Bayram ərəfəsində kiberdələduzluq hallarına qarşı daha da diqqətli olaq.
Son günlər sosial şəbəkələrdə “onlayn mağaza” adı altında fəaliyyət göstərən bəzi səhifələrin “xüsusi bayram endirimi”, “məhdud sayda məhsul”, “yalnız bu gün üçün kampaniya” kimi cəlbedici elan və paylaşımlar vasitəsilə vətəndaşları aldadaraq pul vəsaitlərinin mənimsənilməsi faktları qeydə alınır.
Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial media hedabında məlumat verib.
Nazirlik bununla bağlı bəzi tövsiyələr verib:
Tanımadığınız, rəsmi qeydiyyatı və etibarlılığı şübhə doğuran səhifələr vasitəsilə alış-veriş etməyin;
Məhsulu faktiki olaraq görmədən və satıcının etibarlılığından əmin olmadan təqdim edilən bank kartlarına əvvəlcədən pul köçürməyin;
Şəxsi məlumatlarınızı, bank kartı rekvizitlərini, kartın üzərindəki CVV/CVC kodunu və birdəfəlik təsdiq şifrələrini üçüncü şəxslərlə paylaşmayın;
Alış-veriş zamanı yalnız rəsmi sayt və platformalardan, ödəniş təhlükəsizliyi təmin olunan sistemlərdən istifadə edin.
***
Odur ki, siz də nazirliyin tövsiyələrinə əməl edin ki, bayramqabağı “hədiyyə” qazanmaq əvəzinə, pul qabınız dələduzların əli ilə boşaldılaraq məyus olmayasız. Necə deyərlər, irəli düşmək istəyib, geri düşməyəsiz.
JASMİN