15 Noyabr 2025 / 19:15

Rusiya XİN BOK-u rusiyalı jurnalistlərə qarşı ikili standartlarda ittiham edib

Beynəlxalq Olimpiya Komitəsi öz siyasətini “ikili standartlar” üzərində qurur.

Tezadlar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu nazirliyin saytında 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunları üçün rusiyalı jurnalistlərə akkreditasiyanın verilməməsi ilə bağlı şərhində bildirib.

“BOK Qərbin rusofob siyasətinin xeyrinə Olimpiya hərəkatının prinsiplərini qulaqardına vurmağa davam edir”, – diplomat açıqlamasında bildirib.

Onun sözlərinə görə, BOK “siyasətdən kənar idman” prinsipini tapdalayıb. Zaxarova vurğulayıb ki, bu, rusiyalı jurnalistlərin böyük idman tədbirlərini işıqlandırarkən məhdudiyyətlərlə üzləşməsinin ilk halı deyil. Əvvəllər BOK ev sahibi ölkələrin mövqeyinə istinad edirdisə, indi Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, komitə müstəqil olaraq imtina üçün mövcud olmayan səbəblər uydurur.

Diplomat BOK-un imtinanın bəzi rusiyalı jurnalistlərin artıq akkreditasiya alması ilə bağlı olduğunu bildirməsini gülünc adlandırıb. Zaxarova bunu ikili standartların və Olimpiya hərəkatına zərər verən qəsdən rusofobik mövqenin təzahürü kimi qiymətləndirib.

XİN sözçüsü bildirib ki, Rusiya UNESCO, BMT və ATƏT də daxil olmaqla beynəlxalq təşkilatlardan BOK-un ayrı-seçkilik siyasətini dəqiq qiymətləndirmələrini gözləyir. Əgər bu təşkilatlar tədbir görməsələr, Moskva bunu beynəlxalq qurumların qərəzliliyi və disfunksiyasının təzahürü kimi qiymətləndirəcək.

Qeyd edək ki, olimpiada 6-22 fevral tarixlərində Milan və Kortina d’Ampezzo şəhərlərində keçiriləcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!