Sərxoş vəziyyətdə sükan arxasına keçmək ağır yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir. Son həftənin statistikasında da sərxoşluq amili ölümlə nəticələnən qəzaların arasında yer alıb ki, bu da təhlükənin hələ də real olduğunu göstərir.
Tezadlar.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev sosial media hesabında bildirib.
“Görülən tədbirlər nəticəsində sərxoşluq səbəbindən baş verən qəzaların sayı ötən ilin 11 ayı ilə müqayisədə 12 fakt azalıb, lakin toy və digər şadlıq mərasimlərindən sonra sərxoş halda maşın sürənlərin olması riski tam aradan qaldırmır.
Hər belə qəza təkcə bir sürücünün deyil, bir neçə ailənin taleyini dəyişir. Bir anlıq məsuliyyətsizlik ömürlük peşmanlığa çevrilə bilər.
Sərxoş halda sükan arxasına keçməyin. Özünüzün, ailənizin və digər insanların həyatına biganə qalmayın”, – deyə Elşad Hacıyev vurğulayıb.
JASMİN