23 İyul 2026 / 14:40

Rubiodan İrana sərt mesaj: “Onlar bunun bədəlini ödəməyə davam edəcəklər”

ABŞ Dövlət Katibi Marko Rubio İranın razılaşmaya hazır olmadığını iddia edərək deyib: “Onlar bunun bədəlini ödəməyə davam edəcəklər və hər gecə bu qiymət artır, artır, artır; və hazırda baş verənlər də məhz budur”.

Tezadlar.az xəbər verir ki, Rubio Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 59-cu Xarici İşlər Nazirləri Görüşünün keçirildiyi Filippində jurnalistlərin suallarını cavablandırıb.

İranın həm birbaşa, həm də dolayı yolla onlardan razılaşma “yalvardığını” iddia edən Rubio deyib: “İranın problemi ondadır ki, onlar hər dəfə razılaşma bağladıqda, oradakı rəsmilər ya onu pozurlar, ya da dəyişdirmək istəyirlər. Bu, onların razılaşmaya hazır olmadığını göstərir. Onlar bunun bədəlini ödəməyə davam edəcəklər və hər gecə bu qiymət artır, artır, artır; və hazırda baş verənlər də məhz budur”.

“Mesaj göndəriləcək daha bir ölkə qalmayıb”

Rubio İranın hərəkətlərinə görə “ağır bədəllər” ödəyəcəyini bildirərək deyib: “Onların müdafiə infrastrukturu məhv edilib. Hər gecə onlar buraxılış platformalarını və radarlarını itirirlər. Milyardlarla dollar itki ilə üzləşirlər və iqtisadiyyatları fəlakətli vəziyyətdədir. Bu vəziyyətdə bu insanlar hər gün bizə zəng edərək razılaşma üçün yalvarırlar. Bizə və üçüncü ölkələrə mesaj göndərirlər. Mesaj göndəriləcək daha bir ölkə qalmayıb”.

Jurnalistin “İranda rejim dəyişikliyini istəyirsinizmi?” sualına cavab olaraq Rubio “Biz İranı nüvəsizləşdirmək istəyirik” cavabını verib.

“BMT amerikalılar üzərində yurisdiksiyanı həyata keçirə bilməyəcək”

Ölkəsinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü olmadığını bildirən Rubio deyib: “Onlar (BMT) razılaşmanın tərəfi olmayanları təqib etmək və dövlət başçılarını və digərlərini həbs etmək hüquqlarına sahib olduqlarını iddia edirlər”.

Rubio bildirib ki, “Onlar bunu başa düşməlidirlər: Əgər insanlar bu axmaq təşkilata (ICC) qoşulmaq və onun bir hissəsi olmaq istəyirlərsə, bunu edə bilərlər. Amma biz onun bir hissəsi olmayacağıq və onlar amerikalılar üzərində yurisdiksiyanı həyata keçirə bilməyəcəklər”.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!