoxsuluna dərdli, – dedik,
Kasıbına mərddi, – dedik,
Mərd kasıba qız vermədik.
Bu millətə nə verdik ki?
Çiyninə mindik, – öyrəşdi,
Bir dillə min dil öyrətdik,
Neçə fəndi-fel öyrətdik,
Milyon aldıq, yüz vermədik.
Bu millətə nə verdik ki?
Biz səhv etdik, batdı qana
Millət ata, millət ana,
İllacı qalsın bir yana,
Dərdi də ucuz vermədik.
Bu millətə nə verdik ki?
Bu millətin səbri böyük,
Dözür: dözüm həddinəcən,
Dözür: dözüm səddinəcən,
Dözür: dözüm xəttinəcən…
Sonra… daha sonra olmur,
Sonra qara tufan olur,
Sonra “qullar dünyasının
İntiqamı yaman olur”…
16 noyabr 1992
Baba Allahnəzərov,
Tədqiqatçı
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!