Son zamanlarda Polşanın anti-Azərbaycan siyasəti diqqət çəkir. Adıçəkilən ölkənin Azərbaycana qarşı sərgilədiyi mövqe və əleyhimizə addımları təəccübə səbəb olub. Son zamanlarda mütəmadi şəkildə Polşa ölkəmiz əleyhinə addımların atıldığını görürük. Bəs buna səbəb nədir? Mövzu ilə bağlı tezadlar.az-a açıqlama verən politoloq Azad Məsiyev deyib ki, bu siyasətin əsas məqsədlərindən biri Azərbaycanı təzyiq altında saxlamaq və ölkədən Rusiyaya qarşı istifadə etməkdir:
“Azərbaycan xarici siyasət taktikasında qonşularla dinc yanaşı yaşamaq prinsipini həmişə əsas meyar götürür və münasibətlərin beynəlxalq hüquq müstəvisində tənzimlənməsində maraqlıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazisindən üçüncü tərəfin qonşular əleyhinə fəaliyyət göstərməsinə icazə verilməyəcək. Yəni nə Rusiyanın, nə də İranın əleyhinə Azərbaycan ərazisindən istifadə olunmasına yol verilməyəcək.
Bu baxımdan Qərbin və Avropa İttifaqının məqsədi Cənubi Qafqazın üç respublikasını öz təsir dairəsinə salaraq Rusiyaya qarşı istifadə etməkdir. Avropanın məqsədi Rusiyanı dünya siyasi xəritəsindən təcrid etməkdir. Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyanın Avropa ilə əlaqələri kəsilib, Rusiyanın cənub cinahı isə Azərbaycan üzərindən həyata keçirilir. Qərb çalışır ki, Azərbaycan və digər Cənubi Qafqaz respublikalarını öz təsirinə salsın və Rusiyaya qarşı istifadə etsin.
Gürcüstanın prezidenti və baş naziri də açıq şəkildə bəyan ediblər ki, Avropa Gürcüstana Rusiyaya qarşı ikinci cəbhənin açılması istiqamətində təzyiq göstərir. Bu isə Cənubi Qafqazda xaos yaratmaq deməkdir. Bu baxımdan Avropanın müvafiq institutları tərəfindən, o cümlədən AŞPA-da Azərbaycana qarşı aparılan təzyiq kampaniyası da həmin siyasətin tərkib hissəsidir”.
Politoloq qeyd edib ki, Ukrayna münaqişəsində Rusiya əleyhinə xüsusi oyunçulardan biri də Polşa idi:
“Polşa, Böyük Britaniya və Fransa Ukrayna Prezidenti Volodimir Zelenskini xüsusilə dəstəkləyir, Rusiyaya qarşı aktiv müqavimət göstərməyə təşviq edirdilər. İndi isə həmin Polşa Cənubi Qafqaz respublikalarından biri olan Azərbaycana təzyiq göstərməyə, onu öz təsir dairəsinə salmağa və Azərbaycandan bir vasitə kimi istifadə etməyə çalışır. Son vaxtlar ayrı-ayrı Avropa dövlətlərinin Parlament Assambleyasında Azərbaycana qarşı təzyiq kampaniyası apardığının, qərəzli davranış nümayiş etdirdiyinin şahidiyik. İndi də Polşanın açıq şəkildə Azərbaycan əleyhinə təbliğat apardığını və fəaliyyət göstərdiyini görürük.
Bu, Azərbaycana təzyiq etmək, ölkəni öz təsir dairəsinə salmaq və Rusiyaya qarşı istifadə etmək niyyətindən xəbər verir. Necə ki, Ukraynanın Prezidenti Volodimir Zelenskini qızışdırdılar, oyuna saldılar və bu gün Ukrayna öz ərazisini itirib. Bu gün həmin münaqişənin nəticəsidir ki, Avropa iqtisadiyyatı çökməkdədir. Avropada baş verən xaosun yaranmasında Avropa dövlətlərinin, o cümlədən aparıcı dövlətlərdən biri olan Polşanın da siyasətinin rolunun olduğunu hesab edirəm. Polşanın siyasəti nəticəsində bu gün Avropa ilə Rusiya arasında savaşın başlaması ərəfəsindəyik. Süni problemlər və təxribatlar törədilir ki, Rusiya ilə münaqişə başlasın”.
Həmsöhbətimiz əlavə edib ki, Avropa sivilizasiyası bəşəriyyət üçün təhlükəli bir siyasət həyata keçirir:
“İstər Birinci Dünya müharibəsi, istər İkinci Dünya müharibəsi, istərsə də hazırda Ukrayna ərazisində gedən müharibə bunun nəticəsidir. Bu savaşın yalnız Ukrayna ilə Rusiya arasında getdiyini düşünmürəm. Faktiki olaraq Avropa ilə Rusiya arasında gedən qarşıdurmadan söhbət gedir. Bu müharibələrin nəticəsində milyonlarla insan qətlə yetirilib və hazırda da bəşəriyyət üçün təhlükəli siyasət həyata keçirilir.
Böyük Britaniya, Fransa, Almaniya və Polşa Rusiyanı müharibəyə cəlb etmək istəyirlər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da açıq şəkildə bəyan edib ki, Avropa ilə Rusiya arasında savaş başlayarsa, bu, qısa müddətli savaş olacaq. Bu nə deməkdir? Bu, nüvə silahının, atom bombasının işə düşməsi ilə nəticələnə bilər. Bununla da bəşəriyyət böyük əziyyət çəkəcək.
Buna baxmayaraq, Azərbaycan xarici siyasətində çoxvektorlu siyasət yürüdür. Avropanın ayrı-ayrı dövlətləri ilə ikitərəfli əməkdaşlıq genişlənir, iqtisadi əlaqələr inkişaf edir. Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqına daxil olan 10 dövlətlə enerji sahəsində əməkdaşlıq edir”.
Onun sözlərinə görə, Avropadakı bəzi qüvvələr Cənubi Qafqazda xaos yaratmaq istəyirlər:
“Cənubi Qafqazın aparıcı dövləti Azərbaycandır. Azərbaycan regionda sülhün və əmin-amanlığın bərqərar edilməsi üçün praktiki addımlar atır. Ermənistan 30 il Azərbaycanın ərazilərini işğal edib, ölkəyə böyük ziyan vurub və soyqırımı siyasəti həyata keçirib. Buna baxmayaraq, Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar edilməsi üçün praktiki addımlar atır. Ermənistan üçün strateji yüklərin daşınmasına icazə verilir. Hətta Ermənistanın enerji böhranını aradan qaldırmaq üçün ona benzin və dizel yanacağı satılır. Bu, Azərbaycanın praktiki sülh təşəbbüsüdür.
Azərbaycan qonşularla dinc yanaşı yaşamaq siyasəti həyata keçirir. İstər Rusiya, istər İran, hətta Ermənistanla dinc yanaşı yaşamaq üçün praktiki addımlar atır. Bu siyasət isə Avropanı qane etmir. Avropanın aparıcı dövlətlərindən biri olan Polşa Cənubi Qafqazda xaos yaratmaq, Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaq və ölkəyə qarşı qərəzli davranışlar nümayiş etdirmək siyasəti həyata keçirir.
Təkcə Azərbaycan deyil, Polşanın Belarus və Rusiya ilə bağlı da bu cür avantürist çıxışlarının şahidi olmuşuq. Baxmayaraq ki, Polşa Avropanın üçüncü dərəcəli dövlətlərindən biri hesab olunur, bu proseslərdə bir alət kimi çıxış edir”.
A. Məsiyev söyləyib ki, başda Polşa, Fransa, Almaniya və Böyük Britaniya olmaqla, Avropa dövlətləri bəşəriyyət üçün təhlükəli siyasət həyata keçirirlər:
“Münaqişələri yaratmaq və söndürmək əvəzinə, onları qızışdırmaqla genişləndirmək istəyirlər. Azərbaycana qarşı bu siyasət də Cənubi Qafqazda yaranmış sabitliyi pozmaq cəhdlərinin tərkib hissəsidir. Gürcüstanın prezidenti və baş naziri açıq şəkildə bəyan ediblər ki, Avropa Gürcüstana Rusiyaya qarşı cəbhə açması üçün təzyiq göstərir. Bu, Cənubi Qafqazda xaos yaratmaq deməkdir. Həmin xaosun içərisinə Azərbaycanı da sürükləmək istəyirlər.
Təbii ki, Azərbaycan bu cür davranışlara adekvat cavab verəcək, verir və verməkdədir. Azərbaycan ictimaiyyəti də bu cür davranışlara sərt mövqeyini nümayiş etdirir. Azərbaycanın daxili işlərinə qarışmaq yolverilməzdir. Azərbaycanla böhtan və şantaj dili ilə danışmaq qəbuledilməzdir. Azərbaycan həm regional, həm də geosiyasi baxımdan proseslərə təsir etmək gücünə malik dövlətdir. Ölkə həm qonşularla münasibətlərdə, həm də geosiyasi proseslərdə fəal iştirak edir. Azərbaycan beynəlxalq aləmdə sülhün və əmin-amanlığın yaranması üçün təşəbbüslərlə çıxış edir. Azərbaycanı hər hansı münaqişəyə və təxribata cəlb etmək qəbul edilməyəcək. Azərbaycan dostu ilə dost, düşmənlə düşmən olacaq”.







