Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2026 / 15:30

Nənəmin cəhrəsi, babamın dəhrəsi…

(Anam Gözəlin xatirəsinə)
Bağrını bayqular dağlayan yurdun,
Torpağı əkilmir, otu biçilmir.
Dərdini sinəmdə ağlayan yurdun,
Yolları görünmür, izi seçilmir.
Yenə bahar gəldi, qaynadı qanım,
Könlümə öz elim, öz obam düşdü.
Ölümü, dirimi gərəkdi anım,
Yadıma gül nənəm, nər babam düşdü.
Nənəmin cəhrəsi segahlı gecə,
O səsdən, nəfəsdən qəm tökülürdü.
Əlçimlər yumağa dönərdi necə,
Nənəmin gözündən nəm tökülürdü.
Onda həyatımız ağ idi hələ,
Gərdişdən, dönüşdən xəbər yoxuydu.
Ləşkər arzularım sağ idi hələ,
Analı-bacılı ömrüm toxuydu.
Nənəmi oxudan cəhrəni bəzən,
Sevməzdim, görməyə gözüm olmazdı.
Gündüzlər həmişə şad-xürrəm gəzən,
Nənəmdə gecələr dözüm olmazdı.
Eləcə cəhrəyə toxunan kimi,
Könlünün dərdləri dilə gələrdi.
Qəmli bayatılar oxunan kimi,
İtmiş arzuları ələ gələrdi.
Xəbəri yoxuydu ağlar səsindən,
Yorğanı başıma çəkib dolurdum.
Onun zümzüməli, gül nəfəsindən,
Necə saralırdım, necə solurdum.
Babamın dəhrəsi təbil səsiydi,
Quru budaqları şalqam edərdi.
Babamın dəhrəsi təbib səsiydi,
Bağ-bağatımızı sağlam edərdi.
İnsan qocaldıqca demə ucalar,
Nənəm də, babam da insan acıydı,
Pislikdən uzaqda duran qocalar,
Bir nəslin əbədi şöhrət tacıydı.
Ömrü qovhaqovla çapıb getdilər,
Nənəmin cəhrəsi sahibsiz qaldı.
Sanki çıxış yolu tapıb getdilər,
Babamın dəhrəsi sahibsiz qaldı.
Nənədən, babadan nişanə çoxdu,
O cüt yadigarın yeri boş qaldı.
Cəhrəni, dəhrəni işlədən yoxdu,
Tələblər dəyişdi, zaman başqadı.
Tələbə həyatım şəhərə sığdı,
Tətildən-tətilə kəndə dönərdim.
O pak duyğularım qəhərə sığdı,
Fikirlər içində dərdə dönərdim.
Gözlərim gəzərdi küncü-bucağı,
Ağzını pas tutmuş dəhrə görərdim.
Könlümdən keçəndə nənə qucağı,
İynəsi qaralmış cəhrə görərdim.
Alışa bilmirdim mən bu möhnətə,
Hər kədər zamanla ötər- deyiblər.
İllərdir dözürük biz bir töhmətə,
Yurdsuzluq hər dərddən betər- deyiblər.
 Flora Xəlilzadə, 
Əməkdar jurnalist
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!