Qəzzadan olan ən azı 160 tibb işçisinin, o cümlədən 20-dən çox həkimin hələ də İsrail həbsində saxlanıldığı güman edilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onların rifahı və təhlükəsizliyi üçün dərin narahatlığını ifadə edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazır.
Fələstinli tibb qeyri-hökumət təşkilatı Healthcare Workers Watch (HWW), Qəzzanın ən yüksək səviyyəli həkimləri də daxil olmaqla 162 tibb işçisinin İsrail nəzarətində qaldığını, daha 24 tibb işçisinin isə münaqişə zamanı xəstəxanalardan aparıldıqdan sonra itkin düşdüyünü təsdiqləyib. HWW-nin direktoru Muath Alser, Qəzzadan olan çoxlu sayda həkim, tibb bacısı, feldşer və digər tibb işçilərinin saxlanmasının beynəlxalq hüquqa görə qanunsuz olduğunu və tibbi yardım ala bilməyən mülki şəxslərin əzablarını daha da artırdığını söyləyib.
ÜST müharibə başlayandan bəri Qəzzadan olan 297 tibb işçisinin İsrail hərbçiləri tərəfindən saxlanıldığını, lakin onlardan neçəsinin azad edildiyi və ya həbsdə qaldığı barədə yenilənmiş rəqəmlərə malik olmadığını bildirib. Dekabrda İsrail qüvvələri tərəfindən saxlanması beynəlxalq qınaqlara səbəb olan Kamal Ədvan xəstəxanasının direktoru, doktor Hussam Abu Safianı təmsil edən vəkil bu yaxınlarda bildirib ki, Ofer həbsxanasında saxlanıldığı müddətdə ona ilk dəfə müvəkkili ilə baş çəkməyə icazə verilib. Vəkilin sözlərinə görə, həkim işgəncələrə məruz qalıb, döyülüb və ona tibbi yardım göstərilməyib. Britaniya qəzeti və Araşdırıcı Jurnalistika üzrə Ərəb Reportyorları (ARIJ) həmçinin Qəzzada xəstəxanalardan, təcili yardım maşınlarından və nəzarət məntəqələrindən aparıldıqlarını, sərhəddən qanunsuz olaraq İsrail həbsxanalarına aparıldıqlarını və aylarla işgəncələrə, döyülmələrə, aclığa və qeyri-insani rəftara məruz qaldıqlarını iddia edən yeddi yüksək səviyyəli həkimin ətraflı ifadələrini dinləyiblər.
“Düzünü desəm, həbsdə yaşadıqlarım barədə nə qədər danışsam da, bu, əslində baş verənlərin yalnız kiçik bir hissəsidir”, – İsrail həbsxanalarında yeddi ay saxlanılan və ittiham olunmadan azad edilən Əl-Şifa Xəstəxanasının direktoru doktor Məhəmməd Əbu Selmiya deyib.
“Məni dəyənəklərlə döydülər, tüfəngin qundağı ilə döydülər, itlərin hücumuna məruz qoydular. Kameralarda yemək, şəxsi gigiyena, sabun, su, tualet, tualet kağızı demək olar ki, yox idi. Orada insanların öldüyünü gördüm. Məni o qədər döydülər ki, nə yerimdən qalxa, nə də yeriyə bildim”, – həkim bildirib.
BMT-nin İnsan Haqları Ofisi (UNOCH) bildirib ki, İsrail də özbaşına həbs edilmiş tibb işçilərini dərhal azad etməli və “zorla yoxa çıxma, işgəncə və digər pis rəftara bərabər olan bütün təcrübələrə son qoymalıdır”. UNOCH-in işğal olunmuş Fələstin ərazilərindəki ofisinin rəhbəri Ajit Sungai deyib: “Beynəlxalq hüquq çərçivəsində cinayətlərə görə məsuliyyət daşıyanlar cavab verməlidirlər”.
Müharibə edən tərəflərin davranışlarını tənzimləyən beynəlxalq qanunlar toplusu olan Cenevrə Konvensiyalarına əsasən, həkimlər müdafiə olunmalı, münaqişə zamanı hücuma məruz qalmamalı və ehtiyacı olanlara tibbi yardım göstərməyə davam etmələrinə icazə verilməlidir. Qəzzalı iki yüksək səviyyəli həkim, Kamal Ədvan xəstəxanasının məsləhətçi-mama və ginekoloqu doktor İyad ər-Rantisi və əl-Şifa xəstəxanasının ortopediya şöbəsinin müdiri doktor Adnan əl-Burşun həbsdə öldüyü artıq məlumdur.
Keçmişdə İsrail Qəzzanın səhiyyə sistemindəki hərbi əməliyyatlarına haqq qazandıraraq xəstəxanaların HƏMAS tərəfindən hərbi komandanlıq mərkəzləri kimi istifadə edildiyini və saxlanılan tibb işçilərinin terrorçulara yardım etməkdə şübhəli bilindiyini iddia edirdi. Beynəlxalq hüquqa görə, tibb müəssisələri “düşmənə zərərli” hərəkətlər üçün istifadə edilərsə, qorunan statusunu itirə və hərbi hədəfə çevrilə bilər. BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İsrailin indiyə qədər bu iddiaları əsaslandıra bilmədiyini bildirib. Britaniya qəzetinə verdiyi şərhdə, İsrail Müdafiə Qüvvələri (İMQ) ümumi bir bəyanat yayaraq, “Beynəlxalq hüquqa uyğun hərəkət edərək, İsrail vətəndaşlarının təhlükəsizliyini bərpa etmək, girovları evlərinə qaytarmaq və müharibənin məqsədlərinə nail olmaq üçün” çalışdıqlarını bildirib.
ELBAR