20 Fevral 2026 / 20:59

SOCAR zavodu ölkənin əsas təminatçısı olaraq qalır

Bu ilin yanvar ayında Azərbaycanda 193,4 min ton dizel yanacağı istehsal edilib.

Tezadlar.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 14,4 % azdır.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 398,3 milyon manat olmaqla, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 16,4 % azalıb.

Ötən ay Azərbaycanda 5,8 min ton mazut istehsal edilib. Bu göstərici 2025-ci il ilin ilk ayı ilə müqayisədə 67,8 % azdır.

Ötən ay ərzində Azərbaycanda 114,9 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də ötən ilin yanvar ayı ilə müqayisədə 7,3 % azdır.

Hesabat dövründə 2,3 min ton sürtkü yağları, 6,9 min ton neft bitumu istehsal edilib. Ötən ilin yanvar ayı ilə müqayisədə Azərbaycanda sürtkü yağlarının istehsalı 32,4 %, neft bitumunun istehsalı isə 65,8 % azalıb.

Həmçinin, hesabat ayında ölkədə 16,8 min ton maye qazlar, 47,5 min ton ağ neft, 19,2 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda neft koksunun istehsalı 9,1 % artıb, ağ neftin istehsalı isə 22,6 % azalıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin “Avro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!