Orta məktəblərdə təhsil pulludursa… – NAZİR EMİN ƏMİRULLAYEVİN MENYUSUNA

Məktəblərdə valideyn komitələri: könüllülük, yoxsa məcburi öhdəlik?

Yenə dərslər başladı və yenə də uşaqlar məktəbdən çox hazırlıq kurslarına üz tutdular. Amma bu hazırlıq “yarışı”nın axırı hara gedəcək, heç kim bilmir. “Hazırlıq” sözü deyilən kimi, valideynin ağlına ilk olaraq hesab-kitab düşür: hansı müəllimə nə qədər ödənəcək? Hər evdə eyni sual, eyni narahatlıq… Artıq vəziyyət bazara bənzəyir: bir müəllim deyir filan məbləğ, digəri bir az da çox istəyir. Hərənin öz qiyməti, öz “tarifi” var. Valideynlər isə, seçim qarşısında qalır.  Nəticə isə dəyişmir və ildən-ilə hazırlıq qiymətləri qalxır, amma kasıb ailələrin gəlirləri yerində sayır. Bu yükü kim daşıyacaq, bu gedişatın sonu necə olacaq? Göründüyü kimi suallar açıq qalır.

Söhbət təkcə hazırlıq xərcləri ilə bitmir. Yeni tədris ilinin başlanması ilə yanaşı, valideynlərin illərdir üzləşdiyi başqa bir problem də yenidən gündəmə gəlir: valideyn komitələrinin pul toplaması. Əslində, komitələrin məqsədi müəllimə və məktəbə dəstək göstərmək, lazım olan məsələlərdə valideynləri birləşdirmək olmalıdır. Lakin bir çox valideyn deyir ki, bu iş çox vaxt məcburi öhdəliyə çevrilir və ailələrin üzərinə əlavə maddi yük qoyur.

Məktəblərdə yeni tədris ili başlayır, amma köhnə problemlər də qapını döyür. Sinif otaqlarında dərs başlamazdan əvvəl bir başqa “dərs” keçirilir: valideyn komitələrinin pul yığımı. Bir müəllimənin əlaltısı olan valideyn düşür ortaya və adamı sözlə nakaut edir.

Valideynlərdən pul toplama kampaniyası başlayır: Elə bil bazarda alver gedir – biri deyir “gül pulu”, o biri deyir “gündəlik pulu…”.

Ay camaat, indi də pullu iş dəftəri peyda olub. Təhsil Nazirliyinin kitabları var axı, onları niyə veriblər? Başa düşən varsa, mənə də izah etsin! Elə bil bir tərəfdən pulsuz kitab verirlər, o biri tərəfdən də “gizli vergi” kimi geri yığırlar.

Bir sözlə, dərs başlayar-başlamaz kartlar göydən yağır: “filan şey üçün bu qədər pulu hazırlayın”. Vallah, işə çatmamış telefona mesaj gəlir: buna 5 manat at, ona 10 manat at. Adam elə bil uşağı məktəbə yox, hansısa “fond yığımına” göndərir.

İndi də qarşıdan 5 oktyabr – Müəllimlər Günü gəlir, artıq pul yığımı başlayıb. Ən azı 20 manat. Bir uşağa 20, iki uşağa 40, üç uşağı olanın vay halına – 60 manat. İnsaf da yaxşı şeydir axı, məktəb oxutmaq yox, sanki ipoteka bağlamaqdır! Mənim qənaətim budur ki, bəzi direktorlar, müəllimlər Təhsil naziri Emin Əmrullayevi saymırlar. Saymış olsaydılar, heç olmasa hörmət xətrinə onun tapşırığını pozmazdılar.

Nazirin sözlərini bir daha burda xatırladıram ki, oxumayan da oxusun, eşitməyən də eşitsin:

Emin Əmrullayev:5 oktyabr – Müəllimlər Günü ilə bağlı məktəblərdə hədiyyə üçün və ya nağdı  pul vermək üçün pul yığılması halları qətiyyən yolverilməzdir. Nazir vurğulayıb ki, bu cür hallar müəllim peşəsinə hörməti aşağı salmaqla yanaşı, rüşvət kimi qiymətləndirilir və məsuliyyət doğurur. Onun sözlərinə görə, təsdiqlənən faktlar üzrə məktəb rəhbərləri təkcə xəbərdarlıq və ya işdən azadolma ilə deyil, həm də birbaşa cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

 Ancaq “balıq başdan iylənər” deyirlər. Hansı məktəbdə pul yığılırsa, hansısa özbaşınalıq baş verirsə, günahın başlıca ünvanı məhz direktorun özüdür! Çünki məktəbin içində baş verən hər şeyin məsuliyyətini daşıyan rəhbərdir. Əgər direktor istəsə, belə halların qarşısını bir günə ala bilər. Bəs nazirlik niyə yox?! Amma ya göz yumur, ya da prosesin bir parçasına çevrilirlər.

Ötən gün sosial şəbəkədə qarşıma çıxan bir valideynin sözləri də bunun bariz nümunəsidir. O, komitələrin pul toplamasını etirazını bu cür ifadə edir: “Yox, 20 manat azdır, 50 olsun, daha çox toplayaq… Nə vaxt etiraz edirsən ki, imkanım yoxdur, dərhal üzünə deyirlər: “Hər şeyə imkan var, amma müəllimə çatanda olmur? Müəllimə əziyyət çəkir.”Bəli, müəllimə əziyyət çəkir, amma axı dövlət onun əziyyətinə görə maaş verir. Rayondakı müəllimlər əziyyət çəkmir? Yalnız şəhərdəki müəllimlər əziyyət çəkir? Ali məktəblərə qəbul olunanların 90 faizi kənd uşaqlarıdır. İnanın, şəhərdə üç uşaq oxutmaq üçün gərək nazirlikdə işləyəsən. 50 manatı müəllimlər pul hesab etmir – “50 manat nədir ki, mən ona layiq deyiləm” kimi yanaşırlar. Halbuki rayonda bir plastik gül aparırsan, müəllim elə təşəkkür edir ki, sanki dünyanı bağışlamısan. Bakıda isə hər şey puldur. Sonra da deyirlər ki,  orta məktəblərdə təhsil pulsuzdur.”

Bəli orta məktəblər artıq demək olar ki, korrupsiya və rüşvət yuvasına çevrilib. Bir tədbirdə nazir Emin Əmrullayevə sual verirlər ki, məktəblər də pul yığılır, bunun qarşısını necı almaq olar? Nazir belə cavab verir: “Bizim vaxtımızda da pul yığılırdı”.

 Təsəvvür edin, nazir yuxarıda özünün qeyd etdiyim ki, demir ki, bunun qarşısını almaq üçün düşünürük, amma deyir ki, “Bizim vaxtımızda da pul yığılırdı”. Nazir bu cavabı ilə pul yığımına haqq qazandırmırmı? Belə olan surətdə orta məktəblərdə pul yığımı kampaniyası daha geniş vüsət götürəcək. Mən bir təcrübəli valideyn kimi bütün bunların şahidiyəm. Bir düşünün, bəzi valideynlər təkbaşına uşaqlarını böyüdürlər. Ya qadın, ya da kişi, tək baxır övladına. Bəs onlar hardan tapsın bu pulları?

Azərbaycanda normal maaşlı iş çox azdır. 10-15 faiz insan  yaxşı maaş alır, qalanı sürünə-sürünə dolanır. Yeməyini-içməyini güclə çatdırır, onu da gətirib məktəbə tökür. Axı müəllimlərin maaşını dövlət verir də, daha nə istəyirsiniz?

***

…Uşaq oxumaq üçün mütləq hazırlığa getməlidir. Niyə? Məktəb oxutmaq, təhsil vermək üçün deyil??? Dövlət də məktəbli geyimlərini eyni formaya salıb ki, ayrı-seçkilik olmasın. Amma bəzi müəllimlər hazırlığa getməyən uşaqları “gözümçıxdıya” salır. Üstəlik, şərt qoyub deyirlər ki, uşaq hazırlığa getsin, amma mütləq öz müəlliminin yanına getməlidir.

Bu, artıq açıq-aydın məcbur etmədir. Qazancımızın çoxu hazırlığa gedir. Halbuki başqa ölkələrdə müəllimlər məktəbdəcə dərsi yaxşı keçir və uşaqları savadlandırır. Nənəmiz-babamız Sovet dövründə hazırlığa gedib məgər?

Bayramlarda pul yığılır. Direktor deyir ki, mənim xəbərim yoxdur. Əgər belə deyirsə, deməli, xəbəri var. Təbii ki, yığılan puldan direktora da çatır. Bunun qarşısını Təhsil Nazirliyi almalıdır, amma görünür, Emin müəllimin hələ vaxtı və həvəsi yoxdur. Məncə, nazir uşaqları xüsusi məktəb-gimnaziyalara yox, məsələn, Əhmədlidəki bir məktəbə getsə, məktəbdə tədrisin nə olduğunu gözəl bilər!

Bəzi hallarda valideynlərin özləri də günahkardır. Çünki yaltaqlıq etmək üçün qabağa düşür, “konsert” verir, başqalarını da məcbur edirlər. Bir sözlə, “Olmasaydı cahanda sarsaqlar, ac qalardı yəqin ki, yaltaqlar.”

 Axırda valideynlər bezib M.Ə.Sabirin başqa şeirini deyəcəklər:

“Uşaq mənimdir əgər, oxutmuram əl çəkin,

Eyləməyin dəngə-sər, oxutmuram əl çəkin”.

Elşad FƏRMANOĞLU

Xəbəri paylaş