Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyul 2026 / 10:04

Üçrəngli bayrağımız necə olmalıdır?-TƏKLİF

 ALTINCI  TÜRKÇÜLÜK  ÇALIŞMALARININ GÜNDƏLİYİNDƏKİ “MİLLİ SİMVOLLAR VƏ DƏYƏRLƏR” MÖVZUSU İLƏ BAĞLI ADLARIMIZ VƏ MİLLİ SİMVOL OLAN BAYRAĞIMIZLA ƏLAQƏDAR TƏKLİFLƏR…

Hörmətli oxucu, gündəlikdəki mövzularla bağlı mənim illərlə qabaq işlədiyim hazır təkliflərimi sizin müzakirənizə təqdim edirəm.

Adlarımız Abidədir

“Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında” hələ Azərbaycan Qanunu (21 iyul 1978) belə xalqın maddi və mənəvi sərvəti olan bu abidələrin təbii dağıntılara məruz qalmasının qarşısının alınmasında, bu və ya digər şəxslərin (hüquqi, fiziki) həmin abidələrə ümumun marağına uyğun olmayan qaydada yanaşmalarından çəkinmələrinin təminatı üçün geniş imkanlar açırdı. Qanun bu abidələrin ömrünü uzatmaq, gələcək nəsillərə çatdırmaq üçün onları toxunulmaz elan edir və eyni zamanda müəyyən hədd daxilində onlardan istifadə olunmasını nəzərdə tutur. Hər bir mütərəqqi şəxs bu aktın ictimai həyatda nə dərəcədə əhəmiyyətə malik olduğunu təsəvvür etməyə bilməz. Bu Qanun məzmununa görə beynəlxalq əhəmiyyətlidir. Təsəvvür edin, əgər bütün dünya dövlətləri eyni məzmunlu aktlar qəbul etsələr, bütövlükdə dünya mədəniyyəti özünün qorunub saxlanılması üçün gör bir necə hüquqi təminat əldə etmiş olar. Özünün məzmununa görə hər bir xalqın tarix və mədəniyyət abidəsi onun üçün əzizdir, qiymətlidir, əvəzsizdir. Ona görə ki, hər bir xalqın adı həm də özünün həmin abidələri ilə tanınır. Bu mənada, ad insan, bütövlükdə isə cəmiyyət üçün çox qiymətli anlayışdır, informasiya daşıyıcısıdır. İnsan cisim və hadisələri məhz bu anlayışla – ad la ifadə edə bilir. Məhz bu mənada, ad ümumiləşdirilmiş anlayış olub, ikinci, konkret mənada işlənən addan öz ehtiva dairəsinə görə daha genişdir, fərqlidir. İkinci mənada ad yalnız, cisim və hadisələri bir birindən fərqləndirmək üçün bizə gərəkdir. Barəsində təklif verilən AD isə əslən konkretdən irəli gəlsə də, birinci mənada, yəni ümumiləşdirilmiş məzmundadır.

***

Elə adlar var ki, onlar da Qanunda nəzərdə tutulan abidələr kimi millətin, xalqın müəyyənlik əlamətlərinin daşıyıcısıdır. Məsələn, Azərbaycan, Qız Qalası, Muğan, Şirvan, Gəncə və s. Ona görə də belə adlar məhz bu cür (Qanundakı kimi) dəyərləndirilməyə layiqdirlər. Başqa sözlə, milli kimlik əlamətinin daşıyıcısı olan bəzi adlar da abidə sayılmalı və onların da varlığı qanunla qorunmalıdır. Qanundakı abidələr kimi sözügedən adların da barəsində edilən hər hansı təhrif, təhqir xalqın milli heysiyyətinə toxunmaq kimi başa düşülməli, qəbul edilməlidir. Odur ki, sözügedən Qanunun “Ümumi qaydalar” bölməsinin 6-cı maddəsinin birinci hissəsində daha bir- 6-cı bənd əlavə etməyə ehtiyac var… Və məncə, yalnız bu zaman həmin maddə tarix və mədəniyyət abidələri növlərini tam əhatə etmiş olardı.

Əlavə: “Xalqın milli xüsusiyyətlərini özündə birləşdirən, onun müəyyən tarixi dövrü ilə əlaqədar olaraq meydana gələn və meydanagəlmə tarixi ilə xüsusilə qədim olan, insan yaşayışı məskənləri, ərazi, şey və tikili adları.”

Xahiş olunur, əlavədə misal kimi çəkiləcək  konkret adlar 6-cı maddədə bir təsnifat kimi sadalandığı üçün təkrar kimi başa düşülməsin. Çünki 6-cı maddədə (əlavəyə qədər) məqsəd – bir maddi obyektiv varlıq kimi həmin abidələrlə yaranan münasibətləri hüququn predmeti etməkdir, əlavədə isə məqsəd – bir subyektiv varlıq (qeyri-maddi), gerçəkliyin ifadəsi kimi həmin abidələrlə əlaqədar yaranan ad- ların özlərini bir anlayış olaraq (məs. “Qız Qalası” adını) yeni bir institut kimi hüququn predmeti etməkdir. Ola bilsin bu təklifə irad tutulsun ki, ad bir anlayış kimi maddiləşməmişdir, 6-cı maddədə isə, yalnız maddi olan və ya ifadəsi maddiləşdirilmişlərdən söhbət gedir. Lakin bu düzgün izah olmazdı. Ona görə ki, bu ad -lar gerçəklikdə olanı ifadə edir. Bəs onda biz bu cür xüsusi ad-ları milli sərvət kimi qiymətləndirməkdə haqlı deyilikmi? Məncə, haqlıyıq.

Digər baxımdan, belə xüsusi ad ların rəsmi sənədlərdə, folklorda ifadəsi, el arasında tanınması, yaşadılması elə əslində Qanunda (6-cı maddənin 1-ci hissəsinin 5-ci bəndi) nəzərdə tutulan səs və musiqi yazıları kimi onların ifadəsinin maddiləşdirilməsidir ki, sadəcə, bunu Qanunla tanımaq lazımdır.

Tarixən bizə acı dərs olan bəzi özbaşınalıqların qarşısının alınmasından ötrü Qanunun “Tarix və mədəniyyət abidələrinin qorunmasının təmin edilməsi, abidələrdən istifadə qaydası və şərtləri” bölməsinin 25 və 26-cı maddələrinə uyğun aşağıdakıları əlavə etmək vacibdir:

  1. 25-ci maddəyə ikinci hissə kimi: “Tarix və mədəniyyət abidələri adlarının dəyişdirilməsi və təhrif edilməsi səlahiyyətindən asılı olmayaraq bütün şəxslər üçün qadağandır.” cümləsi əlavə edilsin.
  2. 26-cı maddəyə ikinci hissə kimi: “Nəşr əsərlərində, hər cür yazılarda, çıxışlarda bu adların düzgün getməməsi və düzgün ifadə olunmaması üçün onların bərpa məsuliyyəti nəşr orqanlarının, ifadə, icra edən şəxslərin üzərinə düşür. Dəyişdirilmiş və ya təhrif edilmiş bu adlar, üzərinə onların bərpası məsuliyyəti düşən şəxslərin öz hesablarına əvvəlki hallarına qaytarılır.” sözləri əlavə edilsin.

Beləliklə, heç bir hüquqi və fiziki şəxs bu qanunu pozmağa cürət belə etməməlidir. Çünki xalq kimsəni, hətta qanunverici orqanı belə özünün heysiyyətinə toxunmağa vəkil etməmişdir və bu, ola da bilməz.

Aqil insan unutmamalıdır ki, ən böyük hesabat nəsillər qarşısında verilən hesabatdır. Biz ən böyük hesabatda səhv etməməliyik. Bu əlavə, məhz həmin hesabatın uğurunu təmin etməkdə ciddi iş olardı.

Həmin təklif eyniadlı – “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında” SSRİ Qanununun layihəsinin (“Kommunist” qəzeti 18.06.1976-cı  il)  24  və 25-ci maddələrinə müvafiq olaraq əlavə edilməsi barədə eyni məzmunlu təkliflər SSRİ Ali Sovetinin Rəyasət Heyətinin katibliyinə göndərilmiş, lakin buna cavab alınmamışdır. Respublika hakimiyyət orqanları isə bu təklifi əhəmiyyətsiz hesab etmişlər. Bu təklif, əslində, xüsusi bir məqsəddən qaynaqlanmışdır. Məqsəd isə qanunun qəbulundan sonra dəyişilmiş, xalqın milli mənliyinə dəxli olmayan adların ləğvini tələb etmək, xalqın milli xüsusiyyətlərini yaşadan tarixi adları, o cümlədən Gəncə şəhərinin adının bərpasına nail olmaq (o vaxt Gəncənin adı Kirovabad idi) olmuşdur.

 Bayrağımız – özəl nişanımız, simvolumuz

AZƏRBAYCAN  DÖVLƏTİNİN  ANAYASASINDAN  ÇIXARIŞ  (LAYİHƏ):

«Maddə 24. Azərbaycan  Dövlətin simvolları

  1. Azərbaycan Dövlətinin dövlət rəmzləri Azərbaycanın Dövlət Bayrağı, Azərbaycan Dövlətinin Dövlət Gerbi və Azərbaycan Dövlətinin  Dövlət  Himnidir.
  2. Çağdaş dövlət rəmzlərində insanlığın əski dövrünə aid, dini, etnik, kriminal qrup işarələri məhdud anlamlı və elmə zidd olmaqla, yeni dünya görüşü-milli, demokratik, dünyəvi, bərabər hüquqlu, liberal dəyərli yaşam tərzinə uyğun, olmadığından qəbul oluna bilməz. Bu gün sivil dövlət və toplum etnik, dini, kriminal əsasla deyil, vətəndaşlıq əsasıyla formalaşır.

III. Azərbaycan Dövlətinin Dövlət  Bayrağı  al qırmızıdır.

Bayrağın ortasında və hər iki üzündə ağ rəngli, bayrağın həcminə uyğun nisbətdə iri aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti  1:2-dir.

  1. IV. Azərbaycan Dövlətinin Dövlət Bayrağının və Azərbaycan Dövlətinin Dövlət Gerbinin təsviri, Azərbaycan Dövlətinin Dövlət Himninin musiqisi və mətni Anayasa qanunu  ilə müəyyən edilir».
  2. Azərbaycan Dövlət Gerbində bütün qurucumillətlərin, xalqlarınadları sadalanır.

24-cü maddəyə şərh:

Al- qırmızı rəngli, iri aypara və səkkizguşə ulduzlu Bayrağımız Azərbaycan Demokratik Respublikasının Müvəqqəti Hökuməti tərəfindən 1918-ci il, 21 iyunda qəbul edilən ilk, lakin sonradan 1918-ci ilin noyabrında, 1-ci Danya savaşında Mudros müqaviləsinə əsasən, Osmanlı Dövlətinin yenilməsilə qalib haqqı qazanan İngiltərənin, qalib dövlətlər adından Bakıya gələcək hərbi gücünün komandanı general Tomsonun hələ Ənzəlidəykən (İran) Azərbaycan Xalq Cümhuriyyəti haqqında istiqlalımızı təhdid edən, varlığını sual altında qoyan “Mən Türkiyə intriqası ilə yaradılan bir dövlət tanımıram” (“Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası”, Nəsiman Yaqublu, Bakı,”Kitab klubu”, 2013, səh.422-423) məzmunlu bəyanatı, Cümhuriyyətimizin mahiyyətinə varmadan, bu bayrağın Osmanlının bayrağı ilə oxşar olması kimi əsassız mövqeyindən irəli gələn məcburiyyət qarşısında, general Tomsonu münaqişəsiz qarşılamaq üçün (bu olay 17 noyabr 1918, Bakl,Dəniz Vağzalında baş vermişdir) hazırkı üç rəngli bayraqla əvəz edilmişdir. Bu qərar zamanına görə əlbəttə ki, düzgündür.

Üçrəngli Bayrağımız Cümhuriyyət böyüklərimizin çağa uyğun oluşdurması olsa da, lakin dünyəvi bir dövlətin simvolunda dini əks etdirən əlamətin olması dünyəvi dövlətin öz mahiyyətinə və elmə zidd olduğundan yolverilməzdir, ona görə də bu antoqanist ziddiyyət aradan qaldırılmalıdır. Yoxsa biz dövlət hesabına cəhaləti də dövlətçiliyimizlə birgə yaşatmış oluruq (?!) ki, bu da elmə və inkişafımıza ən ciddi əngəl olardı, çünki din milləti qabağa aparan inkişaf təkərinə soxulan payadan başqa bir şey deyildir.

İndi isə vaxtilə milli, suveren iradəmizi təhdid etmiş bu əsassız ingilis faktorunun aradan qalxması ilə ilk bayrağımız yenidən bərpa edilir. İlk Bayrağımız Azərbaycan Demokratik Respublikasının Müvəqqəti Hökuməti tərəfindən 21 iyun 1918-ci ildə Gəncədə yaradılmışdır. Üçrəngli Dövlət Bayrağımız isə  Azərbaycan Demokratik Respublikasının Müvəqqəti Hökuməti tərəfindən 9 noyabr 1918-ci ildə, ingilislərin əsassız mövqeyindən irəli gələn məcburiyyət qarşılığında, Cümhuriyyətin varlığını sual altına qoya biləcək böhrandan saqınmaq, yan keçmək məqsədilə Bakıda yaradılmışdır.

Türk dövlətçiliyinin, dünyəviliyin, mübarizliyin və çağdaşlığın simvolu olan al qırmızı rəngli, iri aypara və səkkizguşə ulduzlu ilk Bayrağımız Azərbaycanın milli birlik gərəyindən doğan, məzmunca çağdaş və heç bir dartışmaya səbəb ola bilməyəcək bir simvoldur.

Üçrəngli Bayrağımızsa (türklüyün və islamın nişanları)… həm də bu maddənin II hissəsinin məntiqindən irəli gələ biləcək, düşmənlərin içimizdəki yadmeyilli ünsürləri körükləməklə bizi hər vaxt içdən vura biləcəyi bəhanəni verə biləcək, etnik və dini məzmunlu dartışmaya səbəb ola biləcək, düşmənlərə gərəkən anda işə salına, partladıla biləcək və dövlət  qurluşumuzu dağıda biləcək mina effektli keyfiyyətin daşıyıcısıdır…

Bildiyimiz göy, mavi rəng türklərin şamançılıq, tanrıçllıq, tenqriçilik kimi panteist, uydurma düşüncəsinin, yaşıl rəng isə uydurma olduğu qədər də mürtəce olan, dünyəviliyi, çağdaşlığı inkar edən, toplumun varlığını şərtləndirən, onun atributu, var olmasının doğal şərti olan millətçiliyi (ərəbdən başqa) öz içində əritməklə yox edən, ərəbə assmilə edən Bədəvi ərəbin 1400 il qabaqkı düşüncəsi olan Ərəb İslam ümmətçiliyinin simvoludur.

Əlbəttə, bunların hər ikisi bu gün bizim üçün əzizdir, çünki hər ikisi milli, tarixi dəyərimiz sayılır, lakin bunlardan Ərəb İslamı tarixən bizə zorla sırınmışdir. Bu gün sivil dövlət və toplum etnik, dini, kriminal əsasla deyil, vətəndaşlıq əsasıyla formalaşır.

Ancaq, yeni çağ dünyəviliyin, vətəndaşlığın otruşduğu, İnsan və vətəndaş hüquq və azadlıqlarının qloballaşdığı bir vaxtda al qırmızı rəngli, iri aypara və səkkizguşə ulduzlu ilk milli Bayrağımız daşıyıcısı olmaq istədiyimiz mübahisəsiz, şərtsiz, vətəndaş əsaslı, üstün dəyərlərə daha yğundur.

Məmmədxan Əzizxanlı, 

 sabiq prokuror, əmək veteranı,azizxanli.mammedxan@gmail.com

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!