Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Naxçıvan Günəş, hidro və külək enerjisi baxımından əhəmiyyətli potensiala malikdir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 258 milyon manat vəsaitin ayrılması regionda alternativ enerji istehsalının da artmasına imkan yaradacaq. Həmin vəsait hesabına ilk növbədə Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan “Tivi” su elektrik stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulub.
Tezadlar.az xəbər verir ki, Azərbaycan Energetika Nazirliyinin qiymətləndirməsinə görə, muxtar respublikanın bərpaolunan enerji potensialı təxminən 5000 meqavat (MVt) təşkil edir. Bu imkanlar Naxçıvanın yalnız enerji tələbatını ödəməsi deyil, gələcəkdə regional yaşıl enerji ixracatçısına çevrilməsi üçün əlverişli zəmin yaradır. Bu məqsədlə Naxçıvanın “Yaşıl Enerji Zonası” kimi inkişaf etdirilməsi istiqamətində layihələr həyata keçirilir.
Naxçıvanın alternativ enerji potensialında Günəş enerjisi xüsusi yer tutur. Günəş radiasiyasının əlverişli olması iri fotovoltaik stansiyaların yaradılmasına imkan verir. Dövlət siyasəti çərçivəsində 1500 MVt həcmində Günəş və külək enerjisi güclərinin yaradılması, bunun 1000 MVt hissəsinin Türkiyə və Avropa istiqamətində ixrac edilməsi hədəfi müəyyənləşdirilib.
MR-də hidroenerji də artıq enerji balansının mühüm komponentidir. 2024-cü ildə Naxçıvanda 490,4 milyon kilovat-saat (kVt/st) elektrik enerjisi istehsal olunub. Bunun 176,2 milyon kVt/st-ı su elektrik, 60,8 milyon kVt/st-ı isə Günəş elektrik stansiyalarının payına düşüb. Yeni Günəş enerjisi layihələri və perspektivdə külək enerjisinin inkişafı bu göstəricilərin əhəmiyyətli dərəcədə artırılmasına imkan verə bilər.
Naxçıvanın əsas strateji üstünlüklərindən biri Türkiyə ilə birbaşa sərhədə malik olmasıdır. Bu coğrafi mövqe gələcəkdə istehsal ediləcək yaşıl elektrik enerjisinin Türkiyə bazarına çıxarılmasını asanlaşdırar. Azərbaycan və Türkiyə arasında Naxçıvan üzərindən 1 giqavat (QVt) bərpaolunan enerjinin ixracını nəzərdə tutan enerji dəhlizinin yaradılması istiqamətində iş aparılır.
Bu məqsədlə Naxçıvanın enerji sisteminin Azərbaycanla əlaqələndirilməsi, yeni yarımstansiyaların və yüksəkgərginlikli ötürmə xətlərinin yaradılması mühüm əhəmiyyət daşıyır. Uzunmüddətli perspektivdə Naxçıvan–Türkiyə bağlantısının Azərbaycan–Türkiyə–Avropa yaşıl enerji dəhlizinin bir hissəsinə çevrilməsi mümkündür. Belə bir model Naxçıvanın enerji ixracı ilə yanaşı, regional enerji ticarətində strateji rolunu da gücləndirə bilər.
Naxçıvanın böyük alternativ enerji potensialının real ixrac imkanına çevrilməsi üçün yalnız yeni elektrik stansiyalarının tikilməsi kifayət deyil. Əsas məsələlərdən biri generasiya güclərinin ötürmə şəbəkəsi ilə paralel inkişaf etdirilməsidir. Günəş və külək enerjisinin dəyişkən xarakteri isə enerji saxlanc sistemlərinin və çevik enerji mənbələrinin yaradılmasını zəruri edir.
Bundan başqa, layihələrin maliyyələşdirilməsi, özəl və xarici investisiyaların cəlbi, uzunmüddətli elektrik alqı-satqısı müqavilələrinin bağlanması və transsərhəd enerji ticarəti mexanizmlərinin formalaşdırılması vacibdir. Naxçıvan üçün ən perspektivli model yalnız elektrik enerjisinin ixracı deyil, ucuz və təmiz enerjidən istifadə etməklə yaşıl hidrogen, enerji tutumlu sənaye və digər yüksək əlavə dəyərli məhsulların istehsalının inkişaf etdirilməsidir.
Nəticə etibarilə, Naxçıvanın üstünlüyü yalnız zəngin bərpaolunan enerji resurslarında deyil, həm də onun coğrafi mövqeyi, Türkiyə bazarına çıxışı və Azərbaycanın vahid enerji sisteminə inteqrasiya perspektivindədir. Bu imkanların düzgün koordinasiyası Naxçıvanı gələcəkdə Azərbaycanın mühüm yaşıl enerji istehsal və ixrac mərkəzlərindən birinə çevirə bilər.
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri onu deməyə əsas verir ki, bu məsələlər dövlət başçısının diqqət mərkəzindədir. Səfər çərçivəsində Prezidentin Naxçıvan şəhərində inşa edilən, ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olması bu sahədə böyük işlərin görüldüyünü göstərir.
25 MVt-lıq “Şəms 1” layihəsi müəyyən edilmiş bərpaolunan enerji mənbələri ərazisində 52 hektar sahədə həyata keçirilir. “CEİ Naxçıvan” MMC tərəfindən artıq 10 MVt gücündə Günəş panellərinin quraşdırılması başa çatdırılıb. Tikinti-quraşdırma işlərinin bu ilin noyabrında yekunlaşdırılması planlaşdırılır. Şəbəkə infrastrukturunun inşası yekunlaşdıqdan sonra stansiya istismara veriləcək və illik təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsal olunacaq. Potensialın yüksək səviyyədə olması və ondan səmərəli istifadə yaxın illərdə Naxçıvanı enerji ixracatçısına çevirəcək.