Bu bizik?!
Bu gün polyak pedaqoq, Məhəmməd Əmin Rəsulzadənin ikinci həyat yoldaşı Leyla Rəsulzadənin doğum günüdür. (doğum adı: Vanda Rozanska (pol. Wanda Różańska)
Vanda xanım 23 iyun 1895-ci ildə Polşanın paytaxtı Varşavada anadan olub. Bildiyiniz kimi M.Ə.Rəsulzadənin siyasi fəaliyyəti Polşa ilə sıx bağlıdır. Elə Vanda xanımla da ilk görüşü paytaxta baş verir. Çox çəkmir ki, bu tanışlıq 3 may 1936-cı ildə Parisdə evlilik ilə nəticələnir. Yəni M.Rəsulzadə ailəsinin sürgünə göndərildiyini və həyat yoldaşının da vəfat etdiyini öyrəndikdən sonra polyak əsilli Vanda xanımla ailə qurub, birgə yaşayıb. Hər ikisi Ankaradakı milli kitabxanada çalışıb. Lakin onların bu evlilikdən övladları olmayıb.
Bu ülvü hisslər isə hər gün böyüyürdü. Məmməd Əmin Rəsulzadə ona “Leyli və Məcnun” poemasından ilhamlanaraq, ona “Leyla” deyə müraciət etməyə başlayır. Maraqlıdır ki, Vanda xanımın adının Leyla olmasına razılıq versə də xristianlığında qalır.
Təbii ki, Rəsulzadənin həyat yoldaşı olmaq sadə məsələ deyildi. Lakin bu mənada Rəsulzadənin bəxti gətirmişdi. Çünki bu evliliyin ilk günündən son gününədək Leyla xanım həmişə M.Ə.Rəsulzadənin yanında olmaqla ömür gün sirdaşı olub. Bu iki insanı birləşdirən ortaq dəyərlər çox idi. Ən böyük dəyər isə onları birləşdirən milli mücadilə və azadlıq sevgisiidi…Vanda xanım o zaman Polşanın rusların əsarətində olan torpaqlarında dünyaya gəlmişdi. Ailəsi də müstəqillik qazanmaq üçün Rusiyaya qarşı çox mübarizə aparmışdı. Onlar Sibirə sürgün edilmişdilər. Burada təhsil ancaq rus dilində aparıldığından doğma lex dilində danışmağa imkan verilmirdi. Bu və digər məhdudiyyətlər getdikcə Vandanın ruslara olan nifrət hissinin yaranmasına, böyüməsinə səbəb oldu. Rus dilini ana dili kimi bilməsinə baxmayaraq sonralar işszi olsa da rus dili müəlliməsi kimi çalışmağı qəbul etmədi.
Çox təəssüf ki, Məhəmməd Əmin Rəsulzadənin 1955-ci il vəfatından sonra Leyla xanımın qara günləri başlayır. O, Ankarada kasıb həyat sürməyə başlayır. Hətda elə olur ki, qaldığı evin kirayə pulunu verməyə belə çətinlik çəkir. Onun evinə heç günəş şüaları düşmürmüş. Rütubətli-nəmli bir zirzəmi olub. Çox ləyaqətli, qürurlu qadın olub. Heç kimdən yardım istəməyib.Tənha və yoxsul bir həyat sürən Leyla Rəsulzadə 21 may 1974-cü ildə mədə qanamasından müalicə aldığı Ankara xəstəxanasında vəfat edir. Bu vaxt onun 78 yaşı var idi…O, Cəbəci Əsri məzarlığının xristian bölməsində, 504-cü ada 55 parseldə dəfn edilir.
Üstündən illər keçir…məzarı belə unudulur. Və yalnız 43 il sonra məzarı tapılır. Və 2017-ci ildə Azərbaycan Kültür Dərnəyin və Anıtlar Dərnəyinin təşəbbüs və dəstəyi ilə onun yararsız hala düşmüş məzarı bərpa edilir.
Leyla xanım fədakar qadın idi. Bu fədakarlığı onun ölümü haqda “Azerbaycan” dərgisinin 1974-cü ildə çap olunan 210-cu sayındakı nekroloqunda da qeyd olunub. Maraq doğuracağını nəzərə alıb nekroloqun tam mətnini və Rəsulzadə ilə Leyla xanımın birgə fotolarını sizlərə təqdim edirəm:
“May ayının sonunda Məhəmmədəmin Rəsulzadənin mühacirətdəki həyat yoldaşı Leyla xanım da mədə qanamasından müalicə aldığı Ankara xəstəxanasında fani dünyaya vida etdi.
Ömrünün 30 ilini xroniki şəkər xəstəliyi ilə mücadilə içində keçirən mərhum milli öndərimiz Rəsulzadə 1930-cu illərdə Varşavada mətbu fəaliyyəti zamanı bir tərəfdən düşmənin əsir türklərə qarşı davam etdirdikləri politik, ekonomik və mədəni basqı və sömürgəçiliyi sərt qələmi ilə cavablamaqla məşğul ikən, digər tərəfdən də içini gəmirən xəstəliklə mücadilə etmək məcburiyyətində qalırdı. Şəkər xəstəliyinin başlıca müalicə üsulu hesab edilən pəhriz rejiminə sıx şəkildə əməl etmək gərəkli idi. Bu isə ancaq vəfalı bir həyat yoldaşının olması ilə mümkün idi. Ona görə də Əmin bəy xarici bir mühitdə polyak əsilli Leyla xanımı özünə həyat yoldaşı olaraq seçmişdi. Əmin bəy 1955-ci ilin martında həyata gözlərini qapadığı ana qədər vəfalı yoldaşı Leyla xanım istər nisbi sağlığında, istərsə də xəstəliyinin kriz vaxtlarında başı ucundan bir an belə ayrılmayıb, sevə-sevə, hər cür məşəqqətlərə qatlanaraq bir xəstə baxıcısı kimi qulluq etmişdir. Bütün bunları edərkən, Leyla xanım sadəcə bir həyat yoldaşı kimi deyil, eyni zamanda Əmin bəyin böyüklüyünü və müştərək düşmənə qarşı mücadilədə güclü şəxsiyyətini nəzərə alıb hərəkət edirdi. Buna görədir ki, Əmin bəyi sevən hər kəs Leyla xanıma da ürəkdən sayğı duyur, təqdir edərdi. Ruhu şad olsun”
Sözardı: Leyla xaımın məzarı bura gələn azərbaycanlılların, o cümlədən Müsavat Başqanı İsa Qəmbərin müsavatçılarla birlikdə ziyarət yerinə də çevrilib. Bu ziyarət 2017-ci ilin 24 dekabrında baş tutub.
sözardı1 .Məzar isə burada yaşayan jurnalist Könül Şamilqızı tərəfindən aşkarlanıb. O, Leyla Rəsulzadənin məzarının “Əsri” qəbiristanlığında olduğunu sənədlərlə sübut edib.