Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Tbilisidə keçirdiyi brifinqdə yeni ofisini təqdim edib və orada “prezident funksiyalarını” yerinə yetirməyə davam edəcəyini bildirib.
“Bu gün sizi Orbeliani sarayının (prezidentin iqamətgahı – RED.) davamı olan bu yeni ofisdə qəbul etmək istəyirəm. Ola bilsin ki, Orbeliani sarayına bənzəmir, amma onun canı və ruhu buradadır, prezidentin funksiyaları da buradadır və burada davam edəcək”, – Zurabişvili bildirib.
Onun sözlərinə görə, ölkə dərin böhran içindədir və bundan çıxış yolu təkrar parlament seçkilərinin təyin edilməsindədir. Zurabişvili Gürcüstan xalqı ilə görüşəcəyini, xüsusən yanvarın 10-da ölkənin qərbindəki Zuqdidi şəhərinə səfər edəcəyini bildirib.
“Mən prezidentəm, prezident də olacağam”, – o, brifinqdə qeyd edib.
Qeyd edək ki, Zurabişvilinin ofisi Tbilisinin mərkəzində, Çovelidze küçəsində yerləşir. Brifinq zamanı onun arxasında Gürcüstan və Avropa İttifaqının bayraqları ilə yanaşı, prezident standartı da olub.
Xatırladaq ki, dekabrın 29-da Gürcüstan parlamentində altıncı prezident Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçirilib. O, dekabrın 14-də Seçicilər Kollegiyası tərəfindən beş illik müddətə seçilib. Bu, Gürcüstan prezidentinin ilk dolayı seçkiləri idi. İnauqurasiya ilə paralel olaraq, Zurabişvili prezident iqamətgahının həyətində tərəfdarları ilə danışıb və onu tərk etdiyini, lakin siyasi mübarizəni davam etdirəcəyini bildirib. Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımır və özünü yeganə legitim prezident hesab edir.
E.ŞİRİNOV