12 İyul 2026 / 13:08

Şəki şəhərinin 2714 illiyi münasibətilə möhtəşəm tədbirlər keçirildi

Qədim Şəki şəhərinin 2714 illiyi münasibətilə təşkil edilən “Şəhər Günü” bayram tədbirləri çərçivəsində iyulun 11-də Şəki şəhər Heydər Əliyev Mərkəzində “Azərbaycanın UNESCODünya İrsi Yolu: İçərişəhərdən Şəkiyə” adlı tədbir və UNESCO Dünya İrsi: Tarixi şəhərlərin qorunması, idarə olunması və gələcək inkişaf perspektivləri” mövzusunda panel iclası keçirilib. Mərkəzdən tezadlar.az- a verilən məlumatda bildirilir ki, tədbirdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəki şəhəri və Xan Sarayı,“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi haqqında, həmçinin Şəki şəhərinin tarixi irsinin qorunması, bərpası və abadlaşdırılması istiqamətində görülən işləri əks etdirən qısa filmlər nümayiş etdirilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq elmləri doktoru, Əməkdar memar, professor Gülçöhrə Məmmədova, Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar, professor Elbay Qasımzadə çıxış edərək Azərbaycanın qədim tarixə malik şəhərsalma və memarlıq ənənələrindən, tarixi şəhərlərimizin qorunması sahəsində görülən işlərdən və gələcək inkişaf prespektivlərindən bəhs ediblər, bu il qədim tarixi, zəngin mədəni irsi və füsunkar təbiəti ilə Azərbaycanın incilərindən biri olan Şəki şəhərinin 2714 illiyinin qeyd olunduğunu vurğulayaq, bu münasibətlə şəhər sakinlərini təbrik ediblər.

Sonra tədbir “UNESCO Dünya İrsi: Tarixi şəhərlərin qorunması, idarə olunması və gələcək inkişaf perspektivləri” mövzusunda panel muzakirələrlə davam edib.

Günün ikinci yarısında Şəki Xan Sarayının qarşısında mədəni proqram təşkil olunub. Burada iştiakçılara tanınmış modelyer Leyla Babazadənin müəllifi olduğu milli geyim kolleksiyası təqdim olunub, Azərbaycan muğam sənətinin ecazkar nümunələri səslənib, milli rəqslər ifa  edilib.

Axşam saatlarında Bəxtiyar Vahabzadə adına mədəniyyət və istirahət parkının qarşısındakı meydanda bayram konserti təşkil edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!