Olimpiya çempionumuz niyə Avropa çempionatından kənarda qaldı?

Oxunma sayı: 639

Monteneqroda təşkil olunacaq böyüklər arasında cüdo üzrə Avropa çempionatında iştirak edəcək yığma komandamızın tərkibində gözlənilməz dəyişiklik baş verib.

Tezadlar.az xəbər verir ki, milli komandamızın əsas üzvlərindən biri, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov (-73 kq) səhhətində yaranan problem səbəbilə həkimlərin rəyinə əsasən heyətdən kənarlaşdırılıb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Olimpiya çempionumuzun əvəzinə bu çəki dərəcəsində ölkəmizi Rəşid Məmmədəliyev təmsil edəcək. “Böyük Dəbilqə” və Qran-Pri yarışlarının gümüş mükafatçısı olan Rəşid Məmmədəliyev, həmçinin bir sıra beynəlxalq yarışların da qalibi adını qazanıb.

Qeyd edək ki, Monteneqorda keçiriləcək Avropa çempionatına sabah start veriləcək. Aprelin 26-dək davam edəcək fərdi yarışlarda 48 ölkədən 414 (229 kişi, 185 qadın) cüdoçu mübarizə aparacaq. Azərbaycan komandası qitə çempionatında 15 (9 kişi, 6 qadın) cüdoçu ilə təmsil olunacaq. Aprelin 27-də isə cüdoçular qarışıq komanda yarışlarında qüvvələrini sınayacaqlar.

RÖVŞANƏ

 

Xəbəri paylaş

23 May