…Deputat Nəsib Məhəməliyev mediaya açıqlama verərək Fazil Mustafanın Şah İsmayıl və Azərbaycan cəmiyyətinin ayrı-ayrı nüfuzlu şəxslərinin, fəaliyyəti dövlət tərəfindən fəxri ad və medallarla qiymətləndirilmiş jurnalistlərin ünvanına səsləndirdiyi təhqirlərin Milli Məclisin İntizam Komissiyasında müzakirə edilməyəcəyini bildirib. Hətta Səfəvilər dövrünü araşdırmaq üçün ayrıca komissiya yaradılması təklifini də səsləndirib.
Əvvəla, çox hörmətli Nəsib müəllimin təklifi yersizdir. Azərbaycan tarix elmi, tarix fəlsəfəsi və digər maraqlı elm sahələri Şah İsmayıla və Səfəvilər dövrünə yetərincə aydın qiymət verib və bu mövzuda kifayət qədər ciddi tədqiqatlar aparılıb, aparılır. Azərbaycan tarix elmi üçün Şah İsmayıl Azərbaycan hökmdarı kimi mübahisə mövzusu deyil.
İkincisi, bu mövzunun müzakirəsinə son günlər onlarla tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, elmlər doktoru, dosent, professor qoşulub və sözlərini Fazil Mustafaya deyiblər. Azərbaycanın görkəmli Səfəvişünas alimi Zabil Bayramlının, AMEA-nın nüfuzlu alimlərindən Cəbi Bəhramlının adlarını çəkmək kifayətlənsək də, AMEA və BDU-nun ciddi tarixçi alimlərinin mövqeyini də yadınıza salıram.
Üçüncüsü, deyirsiniz ki, Fazil müəllimin dediklərində Şah İsmayılla bağlı bir dənə də olsun təhqiredici fikir yoxdur. Onun öz doğum günü ilə bağlı yazdığı özünütəbrik məqaləsini oxumusunuzmu? “Bu coğrafiyada məzhəb faşizminin qurucusu olan Şah İsmayıl” deyə yazdığı cümlədə Şah İsmayılı məzhəb faşizminin qurucusu adlandırması, Sizcə böhtan və təhqir deyil?
Bundan başqa, sadəcə bu günlərdə Fazil Mustafanın Rasim Müzəffərli, Ləman Əliəşrəfqızı və mənim haqqımda dediyi cümlələri diqqətinizə ərz edirəm:
* Bu küçə adamını tanıyan varmı?
* Buna kimsə tərbiyə verməyib ki, əzizlərinlə danışdığın şəkildə başqaları ilə danışmaq olmaz?
* Bu iki guya təcrübəli, lakin tam savadsız jurnalist…
* Yəni bir daha belə tərbiyəsizliyə yol verməyəcəyini…
* Başından böyük qələtini…
* Yaxşı ki, müsahibinin nadanlığı sizləri cəmiyyətə…
Hörmətli Nəsib müəllim, Fazil Mustafanın söylədiyi təhqir və böhtanlarının Milli Məclisin İntizam Komissiyasında müzakirə olunub-olunmaması mənim heç vecimə də deyil. Amma bir hüquqşünas olaraq onu dəqiq bilirəm ki, Fazil Mustafanın çıxışları yuxarıda gətirdiyim sitatların nümunəsində “AR Milli Məclisinin deputatının statusu haqqında” qanun da daxil olmaqla bir xeyli normativ hüquqi aktla ziddiyət yaradır, o cümlədən Konstitusiyanın təminat altına aldığı insanların şərəf və ləyaqətinə hörmət prinsipini pozur.
Mənin Sizə şəxsən böyük hörmətim var. Bu hörmətin əsasında cəmiyyətə münasibətinizdə hər zaman nəzakət qaydalarını gözləməyiniz də xüsusi rol oynayır. Lakin kifayət qədər həssas bir məsələdə nümayiş etdirdiyiniz “həmkar təəssübkeşliyini” Sizə heç yaraşdırmadım. Ən azından gözləyirdim ki, “Azərbaycançılıq ideologiyası çöküş sürəcinə girib” yazan Güntay Tölgənın statuslarını re-post edən həmkarınıza onu irad tutacaq və deyəcəksiniz ki, bu dövləti və o cümlədən mövcud hakimiyyəti qüdrətli edən Azərbaycançılıq ideologiyası barədə diqqətli olsun.
SONDA həmkarlarımdan xahiş edirəm ki, bu statusumu xəbərə çevirərək yaymasınlar. Cəmiyyətin bütün təbəqələri Şah İsmayıla sahib çıxmış, Fazil Mustafa bir siyasi kimlik olaraq iflasa uğramışdır.
Taleh ŞAHSUVARLI