Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Oxucuların müraciəti və xahişi ilə “Ömürdən yarpaqlar” kitabının tam versiyasını hissə-hissə təqdim edirik:
(Əvvəli ötən buraxılışda)
https://tezadlar.az/memmed-arazli-xatireler-omurden-yarpaqlar-gulxanim-feteliqizi-8-ci-hisse/
15-16 oktyabr – Ağayar müəllim telefonda öz fikirlərini belə bildirdi:
– Gülxanım müəllimə, Məmməd yaxşı edib ki, vaxtilə elə şeirlər yazıb. Bütün şairlərə qulaq asıram. Boş hay-küydür. Bəxtiyar çıxışında dedi ki, zaman özü göstərəcək kim tarixdə qalacaq, zamanın işinə qarışmaq olmaz.
Ağayar müəllim bizə can sağlığı arzulayıb telefonu qoydu.
Abdulla Qurbani bizi evinə dəvət etmişdi. Söhbət ordunun vəziyyətindən düşdü, söhbətdən məlum oldu ki, Əliyev gələnə kimi ordunun vəziyyəti çox pis idi. Əsgərlərin qarnı ac, paltarı nazik. Nazirlikdə isə pula “ulduz” paylanırdı…
Indi Əliyevin nəfəsi duyulur, “əl-ayaqlarını yığışdırırlar”. Əsgərlər vuruşmaq, öz torpaqlarını azad görmək istəyirlər.
Abdulla Qurbani xəbər verdi:
– Mən bu saat nazir müavininin yanından zəng edirəm. 18 oktyabr Azərbaycanın müstəqilliyini elan etdiyi gündür. Burda danışmışıq ki, Bakı zabitlər evində həmin gün Məmməd müəllimlə görüş keçirək. Min nəfərlik yerdir. Bakı qarnizonlarından əsgərləri və zabitləri ora yığmaq olar. Nə deyirsən, Gülxanım bacı?
– Abdulla, Məmməd bu saat işdədir, onunla danışsan daha gözəl olar, çünki söz sahibi odur.
İşdən qayıdanda soruşdum:
– Qurbaniyə razılıq verdinmi?
– Yox, gündə görüş olmaz ki.
Evimizə baxmağa gələn usta dedi:
– Elə hər gecə televizorda Məmməd Arazın şeirlərini söyləyirlər, amma yaşadığı evə bax.
17 oktyabr – Saat 6-da Kooperativ Texnikumunun hazırladığı görüşə getdik. Görüş Məmmədin 62 yaşı münasibətilə təşkil olunmuşdu. Gecəni Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə xanım açdı. O gecədə Xalidə Hasilova, Nəriman Həsənzadə, Əmir Mustafayev, Əmir Pəhləvan və tanımadığım xeyli adam verdı.
Söz Nərimana verildi:
– Mən və Məmməd işsiz idik. Belə qərara gəldik ki, rəhmətlik Əli Vəliyevin yanına gedək, ondan kömək istəyək. Yazıçılar İttifaqında iclas idi. Mən orada çıxış etdim. Dedim ki, məni və Məmmədi yarımştata Vyetnama vuruşa göndərin, işsizik, qoy orada yarımştata vuruşaq. Onda Məmməd yerindən söz atdı, Nəriman, bizi vuruşa da göndərməzlər. Elə bilərlər ki, biz orada şöhrətlənərik, bunlar geri qalarlar.
Xalidə Hasilova çıxışında Məmmədi qüdrətli şair adlandırdı. Gecədə Məmmədin şeirləri səsləndi.
Söhbətimiz çevrilib Elmira Qafarovanın üstünə gəldi. Dedim ki, Elmira 90-cı ildə qorxmadan rusların törətdiyi cinayətə etirazını bildirdi, ancaq onu bizimkilər gözümçıxdıya saldılar.
– Kim bilərdi ki, SSRİ dağılacaq, xalqlar rusların boyunduruğundan xilas olacaqlar. Bir iş də var. Rusların fitnəsi arxada da qala bilər. Bu saat 500 min rus Azərbaycanda qalıb, onları “qorumaq” bəhanəsi ilə yenə də qoşunlarını tökə bilərlər.
Oturub Mikayıl Mirzənin seçicilərinə məktub yazdı. Sonra da deputat seçilmək istəyənlərin çıxışlarına qulaq asmağa başladı.
– Onların nəyinə qulaq asırsan?
– Deputat olacaqlarımızın səviyyəsini öyrənmək istəyirəm.
23 oktyabr – Axşam saat 10-a işləmiş Mikayıl Məmmədin yazdığı məktubu aparmağa gəldi.
– Mikayıl, bax, qardaşın sənin haqqında nə gözəl sözlər yazıb.
Mikayıl məktubu oxudu:
– Bu sözləri ancaq Məmməd yaza bilər. Beyindi, ha!
Sonra əlavə etdi:
– Əgər televizorda çıxış etsəm bu misalı deyəcəyəm. Bir dəfə Əmir Nizami ilə gəzməyə çıxmışdı. Bir səhrada qarşılarına üç kəllə çıxdı. Əmir dedi ki, ya Nizami, özünü hər şeydən hali sanırsan. De görək bu kəllələrin sahibləri necə adamlar olub.
Nizami bir çubuq götürüb saldı birinci kəllənin qulağına, çubuq qulaqdan içəri keçmədi. İkinci kəllənin bu qulağından girib, o biri qulağından çıxdı. Üçüncü kəllənin qulağına girən çubuq geri çıxmadı. Nizami üzünü Əmirə tutdu. Əmir həzrətləri, birinci kəllənin qulağına çubuq girmədi, deməli, sözlər də onun kəlləsinə çatmır. İkincisi deyilən sözü bu qulağından alıb, o biri qulağından ötürən olub. Üçüncüsü isə sözləri qulağında sırğa kimi saxlayan olub. Belə adamlar xalqın qeydinə qalan olur. Mən də belələrindənəm. Ağsu camaatı, sizin dərdlərinizi Milli Məclisə çatdıranlardan olacağam.
Söhbət Xəlil Rzadan düşdü, Mikayıl məzəli bir əhvalat danışdı:
– Xəlilgilə həmişə içmək istəyənlər gəldiyinə görə arağı çatışmırdı. Çox vaxt turşuya qoyulmuş sirkəli suyu araq yerinə içirərdi. Bir axşam evinə iki aşıq gəldi. Mən də aşağı düşdüm. “Vodka” yazılmış şüşəni mətbəxdən tapıb gətirdi. Bizə araqdan, özünə isə konyakdan süzdü. Aşıqlardan biri qədəhi içib dedi ki, bu araq deyil, “Borjomi”yə oxşayır. Biz də içdik, duzlu suya oxşayırdı. Xəlil özü də içdi. Birdən Firəngiz qışqırdı:
– Eviniz tikilsin, içdiyiniz şəkilləri aşkarlayıcı dərmandır. Mən yaman qorxuya düşdüm. Azdramın fotoqrafına zəng edib hadisəni danışdım. Soruşdu ki, içdiyiniz nə rəngdədir? Şəffafdır, – dedim. Onda qorxmayın, içdiyiniz “proyavitel” yox, “okrapitel”dir. Yoxsa ölərdiniz. Bir az özümüzə gəldik. Hə, Xəlil rəhmətliyin belə işləri də vardı.
Məmməd Mikayıla məsləhət verdi ki, televiziyada danışanda sənətkarların da əsl siyasətçi olduğunu söyləsin.
26-27 oktyabr – Arada Məmmədin başına gətirilən hadisələrə qayıdırdıq…
– Özün bilirsən ki, həyatımızda qara günlər ağ günlərdən yüz dəfə çoxdur. Hər vəchlə mənə mane olduqlarının şahidisən. Əməkdar incəsənət xadimi adını o vaxt verdilər ki, bundan o tərəfə yoxdur. Dövlət mükafatını da İsmayıl Şıxlının təkidi ilə verdilər. Qalan bütün adları bir ayağım qəbirdə olanda aldım.
– Cabiri üçüncü katib qoyanda söz çıxartdılar ki, “Ulduz” jurnalına səni redaktor qoyacaqlar. Amma ayrısını qoydular.
– Yadımdadır.
– Hə, Azad Şərifov (o vaxt mətbuat Komitəsinin sədri) məni çağırıb bəhanə gətirdi ki, guya naxçıvanlı olduğuma görə söz-söhbət olar. Bunlar bəhanə idi. Mənim azad fikirlərim onların xoşuna gəlmirdi. Deyirdilər ki, dilini dinc qoymur.Mənimlə bərabər sən də az çəkməmisən.
“Əslində Vətəndaşlıq şeirlərim “kimlərəsə” xoş gəlməyib. Mən onları bir umu üçün yazmamışam. Bunlar ürəyimin səsidir, harayıdır. Eşidilibsə, nə yaxşı. Eşidilmirsə, deməli, ucadan deyə, ya da yaxından pıçıldaya bilməmişəm. Bu az ömürdəki imkanımdan az iş görmüşəm, sarsıntım çox olub, arzumun səviyyəsinə qalxa bilməmişəm.
Hərdən, ey dünya, haraylayıram. Qalan ömrümdə mənimlə işin olmasın. Gündüzümə artıq işığını, gecəmə artıq ayını istəmirəm.
Üzümə gülənlə, rəddimi qazanı bir geyimdə mənə tuş eləmə… “
Baxın, bir baxışla kim bunu anlar:
Düşmən qılıncında – bir dost əlidir!
Təbrikə, təhrikə mahir olanlar
Güdaza verməyə səriştəlidir!
İlahi, nə çoxmuş çayırkimilər!
Ayıqlar qütbündə ayıqkimilər…
Mən də aldanıb həm “Etimad”, həm də “Vahid” banka pul qoymuşdum. Səhər təzədən qeydiyyatdan keçmək üçün getməli idi. Məmməd məzələndi:
– Keçmişdə bir kişi 100 adam öldürdükdən sonra Allahdan əhv diləyir. Səda gəlir ki, qarpız, yemiş bostanı sal, yol ilə keçənlərə payla. Kişi elə də edir. Yol ilə keçənlərdən biri qarpızdan imtina edir. Sahib çox israr edir ki, qarpızı mütləq yeməlidir. Yolçu isə yemir. Qarpız sahibi onu öldürüb deyir, 100-nü öldürmüşəm, bu da olsun 101-i. İndi sən də çox pul itirmisən. bu da olsun 101-i, gedib növbədə durma.
29-31 oktyabr – Radioda matəm marşı çalınırdı. Səbəbini bilmirdik. Sonra metroda baş verən faciədən xəbər tutduq. Məmməd dayanmadan, yazıq ölənlər, deyirdi. Bütün bu hadisələr camaatın biganəliyindən, saymamazlığından, hakimiyyət üstündə davalarından başlarına gəlir, birlik yoxdur, rəhbərə kimliyindən asılı olmayaraq kömək etmək lazımdır, hərə çəkilib bir yana öz işilə məşğuldur. Bu xalqın tamah dişini qoparmaq mümkün olsaydı…
“Bu xalqın dişi daş gəvələyir” – misrasını da əlavə etdi.
Məmməd: – S. Vurğun həmişə deyərdi ki, kiçik xalqın böyük şairi olmaqdansa, böyük xalqın kiçik şairi olmaq şərəflidir. İttifaqa rəhbərlik üstündə İmran Qasımovla Mirzə İbrahimov çəkişərdi. İslam Səfərli də zarafatla deyərdi:
– Heç bilmirəm hansına daha çox yaltaqlanım.
Axşam dil məsələsindən danışılırdı. Məmmədin fikirləri:
Öz ana dillərində təhsil almağı bədbəxtlik sanırdılar. Ana dilini öyrənmək nə vaxtdan bədbəxtlik sayılır. Bizim faciəmiz də bax, elə buradan başlanır.
Mən qətiyyən rus dilinin, ümumiyyətlə, başqa dillərin əleyhinə deyiləm. Başqa dilləri bilmək vacibdir, öz dilini bilməmək isə ən azı qeyrəsizlikdir.
“Fars müğənnisinə” şerimi uzun müddət çap etmədilər…
Kəlamının bal duzudur
ən böyük varın
Bu ləhcənlə bülbüllərlə dəyişə bildin.
Türk atalı, türk analı hökmdarların
Bu lisanla lisanını dəyişə bildin.
Firdovsinin nə günahı?
Səsi uludur!
Xumarlıqdan kar olanın qulağını qaz!
Bir oğul ki, ana dili üzüquyludur,
O, şahı, abbası olar, Şah Abbas olmaz.
Təqdim etdi: Asif MƏRZİLİ