Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 İyul 2026 / 11:29

Şuşa Qlobal Media Forumu həqiqətən qlobal olmalıdır

…Artıq bir neçə ildir ki, Şuşada keçirilən Qlobal Media Forumunu izləyirəm. Hər dəfə bu tədbirin əsas yükünü Azərbaycan Prezidenti cənab İlham Əliyev öz üzərinə götürür. O, şəxsən forumda iştirak edir, dünyanın müxtəlif ölkələrindən gəlmiş media nümayəndələrinin suallarını cavablandırır və Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırır. Məhz Prezidentin siyasi nüfuzu, şəxsi xarizması və beynəlxalq çəkisi sayəsində forumda səslənən mesajlar dünya mediasında geniş yayılır.
Lakin illərdir dəyişməyən bir problem var və bu barədə susmaq düzgün deyil.
Şüurlu həyatımın son 20 ilini beynəlxalq fəaliyyətə həsr etmişəm. Dünyanın 50-dən çox ölkəsində olmuşam, beynəlxalq konfranslarda, forumlarda və insan hüquqları ilə bağlı tədbirlərdə çıxış etmişəm. Avropa Şurasında, Avropa Parlamentində, ABŞ Dövlət Departamentində, Ağ Evdə keçirilən media brifinqlərində iştirak etmişəm. Dünyanın nüfuzlu televiziya kanallarına mütəmadi müsahibələr vermişəm. Təkcə 44 günlük Vətən müharibəsi dövründə 120-dən çox beynəlxalq televiziya müsahibəm yayımlanıb. Bu siyahıda Al Jazeera, Sky News, Al Arabiya, TRT World, TRT Arabi, Alghad TV, Al Qahera və digər beynəlxalq media qurumları yer alır.
Bunu özümü önə çəkmək üçün yazmıram. Əksinə, mənim bu paylaşımım qətiyyən “niyə məni dəvət etmədilər?” məntiqi ilə yazılmayıb. Məni dəvət etməyiblər, bu onların seçimidir və buna hörmətlə yanaşıram.
Amma sual edirəm: mənim kimi beynəlxalq media ilə çalışan, xaricdə Azərbaycanı təmsil edən, müxtəlif dillərdə çıxış edən, dünyanın aparıcı media platformalarında ölkəmizin mövqeyini müdafiə edən neçə-neçə azərbaycanlı jurnalist, ekspert və media nümayəndəsi var. Onlar niyə bu forumdan kənarda qalırlar?
Əvəzində iştirakçılar arasında beynəlxalq media məkanında tanınmayan, öz ölkəsində belə ciddi jurnalist və ya media eksperti kimi qəbul edilməyən şəxsləri, eləcə də şou-biznes və ya bloqer fəaliyyəti ilə tanınan simaları görürük. Xaricdən dəvət olunan bəzi iştirakçıların isə nə beynəlxalq təsiri, nə də forumun məqsədinə uyğun media çəkisi görünür.
Bu yanaşma ilə “Qlobal Media Forumu” anlayışının məzmunu zəifləyir.
Belə forumun iştirakçıları tədbirdən sonra öz ölkələrinin televiziya kanallarında, xəbər agentliklərində, qəzetlərində və rəqəmsal platformalarında forumda verilən mesajları dünyaya çatdırmalıdırlar. Onlar Azərbaycanın informasiya diplomatiyasının davamçısı rolunu oynamalıdırlar. Təəssüf ki, bunun sistemli şəkildə baş verdiyini görmürük. Nəticədə bütün yük yenə də Prezident İlham Əliyevin üzərində qalır və forumun beynəlxalq təsiri əsasən onun şəxsi nüfuzu hesabına formalaşır.
Bu baxımdan hesab edirəm ki, forumun təşkilinə cavabdeh olan Medianın İnkişaf Agentliyi və Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi istiqamət iştirakçı seçim meyarlarını ciddi şəkildə yenidən nəzərdən keçirməlidir. Beynəlxalq informasiya məkanında real təsir imkanları olan peşəkar jurnalistlərin, ekspertlərin və media nümayəndələrinin kənarda qalması, əvəzində qlobal media təsiri olmayan şəxslərə üstünlük verilməsi forumun məqsədlərinə xidmət etmir.
Şuşa Qlobal Media Forumu Azərbaycanın ən mühüm informasiya diplomatiyası platformalarından biridir. Ona görə də burada əsas meyar tanışlıq deyil, peşəkarlıq; təsadüfi seçim deyil, beynəlxalq təsir imkanları; statistik iştirak deyil, real nəticə olmalıdır.
Yalnız bu halda bu tədbir öz adına – Qlobal Media Forumu adına tam layiq olacaq.
Əhməd ŞAHİDOV
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!