Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sakinlər etiraz edirlər: Yolu qazıblar, zibil daşınmır, hər yer toz-torpaqdır…
Paytaxtın Suraxanı rayonunda yaşayan sakinlər aylardır davam edən yol problemi ilə bağlı ciddi narazılıq edirlər. Söhbət Suraxanı rayonu, Qum adası – Hövsan yolunun üstündə, sağ tərəfində yerləşən böyük yaşayış massivindən gedir. Burada əsas küçələrin kəsişdiyi ərazidə qazıntı işləri aparılıb. Deyilənə görə, buradan harasa işıq çəkməklə bağlı iş görülür.
Lakin işıq xətlərinin hara və hansı məqsədlə çəkildiyi barədə sakinlərə hər hansı məlumat verilməyib. Aydın olan yalnız bir məqam var: yolu qazıb bərbad vəziyyətə salıblar. Təxminən bir aydır ki, qazıntı aparılan ərazi yarımçıq vəziyyətdə qalıb, insanlar isə hər gün bu biabırçı mənzərə və çətinliklərlə üz-üzə qalırlar. Sakinlərin sözlərinə görə, çox güman ki, bu qazıntılar “Azərişıq” ASC-nin sifarişi ilə həyata keçirilir. Lakin görülən işlər yarımçıq saxlanılıb və onsuz da bərbad vəziyyətdə olan yollar daha da yararsız hala salınıb.

Sakinlərin çəkib göndərdikləri video və fotolardan da aydın görünür ki, qazıntı işləri yarımçıq saxlanılıb və ərazi bərbad vəziyyətdə qalıb. Aparılan qazıntı işləri nəticəsində yollar daha da darısqallaşıb, avtomobillərin və vətəndaşların rahat gediş-gəlişi ciddi şəkildə çətinləşib. İnsanlar hər gün bu yoldan istifadə edərkən böyük əziyyət çəkirlər və yaranmış vəziyyət onların haqlı narazılığına səbəb olur. Minlərlə insanın hər gün istifadə etdiyi yolun bu acınacaqlı vəziyyətdə saxlanılması aidiyyəti qurumların məsuliyyətsizliyini, səhlənkarlığını və vətəndaşlara qarşı biganə münasibətini bir daha ortaya qoyur.

Aparılan qazıntı işləri nəticəsində dünənə qədər yağan yağış küçələri zığ və palçığa çevirmişdisə, indi həmin ərazi toz-torpaq içindədir. İnsanlar evlərinə gedib-gəlmək üçün böyük əziyyət çəkirlər. Hərəkət edən avtomobillər tozu havaya qaldırır, sakinlər isə həm narahatlıq yaşayır, həm də sağlamlıqları üçün təhlükə yaradan şəraitdə hərəkət etməyə məcbur qalırlar. Bu cür yarımçıq və məsuliyyətsiz iş icrası nə texniki, nə də etik baxımdan qəbulolunandır. Bir daha qeyd edirik ki, məhz bu qazıntılar nəticəsində ərazi uzun müddətdir sakinlərin istifadəsi üçün təhlükəli və əlverişsiz vəziyyətdə saxlanılır.

Lakin sakinlərin üzləşdiyi çətinliklər yalnız yol problemi ilə bitmir. Redaksiyaya daxil olan şikayətdən sonra faktı yerində araşdırdıq, təəssüflə qeyd edək ki, qəsəbə sakinlərinin böyük əksəriyyətinin istifadə etdiyi zibil konteynerləri qazıntı aparılan ərazinin o biri tərəfində qaldığı üçün zibil maşınları tullantıları götürə bilmir. Sakinlər zibilin niyə daşınmadığını soruşduqda onlara bildirilir ki, “oranı qazıblar, keçə bilmirik”. Nəticədə zibil günlərlə yığılaraq qalaqlanır, ətrafa üfunət iyi yayılır və antisanitar vəziyyət yaranır. Bu isə həm ətraf mühitə, həm də insanların sağlamlığına ciddi təhlükə yaradır. Bununla yanaşı, burada yaşayan sakinlərin, eləcə də qonaq gəlib-gedən insanların bu yolda hərəkəti də böyük əziyyətlə başa gəlir. Sakinlər haqlı olaraq narazıdırlar və bildirirlər ki, aidiyyəti qurumlar yaranmış problemlərə uzun müddətdir laqeyd yanaşırlar.

Bütün bunlarla yanaşı, sakinlər bildirirlər ki, bu yolun problemi təkcə son bir ayın deyil, uzun illərin problemidir. Yollarımız onsuz da çox bərbad vəziyyətdədir.
Burada bir daha qeyd edirik ki, bu boyda əhali yaşayır və hər gün yüzlərlə insan məhz bu yoldan istifadə edir. Buna baxmayaraq, yolun vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmır. Əksinə, bu yolun heç olmasa bir qədər düzəldilməsi üçün burada yaşayan sakinlər dəfələrlə öz gücləri, öz şəxsi vəsaitləri hesabına torpaq və asfalt qırıntıları tökərək yolu birtəhər istifadəyə yararlı vəziyyətdə saxlamağa çalışıblar. Lakin aparılan bu qazıntı həmin zəhməti də puça çıxarıb və vəziyyəti əvvəlkindən də acınacaqlı hala salıb. Bəli, kimlərsə gəlib yolu qazır, yenidən bərbad vəziyyətə salır, düzəltmək isə bir yana, qazdıqları ərazini belə əvvəlki vəziyyətinə qaytarmırlar. Bunun əziyyətini isə hər gün bu yoldan istifadə edən sakinlər, sürücülər və əraziyə gələn qonaqlar çəkməli olurlar. Yolu bərpa etmək əvəzinə daha da dağıdıb taleyin ümidinə buraxmaq heç bir məsuliyyət hissi ilə izah oluna bilməz. Bu cür məsuliyyətsiz yanaşma vətəndaşların haqlı narazılığına səbəb olur və aidiyyəti qurumların üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini açıq şəkildə göstərir.

Məhz bu səbəbdən sakinlər aidiyyəti qurumlara səslənərək problemin qısa müddətdə aradan qaldırılmasını tələb edirlər. Bir daha “Azərişıq” ASC-yə və digər aidiyyəti qurumlara müraciət edirik. Qum adası sakinlərinin haqlı narazılığını nəzərə alın, bu biabırçı vəziyyətə son qoyun, qazılan ərazi doldurulsun, yolu əvvəlki vəziyyətindən də yaxşı formada bərpa edilsin və insanların aylardır üzləşdiyi əziyyətlərinə son qoyulsun.
Vətəndaşlara bu cür hörmətsiz və məsuliyyətsiz münasibət yolverilməzdir. Problemin daha da uzadılması yalnız insanların narazılığını artırır və aidiyyəti qurumların nüfuzuna ciddi xələl gətirir. İcraçı təşkilatlar gördükləri işə görə məsuliyyət daşımalı, qazdıqları yolu əvvəlkindən daha keyfiyyətli şəkildə bərpa etməli və sakinləri aylarla tozun, palçığın, antisanitariyanın və əziyyətin içində qoymamalıdırlar.
Elşad Fərmanoğlu