16 Yanvar 2026 / 15:18

Məmməd Arazlı xatirələr: “Ömürdən yarpaqlar”-GÜLXANIM FƏTƏLİQIZI- 3-CÜ HİSSƏ

(Əvvəli ötən buraxılışda)

https://tezadlar.az/memmed-arazli-xatireler-omurden-yarpaqlar-gulxanim-feteliqizi-2-ci-hisse/

1994

16 aprel – Söhbət Tofiq Bayramdan düşdü. Məmməd xatırladı:

-Tofiq  Bayramın cavanlıqda bir “moskviçi” vardı. Əli Kərim o maşına “səyyar tabut” deyərdi.

– Məmməd, bu saat ona-buna ləkə yaxmaq dəb düşüb, bəzi ağzıgöyçəklər danışırlar ki, güya Tofiq şair deyil.

-Yox, elə deyil, özün bilirsən ki, bizimkilərin  adətidir, çalışırlar  həmişə məşhur adamlara nə isə bir damğa yapışdırsınlar. Tofiqin şair kimi öz dəsti-xətti var, çox gözəl lirik şairdir. Onun şairliyinə şübhə ola bilməz.

Böyük bir axınla  ədəbiyyata gələn bir nəslin seçilməsi üçün xeyli vaxt keçməlidir. Bizdən asılı olmayaraq zaman öz işini görür, əvvəl bütün adları eyni soyuqqanlılıqla arxivə tullayır, sonra tozunu silib hər kəsi yerində oturdur.

17 aprel – Yaxşı havalarda hərdən binanın ətrafında  gəzişərdik. Həvəsi gələndə Məmməd keçmişə qayıdardı:

– Cavanlıqda işdən sonra və bazar günləri səni qoyub qaçardım. Həmin vaxtlarda dostlar dəniz kənarına çıxar, ədəbi mübahisələr edərdik. Bir dəfə Oruc Qoşqarlı da bizə qoşuldu və itindən söhbət saldı. Dedi ki, itimə həmişə təzə ət yedirdirəm, çimdirirəm, havaya çıxarıram və s.

Bunu eşidən Tofiq birdən əllərini göyə qaldıraraq dedi:

“-Allah, sən məni Oruc Qoşqarlının iti elə.”

Məmməd söhbətinə davam etdi:

– “Səba yeli” şeirində axırdakı bir misranı ürəyim istəyən kimi tapa bilməmişdim. “Açın, Füzulinin nəfəsidir o” misrası Tofiqin misrasıdır. O, mənə kömək elədi.

Tofiqin də “Günəşlə oynayan uşaq” şeirimdəki fikirlərlə səsləşən fikirləri varmış. Tofiq mənə bu barədə sonradan dedi. Mən ədəbiyyatın qanunlarına əməl edən şairəm və şeiri Tofiqə həsr etdim. Mirzə Ələkbər Sabirə yazdığım “Mən də insan oldum” poemamda Sabiri Şamaxı zəlzələsi adlandırmışdım. Bu fikri sonralar Tofiq öz şeirində işlətdi. Həmin deyimin birinci mənə məxsus olduğunu bildirib zarafatla dedim:

– Tofiq, səninlə heç-heçə olduq.

2 noyabr – Bir neçə gün bundan əvvəl Abdulla Qurbani  Murovdağa döyüşçülərlə görüşə getmək söhbətini salmışdı, amma inanmırdım ki, Məmməd bu vəziyyətində  razılıq versin. Çünki həmişə vəd versə də gedə bilməzdi. Ona görə də bu söhbətə bir o qədər əhəmiyyət verməmişdim.  Işdən gələn kimi dedi:

– Hazırlaş, Gəncəyə gedirik.

– Bəs demədin bazar günü gedərik?

– Yox, hava dəyişə bilər, günlər yaxşı keçir.

– Mikayıla da de, o da gəlsin, sən şeir oxuya bilmirsən, lal görüşlər olar.

Mikayılla danışdı, lakin o işi olduğu üçün gələ bilmədi və bizə də getməyi məsləhət görmədi:  – Qarışıqlıqdır, atırlar, – dedi.

Lakin Məmmədi yoldan saxlamaq mümkün olmadı. Saat 11-də yola düşdük. Dəstəmiz kiçik idi – Abdulla Qurbani, Əlirza, Məmməd, mən və sürücü Məhərrəm.

Gəncəyə çatanda Nizaminin məqbərəsini ziyarət etmək istədik, ancaq hasara alınmış, qapısı da bağlı idi.  Gəncənin icra başçısı ilə görüşdük. Gecəni  qonaq evində qaldıq. Bizə məlumat verdilər ki, bura bir vaxtlar Surət Hüseynovun quldurlarının məskəni olub.

3 noyabr– Səhər tezdən Abdulla Qurbaninin tərtib etdiyi planla əvvəl xəstəxanaya, yaralıların yanına getdik. Yaralı əsgərlərin valideynləri həyətə toplaşmışdılar. Məmməd  onlara ürək-dirək verirdi:

– Əziz balalar, mənə baxın, vəziyyətimi görürsünüz, amma sizinlə görüşə özümdə güc tapdım. Məndən nümunə götürün. Heç nəyə əyilmək olmaz, nə qədər ki, torpaqlarımız tapdaq altında, körpələrimiz gözü yaşlı, insanlarımız intiqam həsrətindədir, arxada yerimiz yoxdur...

Bilmədim, onlar Məmmədin nitqini başa düşdülər, yoxsa yox, amma maraqla qulaq asırdılar.

Sonra Xanlara getdik. Xanların icra başçısı bizi qarşıladı. Mədəniyyət evində rayon camaatı ilə görüş keçirildi. Aparıcı Abdulla idi. Sonra Göygölə, əsgərlərin görüşünə yollandıq. Parol “Məmməd Araz” idi. Hacıkənddən bir az yuxarı qalxanda qəribə bir mənzərə gördüm. Keşikdə olan uşaqlardan biri köynəksiz oturmuş, o biri yoldaşı isə onu masaj edirdi. Görünür soyuqlamışdı. Ana qoynundan yenicə aralanmış bu uşaq dediklərim təbii ki, döyüşçülərimizdir.

Keçmiş MK-nın işçilərinin istirahət etdikləri binada indi əsgərlərlə Məmmədin  görüşü  keçirilirdi…

Abdulla Qurbani çıxışında söylədi:

– Bu istirahət evinin təşəkkür kitabı əlimə keçdi. Orada bizim “gözəl rəhbər işçilərimizin” Siranuşa çoxlu təşəkkürlərini gördüm…

Bir az kənarda əsgərlər özlərinə yemək hazırlayırdı.

Yenə də şəkillər çəkildi, yenə də Abdulla bizə onlardan birini də vermədi. Görüş başlandı, hərəsi öz şeirini oxudu. Məmməd özü oxuya bilmədiyi üçün başqaları da onun şeirlərindən oxumadı.

Axşam Gəncəyə qonaq evinə qayıtdıq.

Səhər Murovdağa qalxdıq. Yolboyu balacaboy, arıq, cılız əsgərləri gördükcə heyrətlənirdim, yəni cavanlarımız hamısı belədir?!

Abdulla Qurbani fikrimi oxudu:

– Yox, siz düşünən kimi deyil, qamətli oğlanlarımızın əksəriyyəti vəzifəli və pullu şəxslərin cangüdənləridir.

– Vətəni qorumaq, deməli, bu cılız, balaca körpə balaların borcudur, eləmi? – soruşdum.

Maşınımız dağa dırmaşdıqca postlarda dayanır, əsgərlərlə görüşür, hal-əhval tutur, onlara can sağlığı arzulayırdıq.

Uca dağlar insanı mərdliyə, qürura, əyilməzliyə çağırır. Uçurumlar, yarğanlar isə, əksinə, vahimə yaradır. İnsan həmişə təbiətlə təmasda olmuş, gözəl mənzərələr onun qəlbini isitmişdir, Təbiət insanın ilk və son yuvasıdır. Ancaq cavanlarımız bu gözəlliklərdən zövq ala bilirmi? Zirvələr bu saat düşmənin əlindədir. Bizimkilərin əlindəki zirvədən boylanıb bizə baxan əsgərlərimizə əl edib ürəyimizdə onlara can sağlığı arzulayırıq.  Və Qurbaninin ürək ağrısı ilə təsvir etdiyi Murov faciəsini törədənləri lənətləyirik.

Dedilər ki, indi bizim dayandığımız yerdə neçə gün əvvəl  əsgər və zabitlərimizdən bir neçəsi düşmən gülləsinin qurbanı olub. Onlar hər an atəş açmağa hazırdır, ona görə də burda çox dayanmaq olmaz.  Bu görüşdə Məmmədi “Fəxri döyüşçü”  adlandırdılar və bir bulağa da “Məmməd Araz” bulağı adını verdilər. Geri qayıdanda yolun kənarındakı boymadərəni qoparıb mənə verən Abdulla Qurbani:

-Gülxanım bacı, gəlişinizin yadigarı kimi bu gülü sizə bəxşiş edirəm – dedi.

Sonra da Gəncədə məskunlaşan Kəlbəcər qaçqınları ilə də görüşdük. Bir hadisə məni yaman tutdu.  Cavanlar qaçıb otaqlarından Məmmədin müxtəlif dövrlərdə çap olunmuş  kitablarını avtoqraf  yazdırmaq üçün gətirmişdilər.

Əhsən – qaçqın köçünün üstündə kitabları da yaddan çıxarmayıblar. Min əhsən.

Onlarla görüşüb geri qayıdırıq.

18 noyabr – Moskvada yaşayan Nəsib Nəbi oğlu Məmmədin görüşünə gəldi. Əsli kəlbəcərli olduğu üçün söhbətlərin çoxu da  Kəlbəcərdən oldu.

Füzulu haqqında veriliş gedirdi:

– Axı Füzuli, həm də ərəb və fars dillərində də yazıb. Tərcüməsi ilə orijinalı bir gəlməz, – dedim.

– Düzdür, – təsdiqlədi Məmməd – “Şəbi hicran”ı tərcümə et görək necə edəsən. Mümkün deyil, lap Puşkin də gələ rus dilində bu tərkibi verə bilməz. Çünki hər şair şeiri öz xalqı və öz dili üçün yazıb, Füzuli də həmçinin. Heç bir tərcüməçi Füzulini olduğu kimi başqa xalqa çatdıra bilməz.

Bir də dilin zənginliyini qorumaq təkcə şairin, yazıçının vəzifəsi deyil. Onlar, düzdür, daha çox məsuliyyət daşımalıdır. Amma dilin taleyi xalqın taleyi olduğu üçün onun sərkərdəsi də xalq olmalıdır.

Bunu bir neçə dəfə həm yazmışam, həm də çıxışlarımda işlətmişəm. – İsveçrədə belə bir qanun var. O ölkənin vətəndaşı olmaq istəyirsənsə, hökmən üç il burada yaşayıb bu dili öyrənməlisən. Əgər dildən imtahan verə bilməsən səni vətəndaşlığa qəbul etmirlər. Belə olmasa ölkə öz simasını itirər.

Ədəbiyyat əslən sərhəd bilmir. Sərhəd xətti tanımayan poeziyanı tanıyıram. Amma bir iş də var, şair şeiri öz xalqı, öz dili üçün yazır, etiraf etsək də, etməsək də belədir.

Aşıq Alının “Gözlərəm səni” şeirini götürək: “Sürünərəm dizin-dizin; Yolunca gözlərəm səni; Dəryaya qan yaş tökərəm; Dolunca gözlərəm səni” Eşq həsrətini bundan səmimi, bundan obrazlı, bundan fəryadlı de görüm. Ay dedin ha!

İndi bu misraları başqa dildə orijinal səviyyədə, ona yaxın səviyyədə səsləndir görüm? Çətin, çox çətin…

Doğru deyiblər, poeziya bir dildə danışır…” 

Xalqın övladı pasportunu almış sənətkarların yaradıcılığı  hava, su kimi bütün adamlar üçündür.

Şəxsiyyətlər dağlara bənzəyir. Şəxsiyyətlər də örnəkdir. İnsan cavanlığa qayıtmır, dağ çayı da dağa.

Ulduzlu gecədən heyrətlənməyən, dağ çayı ilə bulanlıq arx suyuna fərq qoymayan, bulağa adi su kimi baxanlar azmı?

Sənətkar, sənət ucalığı deyəndə ilk dəfə göz önünə dağlar, zirvələr gəlir. Günəşlə, işıqla ilk görüşən və sonuncu vidalaşan uca nöqtələrdir.

Həmişə uzaqdan görünmək, ağırlıq, təmkinlik rəmzi olmaq – çay oğullarını, bulaq gözəllərini insanlara pay göndərmək, bu, dağların ömür yoludur.Əslən poeziyaya da belə bir ömür gərəkdir.                

24 dekabr – “Məmməd Araz” mükafatının təqdimatına çağrılmışıq. Getmək istəməsək də məcbur idik. Hava yaman soyuq idi. Radiodan Nigar Rəfibəylinin “Ayrılıq” mahnısı oxunurdu. Yaman kövrəldim, bu mahnı məni həmişə kövrəldir. “Ayrılıqdan betər dünyada nə var” . Heç nə, Nigar xanım, indi nə sən varsan, nə də Rəsul. Zamanın qanunu ayırdı sizi. Bir belə gün bizim üçün də var… Çatdıq, göz yaşlarımı silirəm.

Mükafat təyin olunan gündən Məmməd mükafatın ilin ən yaxşı əsərlərinə verilməsinin tərəfdarı idi. Lakin H. Həsənoğlu və İ. Həbibbəyli buna razı olmamışdılar. Bu gün  S. Rüstəmxanlı və ayrı bir çıxışçı həmin bu fikri bir daha vurğuladı.

Mükafat Arif Məlikovun Məmmədin “Dağlar” şeirinə bəstələdiyi musiqiyə görə verildi. Lüzumsuz mükafatlar da çox idi.

Ağamusa Axundov çıxışında vurğuladı ki, Məmmədin şeirləri əsl fəlsəfə olduğu üçün onu təhlil etmək, haqqında fikir söyləmək çox çətindir. Bəlkə də elə buna görə Məmmədin yaradıcılığına aid məqalələr azdır. Bu fikri İ. Həbibbəyli də təsdiqlədi.

Mətin şeir oxuyanda Mikayılın gözləri sevincdən dolmuşdu.

Fikirlər dolanır başımda min-min,

              Görən doğrudanmı oxunmur şer?

              Görən doğrudanmı insan qəlbinin

              İncə hisslərinə toxunmur şer?

Yaxşı şerlər oxunur, yoldaş Məmməd Araz!

              1995    

18 yanvar – Hansı məktəbdənsə Füzuliyə həsr olunmuş  verilişə baxırdıq:

– Füzuli heç Azərbaycanı görməyib, bu torpaq haqqında təsəvvürü belə olmayıb. Əksinə, Cəlil Məmmədquluzadənin  xidməti daha çox olub, onun yubileyini çox sönük keçirtdilər – deyindim.

Məmməd mənimlə razılaşmadı:

– Elə deyil, yoldaş müəllimə, özün də ədəbiyyatçısan. Füzuli bütün türk dünyasının dahi söz ustasıdır, müqayisəyə gəlməz dərəcədə böyük sənətkardır. Füzuli şeiri ürəkdə közərən məhəbbətdir. “Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm”…   Bu misranın yükü, ağırlığı dünyanın bütün dərdli adamlarının yükünü, ağırlığını çəkər. Sən bir sözdən toxunmuş sözə bax!  Bunu yalnız ilahi gücə malik zəka deyə bilərdi…

Hərdən fikirləşirəm, Füzuli haqqında dediklərim zərrənin zərrəsinin milyonda biri olmağa qadirdirmi?

              “Nə yanar kimsə mənə atəşi-dildən özgə,

              Nə açar kimsə qapım badi-səbadan başqa”…

Elə bil bu misralarda dağ boyda Füzuli dərdi sıxılıb bir ovuc qurğuşun olub və bu ovuc dərd nə vaxtsa, hardasa “dünyanın bir küncünə yığılmış namərdlərin başında partlayacaq”.

 Mən də demişəm:

                       Açın qapıları səba yelinə,

                       Açın, Füzulinin nəfəsidir o.

Bu, həmin səba yelidir ki, insanları əhatə edən mühitə dünyanın ab-havasını gətirir. Ancaq həmin dünya Füzuli ilə üzləşməkdən qorxur. Qorxur ki, şairin nəfəsindən od alıb yana. Beləliklə, Füzuli təklənir, tənhalaşır, tənhalaşdıqca zirvələşir, ümmanlaşır. Onun böyüklüyü ilə zaman özü görünməz olur.  Füzili ilə bağlı fikirlərimlə razısanmı? Bax, beləcə “Səba yeli” şeirim yarandı.  Füzuli Azərbaycanı görməsə də onun xalqımız üçün söz sənətini uca mərtəbələrə qaldırmaq baxımından rolu misilsizdir.

Yazıçılar müxtəlif üsullarla öz xalqına xidmət edir; onlar xalqın içindən çıxdığı üçün haqq-ədalət, doğru söz, işıqlı əməllər tərəfində olub. Bu da təbii olaraq əks cəbhələr yaradıb…- “Döymək”, “lağa qoyub gülmək”, “tövsiyə etmək” və s. yollarla xalqı qəflət yuxusundan oyatmaq istəyənlər vardır ki, Cəlil, Sabir belələrindəndir. Cavid kimi sənətkarlar isə keçmişi canlandırmaq yoluyla bu işi görüb. O cümlədən, Füzuli. Zaman isə amansız hakimdir, bütün vaxtlarda obyektivdir, dəqiqdir.

Azərbaycan şairi olmaq daha çətindir, daha ağırdır. Çünki bu xalqın klassik ədəbiyyatı heç bir müqayisəyə gəlməyəcək dərəcədə böyükdür, zəngindir.

Allah bizi bu nəhənglərin tənəsindən qorusun!

Allah bizi onların ittihamından saxlasın!

Bir də Allah bizi bizim özümüzdən xilas etsin!

Biz özümüzük sənətə, sənətkara qiymət verən də, onu qiymətsiz eləyib vaxtsız-vədəsiz küləklərə tapşıran da.

Xalqı millətin özündən alıb, öz əli ilə hərraca qoymaq…

                       Bu millətə nə verdik ki?

                       Kimsə qapdı ziyasını,

                       Kimsə pozdu sırasını.

                       Duzla yuduq yarasını

                         Xörəyinə duz vermədik

6 fevral – Axşam saat 9-da prezidentin müşaviri Fatma Abdullazadə, Naxçıvan Ali Məclisinin müavini Sevil xanım, Şahbuz rayon icra başçısı Telman Orucov və Fatma xanımın köməkçisi Məhərrəm Əhmədov Məmmədin görüşünə  gəldilər.

Onları Heydər Əliyev göndərmişdi. Məmmədin səhhəti ilə maraqlanırdılar. Məmməd bütün suallara “yaxşıyam” cavabı ilə kifayətlənirdi. Söhbətə mən qarışmalı oldum:

– Fatma xanım, birincisi, yaşadığı mənzilə baxın. Ikincisi, hamı sağlamdır, kitablarını çap etdirir, tərcümə etdirib özlərini xarici ölkələrdə təbliğ edirlər və sair. Məmməd isə bunların birini də görə bilmir və onunla heç bir yerdən maraqlanan da yoxdur. Deyirlər ki, parkinson xəstəliyinin dərmanı Amerikada tapılıb. Qoy  onu müalicəyə göndərsinlər.

Fatma xanım bütün bunları prezidentə çatdıracağına söz verib getdi.

19 mart – Mart hadisələri sovuşmuşdu.  Axşam Zəlimxan Yaqub və Mikayıl Mirzə Məmmədlə görüşdükdə  dedilər:

– Xalqımızın böyük oğlu bizi bu xatadan da qurtardı.

Oturub olmuş hadisələri təhlil etdilər, dərdləşdilər. Sözarası Mikayıl “Günaybank”ın təşkilatçısı Mahmudağanın tutulduğunu söylədi:

– Gülxanım, əhd elə Mahmudağanı buraxsınlar, o, Məmmədi müalicəyə göndərər.

– Ay Mikayıl, mən Allaha yalvararam, ancaq o eşıdər-eşitməz bilmirəm.

Cavabıma güldülər.

Mikayıl geyinərkən deyindi:

– Bütün işıqları söndürürsən, Elza da belədir, mən içəri girən kimi hamısını yandırıram.

– Bəs nə, Mikayılın evi işıqlı olmalıdır, – dedim.

Zəlimxan Yaqub da bu iki misranı söylədi:

Yandır işığını Məmməd Arazın,

              Yandır işığını, Gülxanım bacı…     

  22 mart – Zəlimxan Yaqub telefon açdı:

– Əvvəla, Gülxanım bacı, ustada mənim salamımı yetir və sonra o iki misra böyük bir şeir oldu. “Günay” qəzetində çap olunub, alın oxuyun. Yaxşı əks-səda verib.

Səhiyyə nazirliyindən Umnyaşkin zəng edib bildirdi ki, biz İzrailə, Almaniyaya və Amerikaya sorğu göndərmişik. Təkcə Almaniyadan bizə dəvət gəlib, gəlin, maraqlanın.

23 mart – Mikayılla Zəlimxan Məmmədin görüşünə gəlməli idilər. Qapını açdım, gələn Mikayılla Musa Yaqub idi. Sonradan Zəlimxan da gəldi. Əvvəlcə mənə həsr etdiyi şeirini oxudu, səmimi şeir idi. Məmmədin də xoşuna gəlmişdi. Sonra  Zəlimxan sazını dilləndirdi. Şifahi xalq ədəbiyyatından başlanan söhbət  müasir şeirlə qurtardı.

Məmməd də öz fikrini belə izah etdi:

– Mən bəzən bu xalqa kənardan baxıram. Deyirəm, görən bu xalqın nəyi var, nəyi yox, nəyi yaxşıdır, nəyi pisdir. Məsələn, Aşıq Alının sözlərinə bax:

                       Dəryaya qan yaş tökərəm,

                       Dolunca gözlərəm səni…

                       Sürünərəm dizin-dizin,

                       Yolunca gözlərəm səni  və s.

Belə mənalı fikirləri, sözləri ancaq və ancaq bizim xalq deyə bilər, başqası yox. Dilin təzyiqə qarşı müqavimətini, təsirə qarşı əks təsirini heç bir şeylə müqayisə etmək olmaz.  Min illərin tufanı, isti-soyuğu ondan cüzi qəlpələr qopara bilər, ancaq dilin əsas kökü qalır. Onu saxlayan müqavimət gücünün çoxu poeziyanın payına düşür. Bu dildə nə qədər şeir formaları mövcuddur. Təkcə folkloruna  fikir verək, xalq ədəbiyyatı ilə üz-üzə oturaq. Atalar sözləri, məsəllər, zərb-məsəllər, bayatılar, holavarlar, və ya adicə sayaçı nəğmələri… Müqayisəyə sığmaz bir xəzinə. Azərbaycan dili imkanı böyük dillərdəndir.

      Böyük dilləri də danmaq fikrində deyiləm. Hər dilin öz gücü, öz çaları var. Əslində pis dil yoxdur. Hər xalqa öz dili şirindir… Bu xalqın Nizamisi, Füzulisi var, bu da yaxşıdır. Ancaq fikirləşirəm ki, mənim xalqımın arasında cılızları da çoxdur.

Mikayıl Mirzə Məmmədin bu sətirlərini söylədi:

                       Bu torpaq qədimlər toranlığında,

                       Nadan sürüsü də kökəldib axı.

Məmməd sözünə davam etdi:

– Təsəvvürə gətirə bilmirəm ki, əsgər ana-bacısını qoyub qaçır. Görəsən, bizləri bu dərəcəyə gətirən nədir?..

Xəyanətkar təbəqədən, ümumi vəziyyətdən gedən söhbət bir xeyli uzandı.

Sonra Musa Yaqub Məmmədi Buynuz kəndinə – əvvəllər gəzdikləri yerləri bir də yad etməyə çağırdı.

Təəssüfləndilər ki, video götürüb çəkiliş etmədilər, bir də belə fürsət ələ düşməzdi.

24 mart – Səhiyyə Nazirliyinə gedib məsələ ilə maraqlandım, iş belə idi. Almaniyada fəaliyyət göstərən bir şirkət var. “Hisaft” adlı şirkət. Həmin şirkət 41 min dollara müalicəni boynuna götürür.

Güldüm:

– Bizim heç 41 dollarımız da yoxdur.

Fatma xanımın köməkçisi Məhərrəmə məsələni çatdırdım. O, sabah məsələni Fatma xanıma söyləyəcəyini dedi.

Televizoru açdım, kimsə çıxış edirdi. Çıxış edən belə bir ifadə işlətdi:

– Mustafa Topçubaşov məndən soruşdu ki, Qəhrəman, insanların beynində “qeyrət nöqtəsi”  varmı?

“Qeyrət nöqtəsi” ifadəsi Məmmədin yaman xoşuna gəlmişdi.

3 aprel – Müalicəyə gedəcəyimiz haqqında  hələ ki, dəqiq məlumatımız yoxdur. Mikayıl və  Zəlimxan xaricdə müalicəyə sərf oluna biləcək məbləğdən danışırdılar. Mən də danışığa qarışaraq fikrimi onlara çatdırdım ki, hamı o məbləğin şişirdilməsindən danışır. Deyirlər ki, sizə yalan danışırlar, o qədər pul çıxmaz.

Oxucularla Məmmədin görüşü  8 apreldən 16 aprelə keçirilmişdi. Mikayıl dedi ki,  cənab Heydər Əliyev mütləq görüşdə iştirak etmək istəyir. Amma bu saat vaxtı yoxdur. Mikayıl onu da əlavə etdi ki, prezident məktuba imza atıb, sizə 45 min dollar ayrılıb, deməli məsələ həll olunub. Sonra Mikayıl Fatma xanımla danışdı:

–  Fatma xanım, sizin sevinc payınızı mən aldım. Məmmədi səndən əvvəl mən sevindirdim. Sizin payınız flarmoniyaya qalsın.

Mətin Mirzə də gəlib onlara qoşuldu, aralarında kiçik bir ssenari hazırlayıb çəkiliş etdilər ki, yadigar qalsın.

Həmin gün  Türkiyədən bir verilişə baxırdıq. Məmməd:

– Yenə keçmiş hadisələr yenidən canlanır. Vaxtilə də türklər bizə kömək edib, qırğından qurtarıb.

4 aprel – Tofiq Mahmudla  “Seçilmiş əsərlər”in ikinci cildinə şəkilləri əlavə edib qaydaya saldıq. Rejissor Vaqif yaradıcılıq gecəsinə aid  ümumi  məlumat verdi.

–  Mikayıl və Vaqif gecəyə hazırlıqdan danışdılar… lakin fikirlər toqquşdu, mənə daha çox Mikayılın variantı xoş gəldi.

Hamı gecənin yaxşı alınmasına çalışır, çünki gecədə prezident iştirak edəcək. Qərara alındı ki, çıxışlardansa, şeirə çox yer ayırsınlar, çünki danışıqlar camaatı yorur. Məhərrəm Əhmədov xəbərdarlıq etdi ki, sabah Heydər Əliyev sizi qəbul edəcək.

8 aprel – Axşam saat 6-da Prezident aparatından ardımızca maşın gəldi. Yuxarı qalxdıq. Dəhlizdə bizi Fatma xanım qarşıladı. Məhərrəm Əhmədovun müşayəti ilə qəbul otağına  girdik. Otaqda çəkiliş üçün hər şey hazır idi. Heydər Əliyev cənabları öz otağından çıxıb Məmmədlə görüşdü və sözə başladı:

Çoxdan səninlə görüşmək istəyirdim. Məlumat verdilər ki, müalicən xaricdə mümkündür. Sərəncam vermişəm səni xaricə müalicəyə göndərsinlər. Elə cavanlığından  bir kənara çəkilib yazı-pozunla məşğul olmusan. Sən xalqımızın milli şüurunun oyanmasında çox böyük xidmətləri olan bir şairsən.  Sənin yaradıcılığın tədqiq olunmalıdır. “Dünya sənin, dünya mənim, dünya heç kimin”,  – bunu ancaq Məmməd Araz deyə bilər… Bunu hamı bilir ki, Mən sovet dövrünə aid olan yazıçıların üstündən xətt çəkmək istəyənlərin qəti əleyhinəyəm...

Söhbət səmimi keçdi.

Prezidenti aprelin 16-da keçirilən yaradıcılıq gecəsinə dəvət edib ayrıldıq.

Almaniyadan birinci çağırışa çatmadığımıza görə ikinci çağırışı gözləyirdik. İsa Məmmədov (Məmmədin dostu, İqtisad institutunun müəllimi) yaradıcılıq gecəsinin hazırlığına nəzarət etdiyini bildirdi:

– Fatma xanım da hər gün gəlir, baş çəkir. Gecənin aparıcısının kim olması üstündə mübahisə gedir.

Məmməd cavab verdi ki, kim olur-olsun, gecəni yaxşı aparsın…

(Davamı var)

Təqdim etdi: Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!