14 Dekabr 2025 / 20:49

Qusarda avtomobil dərəyə aşdı: 2 ölü, 4 yaralı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə tezadlar.az- a FHN Mətbuat xidmətindən məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı və vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan 1 nəfər qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!