Qırğızıstan Respublikasında 2021-2025-ci illər üçün istilik enerjisi və isti su təchizatı üzrə mövcud ortamüddətli tarif siyasətində sosial tariflərin hər il 25 faiz artırılması nəzərdə tutulur.
Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi yanında yanacaq-energetika kompleksinin tənzimlənməsi departamentinin tarif və qiymətlərin tənzimlənməsi şöbəsinin müdiri Zamirbek Mamatov “Birinci Radio”nun efirində məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı 2025-ci il iyunun 1-dən sosial norma nəzərə alınmaqla (80 kvadratmetrədək mənzil) əhali üçün tariflər 25 faiz dəyişdirilib.
“Tariflər sosialyönümlüdür. Əhali üçün tariflə faktiki xərc arasındakı fərq həmişə dövlət tərəfindən subsidiya olunur. Təsdiq olunmuş plana əsasən, gözlənilən subsidiya məbləği təqribən 8 milyard soma yaxındır, yəni istehlakçılarımızı istilik enerjisi və isti su ilə təmin etmək üçün dövlət hər il bu qədər subsidiya ayırır”, – deyə Zamirbek Mamatov bildirib.
O qeyd edib ki, “Bişkekteploset”in abonenti olan istehlakçının yaşayış sahəsi 100 kvadratmetr olan mənzili varsa və o, şərti olaraq ayda 1 giqakalori istehlak edirsə, o zaman 80 kvadratmetrə qədər o, hər giqakalori üçün 1 950 som (təqribən 37.20 AZN) , yerdə qalan 20 kvadratmetr üçün isə istilik enerjisinin real dəyəri ilə – bir giqakalori üçün 5 min 998 som ödəyəcək (təqribən 114.41 AZN).
“İsti suyun tarifləri də dəyişib. Əgər əvvəllər “Bişkekteploseti”nin istehlakçısı hər kubmetr üçün 108 som (təqribən 2.06 AZN) ödəyirdisə, edilən dəyişiklikdən sonra iyunun 1-dən o, hər kubmetr üçün 126 som (təqribən 2.40 AZN), yaxud əlavə olaraq 18 som (təqribən 0.34 qəpik) ödəyəcək. Hesab edirəm ki, bu, abonentlərimizin ailə büdcəsinə az təsir edəcək”, – deyə tarif və qiymətlərin tənzimlənməsi şöbəsinin müdiri əlavə edib.
JASMİN