Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Axşam saatlarında bir anda beyniniz panikaya düşür: göndərilməmiş məktub, tamamlanmamış təqdimat, sabahkı iş siyahısı… Fikirlər dayanmaq bilmir və kifayət qədər məhsuldar olmamaq hissi insanı rahat buraxmır. Psixoloqlar bu vəziyyəti axşam təşvişi adlandırırlar. Günün sonunda xarici səs-küy azalanda daxili narahatlıq daha da güclənir.
Tezadlar.az xarici mediaya istinadla xəbər v erir ki, neyropsixoloq Sanam Hafeez axşam saatlarının niyə günün ən narahat hissəsinə çevrildiyini izah edib.
Mütəxəssislərin fikrincə, müasir insan daim informasiya axını içində yaşayır. İnsanlar səhər yeməyi zamanı mesaj cavablandırır, yatmazdan əvvəl iş çatlarını yoxlayır, mağazaya gedərkən podkast dinləyir və paralel olaraq beynində növbəti günün planlarını qurur.
Bu səbəbdən beynin demək olar ki, fasilə imkanı qalmır. Vaxtilə istirahət ilə assosiasiya olunan axşam saatları isə getdikcə daxili gərginlik dövrünə çevrilir. Gün bitsə də, “heç nəyi çatdırmadım”, “yetərincə effektiv olmadım” və ya “sabah daha çətin olacaq” hissi yaranır.
Axşam təşvişi nədir?
Bu, tibbi diaqnoz deyil, günün sonunda yaranan gərginlik, təşviş və emosional yüklənməni ifadə edən psixoloji termindir. Bəzi insanlar üçün axşam istirahət vaxtı olsa da, bir çoxları məhz həmin saatlarda daxili narahatlıq yaşayır.
Sanam Hafizin sözlərinə görə, gün ərzində beyin görüşlər, tapşırıqlar və mesajlarla məşğul olur. Günün tempi zəifləyəndə isə psixika bütün təxirə salınmış düşüncələri yetişdirməyə başlayır. Unudulmuş məktub, edilməmiş zəng, yaxınlaşan son tarixlər və yarımçıq işlər eyni anda insanın beynində canlanır.
Axşam təşvişinin bioloji səbəbləri
Axşam saatlarında orqanizmdə stress hormonu olan kortizolun səviyyəsi dəyişir. Bədən tədricən istirahət rejiminə keçsə də, beyin buna hər zaman uyğunlaşa bilmir.
Nəticədə yorğun bədənlə aktiv beyin arasında ziddiyyət yaranır və bu da səbəbi tam izah olunmayan daxili narahatlıq hissi yaradır. Bundan əlavə, gün ərzində insan müəyyən rutinə malik olur. Səhər qəhvəsi, iş görüşləri, məktublar və s. Axşam isə bu struktur birdən yox olur və bir çox insan üçün həmin boşluq iş günündən daha narahatedici görünür.
Yarımçıq işlər niyə insanı rahat buraxmır?
Psixoloqlar bildirirlər ki, beyin tamamlanmamış prosesləri sevmir. Yarımçıq qalan tapşırıqlar psixika tərəfindən vacib və unudulmamalı məsələ kimi qəbul olunur. Bu səbəbdən beyin həmin mövzuları davamlı şəkildə xatırladır və bu da insanın rahatlaşmasına mane olur. Yerinə yetirilməmiş işlər artdıqca, axşam saatları özünüqınama və daxili gərginlik marafonuna çevrilə bilər.
Mütəxəssislərin tövsiyələri
Yarımçıq işləri yazın
Psixoloqlar bildirirlər ki, axşam təşvişini azaltmağın ən təsirli yollarından biri fikirləri kağıza və ya qeydlərə köçürməkdir. Tapşırıq yazıldıqda beyin onu “unudulmayacaq məsələ” kimi qəbul edir və həmin düşüncəni davamlı təkrarlamağa ehtiyac duymur.
Günün sonu üçün ritual yaradın
Beynin iş rejimi ilə şəxsi həyat rejimi arasında sərhədə ehtiyacı var. Bu səbəbdən mütəxəssislər axşam müəyyən ritual formalaşdırmağı tövsiyə edir: kompüteri bağlamaq, rahat geyimə keçmək, çay hazırlamaq, qısa gəzintiyə çıxmaq və ya telefonu kənara qoymaq kimi sadə addımlar sinir sisteminə iş gününün bitdiyini hiss etdirir.
Gün batmazdan əvvəl açıq havaya çıxın
Hətta 10 dəqiqəlik gəzinti belə təşviş səviyyəsinə müsbət təsir göstərə bilər. Gün işığı yuxu hormonlarını tənzimləyir, əhvalı stabilləşdirir və beynin gərginlikdən çıxmasına kömək edir.
Axşam üçün xoş fəaliyyət planlaşdırın
Psixoloqlar qeyd edirlər ki, insan yalnız məcburiyyət rejimində yaşaya bilməz. Serial izləmək, dostla danışmaq, kitab oxumaq, idman etmək və ya hobbi ilə məşğul olmaq kimi kiçik zövqlər belə sinir sistemini rahatlaşdırır.
Nə vaxt mütəxəssisə müraciət etmək lazımdır?
Əgər axşam təşvişi hər gün təkrarlanır, yuxuya, iştahaya və istirahətə mane olursa, bu, psixikanın həddindən artıq yükləndiyinin göstəricisi ola bilər.
Mütəxəssislər bildirirlər ki, təşviş pozuntusu yaşayan insanlarda simptomlar xüsusilə axşam saatlarında güclənə bilər. Belə hallarda psixoterapevtlə danışmaq təşvişin idarə olunmasına və günün günahkarlıq hissi olmadan tamamlanmasına kömək edə bilər.
Psixoloqlar vurğulayırlar ki, müasir dövrdə yorğunluq çox vaxt uğurun göstəricisi kimi təqdim olunsa da, insan psixikası fasiləsiz hər şeyi çatdırmaq rejimi üçün yaradılmayıb. Buna görə də əsas bacarıq 24 saat məhsuldar olmaq deyil, günü daxili rahatlıqla başa vurmağı öyrənməkdir.