…Dünən şəhərin mərkəzindəki bir poliklinikanın rəhbərliyinə irad tutdum: 1. Şöbənin adında ədəbi dil normaları pozulub: “kompyuter” yox, “kompüter” yazılmalıdır. Əvvəlcə tərəddüd edirdi. Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin adını çəkəndən və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozduqlarını deyəndən sonra işçinin birinə zəng edib tapşırdı ki, lövhənin şəklini çəkib gətirsin və tapşırıq verdi ki, yeni lövhə sifariş etsinlər.
2. Növbəti iradım bu oldu ki, tibb işçiləri poliklinikaya gələnlərə “xəstə” yox, “pasiyent” deməlidirlər. Çünki pasiyent xəstə olmaya bilər, o həm də xəstəliyinin olub-olmamasından asılı olmayaraq tibbi xidmətlərdən istifadə üçün müraciət etmiş şəxs ola bilər.
Bu, məsələnin dil tərəfidir. Tibbi tərəfi isə ondan ibarətdir ki, pasiyentə xəstə deyə müraciət etmək onun səhhətinə istər-istəməz xoş olmayan təsir edə bilər. Səhv etmirəmsə, Lunaçarskinin sözüdür: “Əgər pasiyent həkimlə ünsiyyətdən sonra özünü əvvəlkindən daha yaxşı hiss etmirsə, o, həkim deyil”. Bunu deyəndə həmin vəzifəli şəxs hə deyib başını tərpətdi. Nəticəsi üçün zəmanət vermirəm…
Vasif SADIQLI,
mütəxəssis