Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 İyul 2026 / 14:45

Milli Mətbuat Günü və biz!

…Milli Mətbuat Günü ilə bağlı yenidən gileylər başlayıb. Məsələn, filan qurum tədbir keçirdi, niyə məni dəvət etmədilər və s. kimi giley və güzarlar!
Yadıma təxminən 10-15 il əvvəl düşür. KİVDF rəhbərinin mediada at oynadan vaxtı idi. 22 iyula bir gün qalmış “Müxalifət”in rəhbəri Rövşən Kəbirli zəng edib dedi ki, sabah “Gülüstan”da tədbirdir, dəvət etməyiblər, dedim, hələki yox. Sonra “Proqnoz”un baş redaktoru Süleyman Osmanoğlu zəng etdi ki, sabah tədbirdir, mənə deməyiblər, bəs sənə dəvət var? Dedim, yox, amma gözləyək, dəvət etməsələr, acığa və qəsdən  birbaşa gedərik ora.

Dəvət etmədilər. Süleyman bəy dedi ki, yox, getməyək… Dedim, mən də sizinlə tamamilə razıyam ki, dəvət edilməyən yerə getməyək! Dedim, amma Süleyman bəy, bu deyim şəxsi məclislərə aiddir, bu isə ictimai məclisdir, özü də bizim bayramımızdır, birbaşa dəvət oldu-olmadı, gedək, özü də bir saat tez. Görək ora kimləri dəvət ediblər…!

Beləcə, 22 iyul Milli Mətbuat Günü «Gülüstan» Sarayındakı tədbirə dəvətsiz getdik. Məqsədimiz, təkrar edirəm, bu idi ki, dəvətlilərin sifətini görək, mətbuata aidiyyətini müəyyənləşdirək, sonra lazım gələrsə, sözümüzü deyək.

Sarayın qarşısında bir skamyada əyləşdik. Elə yerdə ki, gələnləri görək. İnanın, 70 faizini tanımadıq. Əsasən də hiss olunurdu ki, mətbuat xidmətlərinin gənc xanımlarıdır, cavan oğlanlardır, bir də bərbəzəkli qızlar idi və s. Əli Həsənov evində sağ, Vüqar Səfərli türmədə sağ, Rövşən Kəbirli sağ, yanlış nəsə desəm, desinlər, yalandır!

Sonra «Paralel»in baş redaktoru Tapdıq Abbas və digər mediakı bəzi dostlarımız bizi görüb salamlaşdı, görüşdük, içəri keçməyimizi deyirdilər, amma yalandan bildirirdik ki, guya təmiz havada oturmuşuq, gələcəyik.

Bir də gördük, Vüqar Səfərli əlində siyahı bayıra çıxdı Əli Həsənovu qarşılamağa… Dərhal yaxınlaşdım ki, Vüqar müəllim, deyəsən bizim adımız yoxdu siyahıda, yalandan dedi ki, olmalıdır axı…

Nə isə, Əli Həsənov da gəldi, tədbir başladı. Bu arada bir neçə redaktor da bizi görüb içəri səslədi, amma keçmədik. Hansı ki, içəri girməyə bir problem də yox idi. Bu bizim üçümüzün də dinc yolla media politiklərinə etirazımız idi. Etirazımızı etdik, amma bu yemək-içmək tədbirinə girmədik!

Süleyman Osmanoğlu üzümə baxıb bərk ağladı, çox təsirlənmişdi. Onu ağladan səbəb bəlli idi: vaxtilə müstəqil və azad mətbuat uğrunda birgə addımladığımız, piketlərində iştirak etdiyimiz, bu yolda dubinkalandığımız, aclıq aksiyalarında iştirak etdiyimiz, əlinə tikan batanda tədbirinə çağırıb səsinə səs verdiyimiz «media kapitanları»nın-baş redaktorların biri də MŞ sədri Əflatun Amaşova, Vüqar Səfərliyə, yaxıd Əli Həsənova (sonrakı illərdə də) demədi ki, ay Əli müəllim, bu ayrı-seçkilik nədən ötrüdür, səbəb nədir, niyə fərq qoyursunuz??? Amma biz fərqimizi çox yaxşı bilirdik. Mətbuat Şurasının Əsasnaməsi yazılanda ATƏT nümayəndələri ilə birlikdə, şəxsən mən özüm 3 gün Zaqulbadakı Gənclər Mərkəzində iclaslarda, müzakirələrdə olmuşam, təkliflərimi vermişəm və s. Mehman Əliyev, Elçin Şıxlı, Əli Həsənov, Rauf Arifoğlu, Qənimət Zahid, Əflatun Amaşov və başqaları ilə birlikdə… İndi necə oldu ki, biz yad olduq? Səbəb nə idi? Boyunduruğa girmək, ikiqat baş əymək, daim susmaq, kar, kor və lal olmaq! Bəs nə idi günahımız??? Və iki gün sonra Süleyman Osmanoğlu bu dərd ilə infarkt keçirdi, 2011-in iyulun 10-da bizi, daha doğrusu, ortaya ayrılığı salmışları və mətbuatı tərk edib biryolluq getdi! Yəni, o, necə deyərlər, üzüsulu ikən bu cür media camiəsindən uzaqlaşdı ki, hörmətsiz olmasın! Deməli, bizim (cəm halda) üzümüz bərk idi ki, uzun illər dözdük: Fəxri ad ummadıq, mənzil ummadıq, layihə ummadıq, amma başımızı dik tutduq və bugünədək də eləyik!

İnsafən, Media Agentliyi bu səfeh fərqqoymaları rədd etdi, yeni ənənə qoydu, peşəkarları mümkün qədər dəyərləndirməyindədir. Ola bilsin istisnalar, yaddançıxmalar olsun! Amma bəribaşdan bu fikirlərimlə razı olmayanlar da bilsin ki, «Təzadlar» MEDİA-nın layihəsindən keçmir neçə ildir, amma bununla belə, mən bildiyimi və gördüyümü deyirəm, eşitdiklərimi yox!

Deyəsən, uzun danışdım. Elə uzun sözün də qısası, Milli Mətbuatımızın Günü mübarək!

Asif MƏRZİLİ 

P.S.Fərq dedim, indi yadıma düşdü, həmin o susan həmkarlarımızın indiki ilə 15 il əvvəlki fərqini az qala hər gün görürük… Amma belə olmamalı idi!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!