Sanksiyalar Rusiya iqtisadiyyatını çətin vəziyyətə salıb. Udulmayan müharibə fonunda iqtisadiyyatın var gücü Ukrayna cəbhəsinə yönəldilib… Tezadlar.az Rusiya mediasında ölkənin istehlak bazarlarındakı vəziyyətlə bağlı açıqlamalarını araşdırıb. Məlum olur ki, Rusiya istehlakçılarını çətin payız gözləyir: rublun zəifləməsi, bir neçə əsas kənd təsərrüfatı məhsulları üzrə çatışmazlığı və artan istehsal xərcləri qiymətləri yüksəldəcək. İstehsalçılar artıq idxal və yerli tərəvəz, meyvə, dənli bitkilər, süd məhsulları, qənnadı məmulatlarının qiymətlərində artımları elan edirlər. MSK1.RU-nun müsahibə verən bütün ekspertlər əllərini yuxarı qaldırırlar: “Təslimik, həll ediləcək heç nə yoxdur…”.
Ərzaq inflyasiyasının əsas səbəbi isə Rusiya milli valyutasının zəifləməsidir. 1 Dolların 100 rubla çatacağı ilə bağlı son aylarda dəfələrlə səslənən proqnozlar getdikcə reallaşır. İqtisad elmləri doktoru və Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin professoru Yuri Lyandau qeyd edir: “Biz hazırda milli valyutanın məzənnəsində eniş müşahidə edirik. Söhbət xaricdən gətirilən tərəvəzlərdən gedirsə, fərqi yoxdur, pomidor istər Misirdən, istərsə də Azərbaycandan olsun. Qiymətlər qalxacaq. Alış qiyməti qalxacaqsa, ardınca da logistika var ki, bu da xərcləri artırır”.
Rusiya İqtisadiyyat Nazirliyinin maliyyə müşaviri Aleksey Rodin də yerli kənd təsərrüfatının idxal olunan təchizatdan asılılığını vurğulayır: “Rublun zəifləməsi xaricdən alınan məhsulların və ya xaricdən gətirilən toxumların və əkin materiallarının bahalaşmasına səbəb olacaq. Beləliklə, biz xaricdən gətirilən meyvə-tərəvəzin bahalaşmasını müşahidə edəcəyik. Məsələn, banan, naringi, manqo, xaricdən gətirilən kartof, pomidor. Əkin şitilləri də, bahalaşan kartof sortları da xaricdən gətirilməyəcək. Çünki çox bahalaşma gedir…”.
Rublun zəifləməsi ilə yanaşı, Rusiyada əlverişsiz hava şəraiti də qiymət artımlarına təsir edir. Xüsusilə, əkin sahələrinin üçdə bir qədər azalması səbəbindən ruslara qarabaşaq yarmasının qiymətinin 15% artırılması vəd edilir. Qiymət artımını şərtləndirən əlavə amil, ekspertlərin fikrincə, yerli məhsulların qiymətlərini idxal mallarının qiymətlərinə uyğunlaşdırmağa çalışan pərakəndə satış şəbəkələrinin siyasətidir. Bu da problem olaraq qalır.
Qısası, Rusiya özünü Ukrayna ilə müharibəyə sürükləməklə ölkədaxili siyasətdə uğursuzluğa məhkumdur. Xüsusən də iqtisadiyyatda. Bu isə ərzaq çatışmazlığı, ardınca sosial partlayış deməkdir…
A.Məmmədli

