Büdcə vəsaitlərinə qənaət məqsədilə kommunal, yaşıllaşdırma, su təsərrüfatı və digər xidmət sahələrində ixtisarlar aparılır.
Tezadlar.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat son illərdə büdcə vəsaitlərinə qənaət məqsədilə kommunal, yaşıllaşdırma, su təsərrüfatı və digər xidmət sahələrində ixtisarların aparıldığını, bu sahələrə ayrılan yanacağın miqdarının bir neçə dəfə azaldıldığını da bildirib.
Onun sözlərinə görə, bunun nəticəsində tullantıların yığışdırılması, yaşıllıqların qorunması və suvarılması, ərazilərdə təmizliyin təmin edilməsi xeyli çətinləşib.
“Min zəhmət bahasına əkilib-becərilən yaşıllıqlar sıradan çıxmaqda, çox sayda ağaclar qurumaqdadır”, – deyə deputat qeyd edib.
T.Rzayev bu vəziyyəti müşahidə etmək üçün Bakı-Gəncə magistral yolunun kənarında salınmış yaşıllıqlara və quruyan ağaclara nəzər salmağın kifayət etdiyini bildirib.
Komitə sədri büdcə vəsaitlərindən səmərəli istifadə olunması istiqamətində səlahiyyətli qurumlar tərəfindən həyata keçirilən tədbirləri təqdir etdiyini bildirib. Bununla yanaşı, səsləndirdiyi məsələlərə də diqqət yetirilməsini xahiş edib.







