33 il əvvəlin qanlı yaddaşı: Xocalı niyə qırğına verildi?

…1992-ci ilin fevralın 25-də Ağdam cəbhəsindən qara xəbərlər gəlirdi… “Həyat” (İndiki “Azərbaycan”) qəzetinin baş redaktoru Əfqan Əsgərov məni təcili Ağdama göndərdi. 656 nömrəli Bakı-Ağdam sərnişin qatarı ilə (məncə bu sərnişin qatarının son gedişi oldu) Ağdama çatdım, taksi sürücüləri dedilər ki, Xocalıda nəsə olub, hamı ora axışır… Taksi ilə əvvəlcə Ağdam Məscidinə gəldim. Axund qəhərli halda, amma təmkinini pozmadan bildirdi ki, Xocalıda adamları kütləvi qırıblar, hərbçilərimiz meyitləri gətirməyə gediblər… Qaçdım Dram Teatrın qarşısına, meydan insanlarla dolu idi. Məlum oldu ki, ermənilər Xocalıda qırğın törədiblər… Sonra xəbər gəldi ki, Abdal-Gülablı tərəfdən qar-çovğunlu dağları aşaraq sağ gələnlər var, gedirik onları gətirməyə. Mən də yollandım Ağdam-Füzuli yolunun üstündə yerləşən Gülablı “Ala qapı”sına tərəf… Gülablı istiqamətində soyuqdan tir-tir əsən insanları qarşıladıq, dərhal onları maşınlara yığıb Ağdama qaytardılar…
Sonra meyitlər yük maşınlarında məscidə gətirildi. İnsanların qışqırığı, qadınların çarəsizlikdən hayqırıb üzünü cırması… Bunlar hələ də gözümün qabağında kino lenti kimi dövr edir. Şaxtadan donmuş meyitlər məscidə daşındıqca sağ qalanların hayqırtısı ətrafdakıları göz yaşına bürüyürdü… Axşam təcili olaraq Bakıya qayıtdım. Parlament müxbiri olduğumdan ilık olaraq Milli Məclisə gəldim… Deputatlar Ayaz Mütəllibovun istefasını tələb edirdilər… Bunlar mənə siyasi dələduzluğun mənzərəsini anladırdı: faciə üstündə, qan üstündə kürsü davası… Bəzilərinə elə gəlirdi ki, Ayaz Mütəllibov istefa versə, Qarabağda axıdılan qanlar dayandırılacaq, ermənilər rədd olub yerində oturacaq… Amma Qarabağda baş verənlərin Moskvadan necə idarə olunduğunu heç kim bilmək istəmirdi… Ola bilsin bilirdilər, amma çoxluq özünü bilməzliyə vurmuşdu… Nə isə! Tarix heç nəyi unutmağa qoymur!

Asif MƏRZİLİ

Xəbəri paylaş

18 Mart