Bəli, yeni Vergi Məcəlləsinin hazırlanması gündəmdədir və bu prosesə ötən ildən başlanılıb. İlk mərhələdə vergi orqanının rəsmi internet səhifəsində xüsusi bölmə yaradıldı və ictimaiyyətə, vergi ödəyicilərinə yeni Məcəllədə hansı dəyişikliklərin edilməsini istədikləri barədə açıq çağırış edildi.
TEZADLAR.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva KİV-ə müsahibəsində deyib.
O, qeyd edib ki, bu çərçivədə mövcud Vergi Məcəlləsində hansı müddəaların artıq aktual olmadığı, biznes mühitinə mane olduğu və optimallaşdırılması lazım gəldiyi barədə rəy və təkliflər toplandı.
“Bununla yanaşı, iri holdinq şirkətlərinə və biznes subyektlərinə müraciət edilərək onların yeni Vergi Məcəlləsinə yanaşmaları və ictimai iştirakçılığın təmin olunması ilə bağlı fikirləri öyrənildi. Həmçinin, bazarda xüsusi çəkisi olan konsaltinq şirkətlərinin rəyləri toplandı. İlkin mərhələdə ictimaiyyətin və vergi ödəyicilərinin aktiv iştirakçılığı müşahidə olundu və bu, yeni Vergi Məcəlləsinin hazırlanmasında əsas prinsiplərdən biri kimi nəzərə alınacaq. Hazırda biznes assosiasiyaları və sahibkarlıq subyektləri ilə sektoral və ümumi müzakirələr davam etdirilir.
Yeni Vergi Məcəlləsinin əsas məqsədlərindən biri vergi qanunvericiliyinin daha anlaşılan olması, sahibkarlıq mühitinin inkişafını dəstəkləyən optimal vergi yükünün müəyyən edilməsi və iqtisadi artımı təşviq edən vergi alətlərinin tətbiqidir. Beynəlxalq təcrübə araşdırılıb və strateji hədəflərə uyğun olaraq iqtisadi inkişafı dəstəkləyən vergitutma mexanizmlərinin formalaşdırılması istiqamətində geniş təhlillər aparılıb.
Yeni Məcəllədə əsas diqqət sahibkarlığın inkişafına yönəldiləcək. Xüsusilə, mikro və kiçik sahibkarlıqdan orta sahibkarlığa keçidi təşviq edən vergi siyasəti alətləri geniş tətbiq olunacaq. Reinvestisiyaların stimullaşdırılması, biznesin mənfəətinin yenidən inkişaf üçün istifadə edilməsinin təşviqi və dolayı vergilər hesabına dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi əsas prioritetlərdən biridir.
Bundan əlavə, beynəlxalq vergi təcrübəsi nəzərə alınaraq ekoloji dayanıqlığın təmin edilməsi, karbon emissiyalarının azaldılması və ekoloji vergilərin tətbiqi məsələləri də müzakirə olunur. Xüsusilə, karbon emissiyası yüksək olan sektorlar üzrə sahibkarlıq subyektləri ilə məsləhətləşmələr aparılır. Eyni zamanda, vergi təşviqlərinin yenidən çeşidlənməsi və hədəfli təşviq mexanizmlərinin tətbiqi nəzərdə tutulur.
Qeyd edim ki, ötən il Vergi Məcəlləsinə edilən mühüm dəyişikliklərdən biri strateji investisiya layihələri və dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən iri investisiya layihələri üçün vergi güzəştlərinin tətbiqi oldu. Xüsusilə, bərpa olunan enerji mənbələrindən istifadə etməklə elektrik enerjisi istehsal edən vergi ödəyicilərinə əhəmiyyətli vergi güzəştləri təqdim edildi. Ortamüddətli perspektivdə də bu cür təşviq mexanizmlərinin yeni Vergi Məcəlləsində öz əksini tapması planlaşdırılır”, – deyə DVX rəhbəri bildirib.