“Blockchain Azerbaijan” icmasının növbəti görüşünü keçirdik.
Bunu Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
O, qeyd edib ki, görüşün əsas mövzularından biri stablecoin-lər və onların Azərbaycanda mümkün tətbiqi ilə bağlı oldu.
“Mərkəzi Bankın sədri Taleh Kazımov son açıqlamalarında rəqəmsal manat (CBDC) istiqamətində beynəlxalq təcrübənin hələ izlənildiyini, qarşıdakı dövrdə isə stablecoin-lərə daha çox fokuslanmağın Mərkəzi Bankın proqramında olduğunu bildirib”, – deyə o bildirib.
Lakin Osman Gündüz bəzi məsələlərin hələ də Mərkəzi Bank tərəfindən tam açıqlanmadığını vurğulayıb:
“Amma hələlik qeyri-müəyyənlik qalır. Taleh Kazımov stablecoin-i kimin buraxacağını açıqlamayıb. Yəni hələlik bilinmir ki, bunu Mərkəzi Bankın özü, kommersiya bankları, Fintexlər, elektron pul təşkilatları və ya digər lisenziyalı özəl qurumlar edəcək.
Bu açıqlama ölkəmizdə rəqəmsal maliyyə və virtual aktivlər ekosistemi baxımından yeni və maraqlı perspektivlər açır. Görüşümüzdə də məhz bu yanaşmanı, mümkün modelləri, beynəlxalq təcrübəni, tənzimləmə məsələlərini və yerli ekosistem üçün yarana biləcək imkanları müzakirə etdik.
Qərara gəldik ki, müzakirələr əsasında Blockchain Azerbaijan Mərkəzinin stablecoin-lərlə bağlı konkret təkliflərini hazırlayaq və Mərkəzi Banka təqdim edək”.
JASMİN