Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Rusiya FTX-nin Yekaterinburqda azərbaycanlılara qarşı “düşmən ovu”nun üstündən iki həftədən də çox vaxt keçir… Rəsmi Moskva isə intriqalarını davam etdirməkdədir. Amma bu intriqalar bu dəfə siyasətdən iqtisadiyyata keçib. Belə ki, Rusiya gömrükçüləri Azərbaycandan Rusiyaya müqavilə və sifarişlər əsasında göndərilən meyvə-tərəvəzdə qurd tapıldığını bəyan edib…
Bəli, düz eşitdiniz, qurd Kremldəkilərin qarnındadır. Bunu “Təzadlar”ın Araşdırma Qrupunun elə Yekaterinburq bazarlarının hazırkı vəziyyətinə dair araşdırmalarından da görmək olar. Təbii ki, söhbət ölkənin və bu şəhərin də daxil olduğu Sverdlovsk vilayətinin mediasının təhlilindən gedir və maraqlı faktlar əldə etdik.
Budur, e1.ru saytının “Adi insanlar əziyyət çəkir… Azərbaycanla münaqişəyə görə pomidor və ərik qiymətləri necə olacaq?” başlıqlı yazısında bu və ya digər suallara cavab tapmaq olar. Sitat: “…Dövlət Dumasının Aqrar Məsələlər Komitəsinin sədr müavini Cənubi Qafqaz respublikasından gələn tərəvəz və meyvələrin yoxlanılmasını təklif edib. Rusiya ilə Azərbaycan arasında münaqişə başlayandan sonra hər iki tərəf diplomatik demarş keçirib. Bundan sonra Rusiya Xarici İşlər Nazirliyi həmvətənlərini Cənubi Qafqaz ölkəsinə səfərlər planlaşdırarkən vəziyyəti nəzərə almağa çağırıb. Lakin bununla da son deyildi. Rusiya mətbuatının məlumatına görə, Azərbaycanda Rusiyadan gətirilən 600 kq-dan çox soğan halqası məhv edilib. Buna cavab olaraq, Dövlət Dumasının Aqrar Məsələlər Komitəsinin sədr müavini Vladislav Eqorov təhlükəli maddələr aşkar edilərsə, tədarükün mümkün dayandırılması ilə Azərbaycandan gətirilən pomidorlara əlavə yoxlamaların tətbiqini təklif etdi…”.
MSK1.RU portalı isə yazır ki, “… tədbirin nə dərəcədə ciddi olduğunu və Azərbaycandan gələn tərəvəz və meyvələrin birdən-birə Rusiyaya gətirilməsini dayandıracağı təqdirdə qiymətlərinin qalxıb-bahalaşmayacağını öyrənib. “Oxşar bazar tapmaq çox çətindir” başlıqlı yazıda deyilir: “Rusiya Sahibkarlar və İcarəçilər İttifaqının prezidenti, iqtisad elmləri namizədi Andrey Buniç MSK1.RU-nun müxbirinə bildirib ki, pomidorun qiyməti “artıq bahadır”, ona görə də idxal dayandırılarsa, alıcılar heç nə hiss etməyəcək… “Bizim qiymətlərimiz başqa amillərdən asılıdır. Məsələn, Rusiyanın kartof ixrac edən ölkələrlə geosiyasi münaqişələri olmayıb, lakin onlar bahalaşıb”, – ekspert izah edib. “Azərbaycan üçün eyni pomidorla ticarət etmək çox sərfəlidir və Rusiya kimi bazar tapmaq onlar üçün çox çətindir”, -deyən Buniçin sözlərinə görə, başqa ölkələrdə tez-tez əlavə yoxlamalardan istifadə olunur: “Onlar ciddi tədbirlər tətbiq etmədən idxalı məhdudlaşdırmaq istəyəndə bunu edirlər. Onlar yükdaşımaların qeydiyyatını, sanitar sənədləri və sairəni yoxlamağa başlayacaqlar. Amma belə vəziyyətdə də qiymət artımı mümkün deyil”.
Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut isə aqrobiznes forumunda bildirib ki, Azərbaycan və digər ölkələrdən gələn məhsullar “niş”dir. Onun sözlərinə görə, bazar “kifayət qədər balanslaşdırılmışdır” və xüsusi olaraq malların idxalını məhdudlaşdırmaq planları yoxdur…”.
Jurnalist isə nazirin sözlərinə əlavə edir: “Yaxşı insanlar üçün həmişə çıxış yolları var”. Amma bildiyimiz kimi, yuxarıdakılar tez-tez bir şeydən danışır, yerlərdə isə başqa proseslər gedir. MSK1.RU-nun müxbiri satıcıların fikrini öyrənmək və Azərbaycandan gətirilən tərəvəz və meyvələrin qiymətlərini iri pərakəndə satış müəssisələrinin qiymətləri ilə müqayisə etmək üçün bazara yollanıb. Yaqzır: “…Azərbaycandan gətirilən pomidorun qiyməti kiloqramı 100-300 rubl arasında dəyişir. Orta qiymət 250. Qiymət fərqini satıcılar zövqə görə izah edirlər. Tacirlərin verdiyi məlumata görə, Azərbaycandan gətirilən pomidor indi dadlı və şirindir”.
Emin adlı moskvalı sahibkar MSK1.RU müxbirini əmin edib: “Onlar bahalaşmayacaq. Sabah və ya bir həftədən sonra gəlib eyni qiymətə ala bilərsiniz. Daimi çatdırılmalarımız var, narahat olmağa dəyməz, amma narahatlıq da var…”.
Pərakəndə satış şəbəkələrində qiymət bazarda olduğundan çox da fərqlənmir. “VkusVill” Azərbaycan pomidorunu 280 rubl/kq, “Perekrestok” – 230 rubl/kq (həmçinin endirimsiz 280 rubl/kq) təklif edir. Pərakəndə satıcılar Azərbaycandan gətirilən ərik də satırlar. “VkusVill”-də kiloqram üçün qiymət 384 rubl təşkil edir. “Eurosparda” – 215 rubl/kq (endirimsiz – 270). Satıcı MSK1.RU müxbirinin Cənubi Qafqaz tərəvəz və meyvələrinin mümkün bahalaşması ilə bağlı sualını cavablandırıb: “Siyasətçilərin dedikləri təxribatdır… Sadə insanlar isə bundan əziyyət çəkir. Amma yaxşı insanlar üçün həmişə çıxış yolları var”.
Bəs idxal dayandırılsa nə olacaq?
Amma siyasət incə məsələdir. Ona görə də hər şey ola bilər. Lakin kənd təsərrüfatı nazirinin keçmiş müavini Leonid Xolod hesab edir ki, Azərbaycandan pomidor tədarükünü dayandırmaq üçün indi doğru vaxt deyil və bəlkə də bu yolverilməzdir!
MSK1.RU-ya ekspert belə deyib: “Pomidor yetişir və bir çox yerlərdə artıq torpaqda yetişdirilir. Bu, bazarda maksimum məhsuldur. İndi torpaqda pomidor yetişdirənlər maksimum gəlir əldə edirlər. Bizim indi öz cənub məhsulumuz var və Mərkəzi Asiyadan başqa tərəfdaşlarımız var, amma Azərbaycan bazarı həmişə yaxşı idi…”. Xolodun sözlərinə görə, pomidor idxal etmədən Rusiyada kifayət qədər olmaya bilər: “Hazırda istehlak ediləndən 100% çatmayacağıq. Çünki pomidor yaxşı şeydir, amma mövsümi tərəvəzdir. İstixana ilə torpaqda yetişən pomidor arasında böyük fərq var. Birincilər keyfiyyətcə ikincilərdən çox aşağıdır”.
***
Beləliklə, Rusiyada media üzərində ciddi nəzarət olsa da belə, ekspertlər və jurnalistlər siyasətçilərin siyasətlə məşğul olmasını, sadə insanların dolanışığına əl uzatmamalarını deyirlər… Rəsmi Moskva isə hələki Ukraynada uduzduğu imicinin acığını Azərbaycan pomidorundan çıxmaq istəyir. Amma bilmirlər ki, yuxarıda deyildiyi kimi, pomidor mövcümi tərəvəzdir…
Təqdim etdi: Asif MƏRZİLİ