15 İyul 2026 / 21:25

Zidan Fransa millisinə rəhbərlik edəcək

Zinəddin Zidanın Fransa millisini baş məşqçisi Didye Deşamı əvəz edəcəyi gözlənilir

Əfsanəvi fransız futbolçusu və məşqçisi Zinəddin Zidan Dünya çempionatıdan sonra Fransa milli komandasına rəhbərlik etməyə hazırdır.

Tezadlar.az-ın xarici mediaya istinadən xəbərinə görə, 54 yaşlı mütəxəssis millinin sükanı arxasında Didye Deşamı əvəz edəcək. Zidanın milli komanda ilə müqaviləsi 2030-cu il Dünya çempionatına qədər davam edəcək.

Digər tanınmış insayder Fabritsio Romano da Zidanın Fransa millisinin yeni baş məşqçisi olacağını qeyd edib.

O, 2026-cı il Dünya çempionatında üçüncü yer uğrunda qarşılaşmanın Deşamın Fransa millisinin baş məşqçisi kimi son oyunu olacağını təsdiqləyib.

Deşam Fransa millisinə 2012-ci ilin iyul ayında rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında milli 2016-cı ildə Avropa çempionatının finalına çıxıb, 2018-ci ildə Dünya çempionatını qazanıb, 2022-ci il Dünya çempionatında ikinci yeri tutub və 2021-ci ildə Millətlər Liqasını qazanıb.

Qeyd etmək lazımdır ki, Zidan 2021-ci ildə “Real”ın baş məşqçisi vəzifəsindən istefa verdikdən sonra işsiz qalıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!