15 May 2026 / 13:12

QARABAĞ REGİONAL ELMİ TƏDQİQAT VƏ İNNOVASİYALAR İNSTİTUTU: ÖLKƏDƏ ELMI-TEXNOLOJI INKIŞAFIN MƏRHƏLƏSI

…Azərbaycan Respublikasında postmünaqişə dövrünün əsas strateji iqtisadi prioritetlərindən biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının kompleks şəkildə bərpası, dayanıqlı inkişafının təmin olunması, innovativ iqtisadi inkişaf modelinin formalaşdırılması və yüksək texnologiyalar əsasında yeni inkişaf platformasının qurulmasıdır. Bu baxımdan “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 aprel tarixli 545 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli 143 nö mrəli qərarı ilə Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutunun yaradılması mühüm tarixi, elmi və strateji hadisə kimi qiymətləndirilməlidir. Bu institutun yaradılması yalnız yeni bir müasir elmi müəssisənin təşkili deyil, həm də Azərbaycanın milli innovasiya sisteminin regional əsasda yenidən qurulmasının, elmi potensialın ərazi inkişafı ilə inteqrasiyasının, eləcə də Qarabağın “ağıllı”, rəqəmsal və texnoloji inkişaf modelinə keçidinin mühüm tərkib hissəsidir.

Yeni geoiqtisadi reallıqlar və elmi inkişaf çağırışları

Müasir dünyada dövlətlərin iqtisadi qüdrəti artıq yalnız təbii sərvətlərlə deyil, daha çox elmi biliklər, innovasiya potensialı, rəqəmsal texnologiyalar, süni intellekt sistemləri, yüksək ixtisaslı insan kapitalı və texnoloji suverenlik imkanları ilə müəyyən edilir. Xüsusilə IV Sənaye inqilabı, rəqəmsal transformasiya, yaşıl enerjiyə keçid və yeni nəsil texnologiyalar dövründə regional elmi mərkəzlərin formalaşdırılması strateji zərurətə çevrilmişdir. Qarabağ bölgəsi isə artıq təkcə bərpa olunan ərazi deyil, həm də yeni texnoloji-iqtisadi modelin tətbiq olunduğu eksperimental inkişaf məkanı kimi çıxış edir. Burada “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji zonası, rəqəmsal idarəetmə, pilotsuz texnologiyalar, innovativ kənd təsərrüfatı, rəqəmsal logistika və yüksək texnoloji infrastruktur layihələri həyata keçirilməkdədir.
Belə şəraitdə regionun elmi əsaslarla öyrənilməsi, innovasiya yönümlü tədqiqatların aparılması və praktiki texnoloji həllərin hazırlanması üçün xüsusi institutun yaradılması tamamilə qanunauyğun və strateji əhəmiyyətli qərardır.

İnstitutun yaradılmasının əsas mümkün məqsədləri

Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutunun yaradılmasının əsas məqsədlərindən biri də   Qarabağ və ətraf regionların sosial-iqtisadi, elmi-texnoloji, ekoloji və innovativ inkişaf problemlərinin sistemli şəkildə tədqiqi nəticəsində, orada müasir elmi yanaşmaların tətbiqi və innovativ həllərin hazırlanması ola bilər. Bu institutun əsas fəaliyyət istiqamətlərinə aşağıdakıları da aid etmək olar:

  • Qarabağın innovativ inkişaf modelinin hazırlanması;
  • regionun iqtisadi potensialının elmi əsaslarla qiymətləndirilməsi;
  • yaşıl iqtisadiyyat və yaşıl enerji texnologiyalarının tədqiqi;
  • rəqəmsal transformasiya və süni intellekt həllərinin tətbiqi;
  • aqrar innovasiya sistemlərinin yaradılması;
  • ekoloji monitorinq və biomüxtəlifliyin qorunması;
  • su resurslarının ağıllı idarə olunması;
  • texnopark, startap və innovasiya ekosisteminin inkişafı;
  • regional sənaye və logistika sistemlərinin optimallaşdırılması;
  • rəqəmsal təhlükəsizlik və texnoloji suverenlik problemlərinin araşdırılması;
  • yüksək texnologiyalar əsasında yeni istehsal modellərinin formalaşdırılması.

Bu istiqamətlərin olması göstərə bilər ki, institut klassik elmi müəssisədən daha çox multidissiplinar innovasiya və texnologiya mərkəzi funksiyasını da yerinə yetirə bilər.

İnstitutun mümkün strukturu və fəaliyyət mexanizmləri
Müasir beynəlxalq təcrübə göstərir ki, yeni nəsil elmi institutlar yalnız nəzəri tədqiqatlarla məhdudlaşmır, həm də innovasiya istehsalı, texnologiya transferi, eksperimental layihələr və startap ekosistemləri ilə sıx inteqrasiya olunur. Bu baxımdan Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutunun strukturunda müvafiq mərkəzlərin və laboratoriyaların yaradılması məqsədəuyğun ola bilər:
1. Rəqəmsal iqtisadiyyat və süni intellekt mərkəzi. Burada: böyük verilənlər (Big Data), süni intellekt, maşın öyrənməsi, rəqəmsal idarəetmə, ağıllı şəhər sistemləri, kibertəhlükəsizlik texnologiyaları araşdırıla bilər.
2. Yaşıl enerji və ekoloji innovasiyalar mərkəzi. Bu bölmə: günəş və külək enerjisi, enerji səmərəliliyi, karbon emissiyalarının azaldılması, yaşıl texnologiyalar üzrə fəaliyyət göstərə bilər.
3. Aqrar texnologiyalar və biomühəndislik laboratoriyası. Burada: ağıllı kənd təsərrüfatı, dron texnologiyaları, sensor sistemləri, suvarmanın avtomatlaşdırılması, rəqəmsal aqrar platformaların hazırlanması mümkündür.
4. Regional inkişaf və geoiqtisadi tədqiqatlar şöbəsi. Bu şöbə: regional iqtisadi modelləşdirmə, investisiya strategiyaları, innovasiya iqtisadiyyatı, logistika və nəqliyyat sistemləri üzrə tədqiqatlar apara bilər.
5. Texnologiya transferi və startap mərkəzi. Bu mərkəz: innovativ ideyaların kommersiyalaşdırılması, startapların dəstəklənməsi, texnoparklarla əməkdaşlıq, vençur investisiya mexanizmlərinin inkişafı istiqamətində fəaliyyət göstərə bilər.

Qarabağın “elm və innovasiya regionu”na çevrilməsi üzrə mümkün perspektivlər
Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu gələcəkdə Qarabağın yalnız iqtisadi deyil, həm də elmi-texnoloji inkişaf mərkəzinə çevrilməsində mühüm rol oynaya bilər. Bu institut:

  • regionda yüksək ixtisaslı elmi kadrların formalaşmasına;
  • gənclərin elmə və innovasiyaya cəlb edilməsinə;
  • universitet-sənaye əməkdaşlığının inkişafına;
  • beynəlxalq elmi layihələrin həyata keçirilməsinə;
  • xarici investisiyaların cəlbinə;
  • innovativ sahibkarlığın inkişafına;
  • elmi nəticələrin real iqtisadi sektora tətbiqinə şərait yarada bilər.

Perspektivdə isə Qarabağ bölgəsində: texnoparkların, innovasiya vadilərinin, rəqəmsal texnologiya zonalarının, süni intellekt mərkəzlərinin, yaşıl enerji klasterlərinin  yaradılması mümkündür. Bunlar isə regionun yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın innovasiya platformasına çevrilməsinə gətirib çıxara bilər.

Milli təhlükəsizlik və texnoloji suverenlik baxımından əhəmiyyəti
Müasir dövrdə elm və texnologiya milli təhlükəsizlik amilinə çevrilmişdir. Texnoloji asılılıq dövlətlərin iqtisadi və siyasi dayanıqlığını zəiflədən əsas faktorlar sırasındadır. Bu baxımdan Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutunun fəaliyyəti Azərbaycanın texnoloji suverenliyinin gücləndirilməsinə də xidmət edə bilər. Xüsusilə:

  • yerli texnologiyaların hazırlanması,
  • milli proqram təminatlarının yaradılması,
  • rəqəmsal təhlükəsizlik sistemlərinin inkişafı,
  • yüksək texnoloji məhsulların istehsalı,
  • innovasiya əsaslı sənaye sahələrinin formalaşdırılması və s.

ölkənin strateji maraqları baxımından mühüm əhəmiyyət daşıya bilər.
Beynəlxalq əməkdaşlıq imkanları
İnstitutun fəaliyyətində beynəlxalq elmi əməkdaşlıq xüsusi yer tuta bilər. Dünyanın qabaqcıl universitetləri, elmi mərkəzləri və innovasiya platformaları ilə əməkdaşlıq: 1) qabaqcıl texnologiyaların transferinə, 2) birgə tədqiqat layihələrinin həyata keçirilməsinə, 3) beynəlxalq qrantların cəlb edilməsinə, 4) alim və tədqiqatçıların mübadiləsinə və elmi əlaqələrin inkişafına şərait yarada bilər. Bu istiqamətdə xüsusilə: Türk Dövlətləri Təşkilatı ölkələri, Avropa İttifaqının elmi proqramları, BMT strukturları, İslam Əməkdaşlıq Təşkilatı,
Beynəlxalq innovasiya fondları və s. ilə əməkdaşlıq çox perspektivli ola bilər.
Ümumiyyətcə Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutunun yaradılması Azərbaycanın elmi, texnoloji və innovativ inkişaf strategiyasında yeni regional inkişaf mərhələsinin davamı kimi də qiymətləndirilə bilər. Bu institut Qarabağın gələcək elmi inkişaf modelinin formalaşdırılmasında strateji intellektual elmi platforma ola bilər. Ümidvarıq ki, yeni institut elmlə iqtisadiyyatın inteqrasiyasını gücləndirəcək, regionda innovativ inkişafı sürətləndirəcək,  rəqabət qabiliyyətini artıracaq və yüksək texnologiyalar əsasında dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət edəcəkdir. Bütün bunlar bir daha göstərir ki, Ölkə Prezidenti, Cənab İlham Əliyevin daimi qayğısı və iradəsiylə dogma QARABAĞIMIZ yaxın gələcəkdə yalnız bərpa olunan region deyil, həm də elm, innovasiya, rəqəmsal texnologiyalar və yüksək intellektual inkişaf mərkəzi kimi yeni tarixi missiya qazanacaqdır.

UĞURLU OLSUN!

ƏLÖVSƏT QARACA ƏLİYEV,

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri,

İqtisad elmləri doktoru,   

Professor

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!