Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyul 2026 / 09:37

YALNIZ YÜKSƏK ALİMLİK DƏRƏCƏSİNİN TƏSDİQİ OLMAYAN SƏNƏD- AKADEMİKDƏN TƏBRİK!

…Qabiliyyətli və çalışqan doktorantlarımdan olan Fəridə Vəliyeva dissertasiyasını 2023-cü ilin iyununda müdafiə etmişdi, amma məni diplomu ilə sevindirməyə 2026-cı ilin 3 iyulunda gəlib çıxa bildi.
Ali Attestasiya Komissiyası ilə Nizami muzeyinin arası beşcə dəqiqəlik yoldur, Fəridə sənədini alan kimi birbaşa mənimlə görüşə tələsmişdi, mən də mərkəzdən xeyli aralıdakı vacib bir tədbirdən çıxaraq özümü tez çatdırdım ki, bu xoşbəxt günündə onunla həyatının böyük fərəhini ilk bölüşən olum.
Fəridə Vəliyevanın “ XIII–XV ƏSRLƏR TÜRKDİLLİ POEZİYADA FOLKLOR MOTİVLƏRİ VƏ EŞQ PROBLEMİNİN TƏQDİMİ PRİNSİPLƏRİ” adlı doktorluq dissertasiyasının müdafiəsi uğurlu keçmişdi, həmin məclisdə elmi məsləhətçi olaraq təbii ki, mən müsbət dəyərləndirməmi dilə gətirmişdim, opponentlər də əsər haqda yüksək fikirdə idilər, müzakirə də qənaətbəxş keçmişdi.
Ancaq Fəridəni qəfil haqlayan səhhət böhranları, xaricdə təcili əməliyyata yola düşməsi imkan verməmişdi ki, sənədlərini vaxtındaca Ali Attestasiya Komissiyasına təqdim etsin.
Həyat uğrunda mübarizə hərdən vadar edir ki, hətta ən vacib olan çox mətləbləri də arxa sıraya atasan.
Fərtidənin sağalaraq Bakıya qayıdışı uzun çəkdi. Əməliyyatlar sıralandı. Hətta bir ara ruhdan düşən kimi idi: “Yazdığımı yazmışam, müdafiəmi etmişəm, bəlkə heç özümü artıq əziyyətə salıb sənəd ardınca getməyim? Hələ heç tam sağalmamışam, hələ bir neçə dəfə də xaricdə əməliyyat olunduğum klinikaya məsləhətləşmələrə getməliyəm”.
Fəqət hər dəfə mən Fəridəni ruhlandırmağa, həvəsdən düşməməyə səfərbər etməyə çalışırdım, hər şeyin yaxşı olacağına inandırmağa səy göstərirdim.
Səhhət narahatlıqları tam arxada qalandan sonra tövsiyyə etdim ki, AAK sədri professor Famil Mustafayevin qəbuluna yazılsın, görüşsün, başından keçənləri söyləsin, hökmən onun vəziyyətinə həssaslıqla yanaşılacaq.
Belə də oldu. Sənədlərini AAK-a müdafiədən həddən artıq gec təqdim etməsinə baxmayaraq itirdiyi illərin səhhət uğrunda mübarizələrlə əlaqədar olmasını nəzərə alaraq güzəştə getdilər, ekspertizalar zamanı isə onun həqiqətən arzusunda olduğu elmi dərəcəyə layiqliyinə şahid kəsildilər.
Odur ki, bu anda mən bir daha həm Famil müəllimə, həm də onun komandasına minnətdarlığımı ifadə edirəm!
Bizim Fəridə Vəliyeva həm də Fəridə Hicrandır – şairədir.
Şeirə bağlılığı, təbinin olması isə köklə, əsillə, qanla bağlıdır.
O, Xan qıızı Natəvanın nəslindəndir.
Fəridə xanım Mehdiqulu xan Vəfanın kötücəsi olan Çərkəz bəy Şərifovun nəvələrindəndir, Xurşidbanuya həsr etdiyi ayrıca bir poeması da var.
Xurşidbanu özünə “Natəvan” – özünə “gücsüz”, “taqəqi olamyan” kimi yorğun təxəllüs götürsə də, taleyin və dövranın çox sıxıntıları qarşısında mərd-mərdanə dayanaraq nə qədər qüvvətli bir şəxsiyyət olduğunu sübuta yetirdi.
Qarşılaşdığı çətinliklərdən usanmayaraq inadla məqsədinə doğru irəliləmiş, elə ulu nənəsi kimi tavansız deyil, geclü olduğunu sübut etməyi bacarmış doktorantım Fəridə Vəliyevanın əllərimdə tutduğum doktorluq diplomu məndən ötrü yalnız yüksək alimlik dərəcəsini təsdiqləyən bəlgə deyil, həm də bir dözüm, dəyanət, sınmamaq, sönməmək sənədidir.
Gözünü aydın olsun, Fəridə xanım!
Rafael Hüseynov,
Akademik
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!