Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Avqust 2026 / 20:34

Şah İsmayıl Xətai Allahsız idimi?

…Şah İsmayıl Xətainin məşhur bir şeirini paylaşaraq onun “Allahsız”, hətta “kafir” olduğunu sübut etməyə çalışanlara rast gəlirik.
Söhbət bu misralardan gedir:
“Yer yox ikən, göy yox ikən ta əzəldən var idim,
Gövhərin yekdanəsindən iləri pərgar idim.
Gövhəri ab eylədim, tutdu cahanı sərbəsər,
Yeri, göyü, ərşi-kürsi yaradan Səttar idim.”
Doğrudur, bu sözləri bugünkü adi danışıq dili ilə, hərfi mənada oxusaq, qəribə nəticə alınır: sanki Xətai deyir ki, dünya yaranmamışdan əvvəl mən vardım və dünyanı da mən yaratdım.
Amma XVI əsrin təsəvvüf və irfan poeziyasını bugünkü danışıq dilinin məntiqi ilə oxumaq olmaz.
Elə həmin şeirdə Xətai özü açarı verir:
“Gah Hüseynilən bilə pustimi soydu qadilər,
Gah o Mənsur donuna girdim, ənəlhəqdar idim.”
Bu beyt şeirin anlaşılması üçün bəlkə də ən mühüm açarlardan biridir.
Buradakı “Hüseyn” İmam Hüseyn kimi deyil, tədqiqatlarda İmadəddin Nəsiminin ilk yaradıcılıq dövründə istifadə etdiyi “Hüseyni” təxəllüsü ilə əlaqələndirilir. “Pust” dəri deməkdir. “Pustimi soydu” — “dərimi soydular” mənasındadır. Nəsiminin ənənəvi bioqrafiyasında onun dərisinin soyulması motivi məşhurdur.
İkinci misradakı Mənsur isə məşhur sufi Mənsur Həllacdır — “Ənəl-Həqq”, yəni “Mən Haqqam” ifadəsi ilə yadda qalan mistik.
Beləliklə, Xətai bircə beytdə iki böyük irfani simanı yan-yana gətirir:
Nəsimi — dərisinin soyulması.
Mənsur Həllac — “Ənəl-Həqq”.
Amma daha maraqlısı budur ki, Xətai “Nəsiminin dərisini soydular”, “Mənsur Ənəl-Həqq dedi” demir.
O, birinci şəxsdə danışır:
“pustimi soydu…”
“Mənsur donuna girdim…”
Niyə?
Çünki şeirdəki “mən” artıq yalnız tarixi şəxs olan Şah İsmayıl deyil. Xətai özünü Nəsimidə, Mənsur Həllacda və başqa irfani obrazlarda təcəlli edən əzəli həqiqətin poetik “mən”i ilə əlaqələndirir.
Bunu şeirin başqa bir hissəsi daha aydın göstərir:
“Girdim Adəm cisminə, kimsənə bilməz sirrimi,
Mən bu Beytullah içində ta əzəldən var idim.”
Tarixi Şah İsmayıl necə Adəmin cisminə girə bilərdi?
Deməli, “Yer yox ikən, göy yox ikən ta əzəldən var idim” deyən “mən”i sadəcə müəyyən tarixdə doğulmuş Şah İsmayıl kimi oxumaq şeirin öz daxili məntiqini pozur.
Burada əzəli ruhdan, ilahi həqiqətdən, Haqqın insanda təcəllisindən danışan irfani “mən”lə qarşılaşırıq.
Bu düşüncə Xətai ilə də başlamamışdı.
Ondan əsrlər əvvəl Mənsur Həllac “Ənəl-Həqq” demişdi. Xətaidən əvvəl Nəsimi insanla ilahi həqiqət arasındakı münasibəti hürufi-irfani poeziyanın ən cəsarətli dili ilə ifadə etmişdi. Anadolu təsəvvüf ədəbiyyatında da Haqqı insanın daxilində axtaran düşüncə geniş yayılmışdı.
Yəni Xətai boşluqda danışmırdı. O, əsrlərdən gələn böyük mistik düşüncə ənənəsinin içində danışırdı.
Amma burada başqa bir sual yaranır.
Əgər Xətainin Allaha münasibətini müəyyən etmək istəyiriksə, niyə yalnız bu şeiri oxuyuruq?
Onun başqa bir qəsidəsi belə başlayır:
“Ey ki, yoxdan bu cahanı var edən Pərvərdigar,
Yeri qaim, göyləri dəvvar edən Pərvərdigar.”
Burada artıq mürəkkəb məcaz axtarmağa ehtiyac yoxdur.
Xətai dünyanı yoxdan var edən qüvvəni açıq şəkildə Pərvərdigar adlandırır.
Başqa bir şeirində isə insanın dindarlıq iddiasını belə sorğuya çəkir:
“Mən dərvişəm deyə köksün gərərsən,
Həqqi zikr etməyə dilin varmıdır?”
Başqa bir şeirində yazır:
“Məhəbbət adəmi Haqqa yardır,
Məhəbbət etməyən can murdardır…”
və fikrini belə tamamlayır:
“Məhəbbətdən keçən Haqdan da keçər.”
İndi bunları yan-yana qoyaq.
Bir tərəfdə:
“Yeri, göyü, ərşi-kürsi yaradan Səttar idim.”
Digər tərəfdə:
“Ey ki, yoxdan bu cahanı var edən Pərvərdigar…”
Bir tərəfdə:
“Mənsur donuna girdim, ənəlhəqdar idim.”
Digər tərəfdə:
“Həqqi zikr etməyə dilin varmıdır?”
Bunların hamısını yazan eyni Xətaidir.
Ona görə məsələ Xətainin Allahı inkar etməsi deyil.
Əksinə, Xətai Allahı daha dərin və mistik qatlarda axtarırdı — insanın özündə, ruhda, eşqdə, varlığın başlanğıcında, Haqq ilə insan arasındakı sirli münasibətdə.
Əlbəttə, Xətaini zorla bugünkü ortodoks (ənənəvi İslam düşüncəsi) dini düşüncənin çərçivəsinə yerləşdirmək də düzgün olmaz. Onun bəzi ifadələri zahiri dini baxımdan son dərəcə radikaldır və əsrlərdir mübahisə doğurur.
Amma mistisizmlə ateizm eyni şey deyil.
Xətainin problemi Allahın varlığını qəbul edib-etməməsi deyildi. Onun böyük fəlsəfi-mistik problemi başqa idi:
Allah haradadır? İnsanla Allah arasındakı sərhəd haradan keçir? Haqq insanda təcəlli edə bilərmi?
Mənsur Həllacdan Nəsimiyə, Nəsimidən Xətaiyə uzanan böyük mübahisənin mahiyyəti də burada idi.
Ona görə düzgün sual:
“Şah İsmayıl Xətai Allaha inanırdımı?”
deyil. Daha doğru və daha maraqlı sual budur: Şah İsmayıl Xətai Allahı necə anlayırdı?
Elbəyi HƏSƏNLİ,
İsveçrə, Surix
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!