Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, bu gecə saat 02:20 radələrində Lökbatandakı “Qobu-1” köçkün şəhərciyindəki binaların birinin 7-ci mərtəbəsində güclü yanğın və ardınca partlayış baş verib (Fotoda təqdim edilir). Nəticədə 4 nəfər- 9-cu mərtəbədə bir ana və 2 körpə uşaqları, eləcə də 7-ci mərtəbədə bir nəfər tüstüdən boğularaq ölüblər.
Az əvvəl “Təzadlar”ın hadisə yerində olan əməkdaşı sakinlərlə söhbətlərindən öyrənib ki, “Qobu-1” köçkün şəhərciyindəki binalardan birinin 7-ci mərtəbəsindəki partlayış və ardınca yanğın nəticəsində 9-cu mərtəbədə yaşayan bir ailənin üç üzvü-ana və 2 körpəsi tüstüdən boğularaq ölüb. Bunun necə baş verdiyi də sual doğurur. Axı 7-ci mərtəbədəki tüstü necə olub ki, 9-cu mərtəbədəkiləri boğub?
Hazırda hadisə yerində SOCAR-ın əməkdaşları, eləcə də prokurorluq və polis işçiləri, həkimlər çalışırlar. Hadisənin qaz sızmasının səbəb olduğu tam aydındır. Partlayış səbəbindən mənzildən kənar sahələrin şüşələri dağılıb, kərpic arakəsmələr çatlayıb.

Qeyd edək ki, bu gecə saat 03:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 1” yaşayış massivində partlayış baş verməsi səbəbilə çağırış daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hadisə yerində isə 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir. 1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.
A.Məmmədli