Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ustad şair Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəliqızı 2021-ci il iyulun 22-dən 23-nə kecən gecə dünyasını dəyişib… Əslində, o, uzun illər xəstəlikdən əziyyət çəkən Məmməd Araza həyat yoldaşı yox, həm də həkimi, dostu və sirdaşı olmuşdur… Elə bu dostluq-mehribanlıqdan doğan “Ömürdən yarpaqlar” kitabı da Gülxanım xanımın Məmmədsevərlərə bir hədiyyəsi-yadigarı idi… Kitab xanımın vəfatından, səhv etmirəmsə, iki il əvvəl işıq üzü görmüşdü. Və çap ediləndən sonra Gülxanım xanım onun bir nüsxəsini də “Təzadlar” qəzetinin redaksiyasına göndərmişdi. Bu da səbəbsiz deyildi. Kitabda həm də bir necə xatirədə “Təzadlar” qəzeti ilə bağlı olduqca maraqlı, hətta sensasiyalı faktlar misal çəkilirdi. Hansı ki, bizim bu kitab işıq üçü görənədək o hadisələrdən xəbərimiz olmamışdı.
***
SONDA: Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Naxçıvanın Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra, 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunda bitirib. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur. Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). 1993-cü ildən onun adına “Məmməd Araz” mükafatı təsis olunmuşdur . 2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və ölümündən sonra Fəxri Xiyabanda dəfn olunub.
***
“Ömürdən yarpaqlar” kitabından bəzi hissələr bir müddət əvvəl tezadlar.az saytında yayımlanmış və qəzetdə dərc edilmişdi… Oxucuların müraciəti və xahişi ilə belə qərara gəldik ki, kitabın tam versiyasını hissə-hissə təqdim edək. Çünki kitabda indiyədək heç birimizin bilmədiyi, xəbərsiz olduğumuz olduqca vacib hadisələr-tarixlər yatır…
Beləliklə: “Ömürdən yarpaqlar” kitabı:
Gülxanım Fətəliqızı
“Ömürdən yarpaqlar”
“KİMSƏ DUYMAZ, GİZLİCƏ AĞLAR
SƏSSIZ-SƏDASIZ QAYB OLAN YILLAR”
(Bir türk mahnısından)
Ədəbi şəxsiyyətlərimizlə, ədəbi həyatımızla bağlı dəyərli söhbətlərin cəmləşdiyi bu gündəliyin özü də Məmməd Araz ömrünün ayrılmaz bir hissəsidir. Onun dodağından qopan hər kəlmənin itib batmaması üçün 5 il vaxtımı sərf etmişəm.
Çəkilən adlara, bəzi hadisələrin işıqlandırılmasına etiraz edərək Məmmədin dediyi sözlər:
– Belə hadisələri, adamların adlarını yazmazlar. Bu, gələcəyə düşmən qazanmaqdır. Uşaqlara düşmən qazanmazlar. Hüseyn Cavidin qizi Turan xanımdan nümunə götürmək lazımdır. O, heç kimin adını tutmur, yazmır…
Pislik zoğdur. Pis adam əqrəbdən də, ilandan da qorxuludur. O, bütün həyatını ev yıxmağa, insanları ləkələməyə həsr edib. Özündən gücsüzlərə qənim, özündən güclülərə isə yazıqdır. Pis elə hamının yanında pisdir, hamı onu tanıyır, yazmaqla tanımırlar ki… “Bir dağa açıq məktub” şeirimdə yazmışam:
Sarmaşıqlar həmişə
Nəhənglərə sarınar.
Su udar, yem udar,
Sonra toxalar,
Xərçəngləşib çoxalar…
Dolaşdığı,
Yarpağı şirəsinə bulaşdığı
Gövdəni unudar….
Və ya:
Pislik şeytan əməlidir – deyərdi babam,
Yüz pisliyin darğasıdır bir namərd səsi.
Pis gövdədir; əzəl- axır yıxacaq zaman,
Pislik – zoğdur; o gizlənib, o göyərməsin.
Bu dünyada yamanları dəfn etmək asan,–
Yamanlığı dəfn eləmək çətindən-çətin.
Dar da qazsan, gen də qazsan, dərin də qazsan
Şeytan sığan qəbrə sığmaz şeytan xisləti.
(Ölüm yaxşılığı)
1990
Qoşub inadıma həqiqətimi
Zamanla üz-üzə dayanacağam.
20 iyul – Bir həftədən çoxdur ki, kənddəki evimizdə istirahət edirik. Nəvələrimiz də yanımızdadır. Qubada havalar sərin keçdiyi üçün istirahətimiz pis keçmir.
Həyətdə oturmuşduq, heç kimin yolunu da gözləmirdik.
Birdən Tofiq Mahmudun səsi eşidildi:
– Əmi, qonaq istəmirsən?
Məmmədin tutqun sifəti açıldı. Tofiq yoldaşı Rəfiqə, qızı Süsənlə qonaq gəlmiş və gəlişləri ilə bizi xeyli sevindirmişdilər. Tofiq sözarası bildirdi ki, onlar da Qubaya istirahətə gəliblər və Məmmədi yada salmağı özlərinə borc biliblər.
Oturub olub-keçənləri yada salırdıq ki, Quba milis şöbəsinin rəisi Zakir Kərimov və Quba rayon komsomol komitəsinin katibi də gəlib çıxdılar. Söhbət qızışdı və hiss olunmadan siyasətə yönəldi.
Zakir gəlməsinin səbəbini açıqladı:
– Məmməd müəllim, gəlmişəm ki, Sizi vertolyotla Bazar düzünə aparım, oradan Şah dağına baxaq.
Nədənsə Məmməd razı olmadı:
– Gülxanımsız getmək istəmirəm, nəvələrimi də vertolyota mindirmək olmaz, qorxarlar.
Qonaqlar xudahafizləşib getdilər.
29 iyul – Havalar qarışıb, yağış yağır. Qubanın “xasiyyətidir”, yağmağa ki, başladı, günlərlə hava açılmaz. Özümü nə üçünsə tənha hiss etdim. Amma çevrilib yanımda mışıldayan Toğrula və suallarını yağdıran Tuncaya baxıb təsəlli tapıram:
– Tək deyilsən, Gülxanım, beləcə, körpə aslanların var.
Yığışıb Bakıya qayıtdıq.
23 oktyabr – İşdən yaman kədərli gəldi, səbəbini soruşdum, dinmədi, bir az dincəldi və sonra kədərli olmağının səbəbini söylədi:
– Xəlili zaminə buraxıblar, yanına gedək. Ali Sovetə teleqram vurmuşdum. Yazmışdım ki, Xəlil günahkar deyil, xalqını müdafiə edir, xalqını müdafiə etmək günahdır? Əgər günahkardırsa,… onun bütün günahlarını öz boynuma götürməyə hazıram. Onun yerinə məni həbs edin.
Xəlilin taleyi üçün yaman narahat idi Məmməd.
– Böyük Tolstoy deyirdi ki, vətən “Yasnaya Polyanadan başlanır”. Bu nəhəng qoca bir kiçik aləmdən başladığı Vətənin ətəklərini bütün dünyanın sərhəd xətlərinə qədər çəkdi. Bizə isə Vətən sözünü dilinizə gətirmə – deyirlər…
(Davamı var)
Təqdim etdi: Asif MƏRZİLİ