Əsas məzmuna keç

Müdafiə Nazirliyinin bu zabitlərini 14 il azadlıqdan məhrumetmə gözləyir!

Müdafiə Nazirliyinin bir neçə zabitinə 1 milyon AZN-dən çox dövlət vəsaitini mənimsəmə ittihamı ilə cinayət işi açılıb. Polkovnik-leytenant Emin Əliyev, polkovnik Elnur Süleymanov, digər zabitlər – Məsud İbrahimov, Pərviz Abdullayev və başqaları xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunurlar. Onları 14 ilə qədər həbs cəzası gözləyir. Tezadlar.az xatırladır ki, MN-dəki bəzi maliyyə maxinasiyaları ilə bağlı açılmış cinayət işlərinin xronologiyası isə belədir:
2022-ci il: Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirdi. Maliyyə və satınalma strukturlarının bir sıra yüksək vəzifəli şəxsləri həbs edildi. İstintaqın nəticəsində dövlətə dəymiş ziyanın 143 milyon manat olduğu açıqladı. İş üzrə təqsirləndirilənlərin sayı 10 nəfərdən çox idi.
2024-cü il: Satınalma və Təchizat İdarəsinin sabiq rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək müvafiq olaraq 3 və 4 il həbs cəzası aldılar.
2025-ci il: 143 milyonluq işin əsas fiqurlarından olan general-mayor Nizami Məmmədov 11 il 6 ay, polkovniklər Cəlal Kazımov 11 il, Bayram Bayramov 11 il 6 ay, Vüsal Əlizadə isə 10 il 6 ay azadlıqdan məhrum edildi.
2025–2026: Müdafiə Nazirliyinin “İstirahət evi”nin rəisi mayor İlham Haqverdiyev rüşvət alma ittihamı ilə həbs edildi. 2026-cı ilin mayında isə məhkəmə ona cərimə cəzası verərək zalda azadlığa buraxdı.
2026-cı il: Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov 2021–2025-ci illərdə hərbi qulluqçuların tərxisinə kömək müqabilində təkrarən, külli miqdarda rüşvət almaqda ittiham olunaraq həbs edildi. İş məhkəməyə göndərilib. Eyni xarakterli əməllərdə iştirak etdiyi ehtimal olunan digər şəxslərlə bağlı istintaq ayrıca davam edir.
Yəni söhbət bir-iki təsadüfi hadisədən getmir. Təkcə ən böyük məlum iş üzrə dövlətə 143 milyon manat ziyan müəyyən edilib və 10-dan çox şəxs cinayət məsuliyyətinə cəlb olunub. Bununla yanaşı, ayrı-ayrı rüşvət və vəzifədən sui-istifadə işləri də məhkəmələrə gedib…
Bu dəfə yeni epizod məhkəmə istintaqında araşdırılacaq.
Səbuhi
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…